Aprelin 25-də Qazax Rayon Mərkəzi Kitabxanasında jurnalist, şair, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin (1952-1991) anadan olmasının 60 illiyi münasibətilə “Dəli bir ağlamaq keçir könlümdən” adlı xatirə gecəsi keçirildi.
   
   Rayon Mədəniyyət evində keçirilən tədbiri Yazıçılar Birliyinin Qazax filialının sədri Barat Vüsal açaraq qeyd etdi ki, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qurbanı olan minlərlə vətən oğullarından biri Alı Mustafayev istedadlı jurnalist, xeyirxah, səmimi insan idi. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Xasay Balayev, Aşıq Məhəmmədəli Məşədiyev, Qazax Rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Pəri Məmmədova, jurnalist Sərhəd Məmmədov, Müəllimlər İnstitutunun müəllimi, keçmiş hərbiçi, şair Mustafa Rasimoğlu, yazıçı-jurnalist Firdovsi Heydərli, jurnalist Qürbət Qazaxlı, Ağstafa məscidinin axundu Hacı Muradxan istedadlı jurnalist, cəsarətli vətən oğlu Alı Mustafayev haqqında kövrək xatirələrini söyləyiblər.
   Afət Telmanqızı, Tamella Poladlı, Bilal Qoca, Taleh Mansurov və başqaları Alı Mustafayevə həsr etdikləri şeirlərini, Xanlıqlar kənd məktəbinin şagirdləri və institut tələbələri Alı Mustafayevin şeirlərindən nümunələr söylədilər. Aşıqlar Camoy Çaylı, Samir Allahverdiyev el havalarını çaldılar. Qazax Dövlət Dram Teatrının aktyorları şairin “Qərənfil yağışı” şeirini ifa etdilər. Sonda Qazax rayon MKS-nin direktoru Solmaz Babanlı Alı Mustafayevin xatirə işığına yığışan hər kəsə dərin minnətdarlığını bildirdi.