Klassik üslubda yazıb-yaradan, əsərləri ilə Azərbaycan poeziyasına töhfələr verən görkəmli şairlərimizdən biri də Ağaəli bəy Naseh olub.
   
   O, 1856-cı il sentyabrın 10-da Şamaxıda dünyaya gəlib. Baqqal ailəsində böyüyüb. Erkən çağlardan zəhmətə qatlaşıb. Ticarət işlərində atasına kömək edib. İlk təhsilini ”Üsuli-cədid" məktəbində alır, fars, ərəb dilini mükəmməl öyrənir. Eyni zamanda, rusca oxumağa da böyük həvəs göstərir. Şəhər məktəbində təhsilini davam etdirir və rus dilini öyrənir.
   İşlərinin rəvan getdiyi bir vaxtda qəflətən atası vəfat edir. Bu vaxtsız itki Ağaəlinin həyatında müəyyən çətinliklər yaradır. Ehtiyac ucundan təhsilini davam etdirə bilmir. Bir müddət Kürdəmirdə, sonralar isə Şamaxıda məhkəmə dilmancı vəzifəsində çalışır. Rus, türk, ərəb və farsca dərindən mütaliə edir. Beləliklə, təhsilini artırmağa müvəffəq olur və məhkəmədə katib vəzifəsinə irəli çəkilir.
   Ağaəli bəy Naseh erkən yaşlarından şeir yazmağa başlayır. Artıq doqquz yaşında ikən nəzmlə məktub yazır. Görkəmli maarifçi Camo Cəbrayılbəyli “Xatirələrim” kitabında ondan bəhs edərək yazır: “Ərəb və farsca biliyi o dərəcədə idi ki, istər ərəbcə, istərsə də farsca kitablara göz gəzdirib hekayə kimi nəql edərdi. Şeirlərini Sabir, Səhhət, Tərrah, Hacı İsmayıl Veysov və yaxın qohumları şeir məclislərində oxuyurdu. Firudin bəy Köçərli ilə yazışaraq öz əsərlərini ona göndərirdi. Əvvəl-əvvəl Köçərliyə kim olduğunu söyləmir. Nasehin şeirləri haqqında onun rəyini soruşur. Köçərlinin məktubunun birində “Nasehin şeirləri filhəqiqət qüvvətlidir və xoşuma gəldi” yazmasını şəxsən özüm 1912-ci ildə oxumuşam. Səhhət, Sabir, Tərrah da öz şeirlərini Köçərliyə Naseh vasitəsilə göndərir. Ancaq çox utancaq və başıaşağı bir adam olduğu üçün yazdıqlarını hələ-hələ meydana çıxarmazdı. Yalnız ən yaxın adamlar üçün oxuyardı...".
   Naseh gənc ikən Şamaxıdakı “Beytüs-səfa” şairlər məclisinin fəal iştirakçısı olur. Məhəmməd Səfa, Ələkbər Qafil, Qafar Raqib, Molla Ağa Bixud, Ağababa Zühuri, Mirzə Mahmud Zui, Mirzə Məhəmmədhəsən Nalə, Salik Şirvani kimi klassik üslubda yazan şairlərlə münasibətlər qurur. Şeir və sənətdə ən yaxın dostları Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Məhəmməd Tərrah və Məhəmməd Hadi olub. Məclislərdə oxunan şeirlərə ən düzgün qiyməti Naseh verdiyi üçün dostları onu öz aralarında Mizanüşşüəra (şairlərə qiymət verən ən düzgün tərəzi) adlandırırlar.
   Araşdırmalarda göstərilir ki, Ağaəli bəy Naseh Seyid Əzim Şirvanidən sonra Şamaxı şairlər məclisinin rəhbəri olur. Onun məsləhəti ilə Abbas Səhhət rus dilini öyrənməyə səy göstərir. Rus dilində aydın olmayan cümlələr və kəlmələrin izahı haqqında Nasehə müraciət edir. O isə hər bir sözün həqiqi və məcazi mənasını cümlə içərisində konkret misalla izah edir. Çox sonra Abbas Səhhət də bu yaxşılıqları unutmur. 1912-ci ildə məslək dostuna “Naseh” adlı gözəl bir şeir həsr edir...
   Ağaəli bəy Nasehin günümüzə qədər gəlib çıxan əsərlərinin içərisində Natəvanın məşhur qəzəlinə nəzirə olaraq yazdığı “Ölürəm” rədifli qəzəli diqqəti cəlb edir:
   
   Varımdı sinədə dərdü qəmi-nihan, ölürəm,
   Bu sirri eyləmədim kimsəyə bəyan, ölürəm.
   
   Bacardığımca qəmi-eşqi gizlədim, axır
   Kəsildi taqətü səbrü qərari-can, ölürəm.
   
   Açılmamış gül idim gülşəni-nəzakətdə,
   Bahari-ömrümü eşq eylədi xəzan ölürəm.
   
   Ümid idim çəkərəm dərdi-eşqi Naseh tək,
   Qırıldı rişteyi-ümmid nagəhan, ölürəm.
   
   Naseh bir xeyli vaxt Şamaxı divanxanasında katib vəzifəsində çalışır. Ancaq aldığı məvacib altı nəfərlik ailəni dolandırmır. Bu səbəbdən o, həm də divanxanada mirzəlik edir.
   1911-ci ildə Jurpanski adlı rus məmuru Şamaxıya qəza rəisi təyin olunur. Onun yeni divanxana rəisi Kolomentyev azərbaycanlıları çox incidir və vəzifələrindən uzaqlaşdırır. Rus məmurlarından çox haqsızlıqlar görən 55 yaşlı Naseh də işdən çıxarılır.
   Şair bir müxəmməsində dövrün haqsızlıqlarını və dünya işlərini nadanların idarə etdiyini yana-yana qələmə alır:
   
   Basıb aləmləri bidadü ədalət yoxdur,
   Qövllər kizb, əməl ləğv, sədaqət yoxdur,
   Həsədü büğzdən özgə dəxi adət yoxdur,
   Hiç bir kəsdə vəfa, sidqü dəyanət yoxdur,
   Nasəza föhşü iza, qeybətü böhtan görürəm...
   
   Camo Cəbrayılbəyli xatirələrində yazır ki, Naseh bir dəfə işdən çox əsəbi gəldi. Bildirdi ki, bu qulluq adamı lap inək edərmiş. Vicdansız Kolomentyevin üzünə tüpürüb istefa ərizəmi verdim. Həqarətdən qurtardım, başqa çarəm yox idi.
   Çox keçmir, Naseh xəstələnir və yatağa düşür, 1914-cü ildə vəfat edir.
   Ağaəli bəy Nasehin günümüzə gəlib çıxan bir neçə şeir, qəzəl və mürəbbeləri, müxəmməsləri var. Əsərlərinin bir qismi 1902-ci ildə Şamaxı zəlzələsində və 1918-ci ildə ermənilər Şamaxını yandıranda it-bata düşüb.
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar