Son illər Azərbaycanda kitab, nəşriyyat işi sahəsində nəzərəçarpacaq irəliləyişlər müşahidə olunmaqdadır. Artıq naşirlərimiz ən yüksək poliqrafik avadanlıqların ölkəyə gətirilməsinə və yüksək keyfiyyətli çap məhsullarının istehsalına maraq göstərirlər. Bu nəşrlər sayəsində ölkəmiz beynəlxalq kitab müsabiqələrində, sərgi-yarmarkalarda müvəffəqiyyətlə təmsil olunur.
   
   Bu günlərdə Azərbaycan kitabının daha bir uğur sorağı Astanadan gəlib. Kitablarımız Qazaxıstanın paytaxtında keçirilən MDB ölkələri kitab sənəti beynəlxalq müsabiqəsində bir neçə nominasiya üzrə qalib olub. Tədbirdə iştirak etmiş Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat işi, informasiya və reklamın təşkili şöbəsinin Nəşriyyat sektorunun müdiri, tanınmış şair Çingiz Əlioğlu ilə görüşüb səfər təəssüratlarını öyrəndik.
   Qeyd edək ki, Ç.Əlioğlu MDB İcraiyyə Komitəsinin «Dövri mətbuat, kitab yayımı, kitab nəşri və poliqrafiya üzrə dövlətlərarası Şurası»nın sədri və müsabiqənin münsiflər heyətinin üzvüdür. Kitablarımızın növbəti nailiyyətindən söz açan həmsöhbətimiz bildirdi ki, MDB ölkələri kitab sənəti beynəlxalq müsabiqəsi MDB İcraiyyə Komitəsinin “Dövri mətbuat, kitab yayımı, kitab nəşri və poliqrafiya üzrə dövlətlərarası Şurası”nın qərarı ilə artıq 9-cu ildir ki, keçirilir: “İndiyə kimi bu müsabiqələrdə ən müxtəlif nominasiyalarda Azərbaycan kitabı layiqli yerlər tutmuş, müxtəlif nominasiyalarda qalib gəlmiş, bir dəfə isə müsabiqənin baş mükafatına, “Qran-pri”yə layiq görülmüşdür. Mayın 24-25-də Astanada keçirilən IX Beynəlxalq Kitab Müsabiqəsi də ölkəmiz üçün uğurlu oldu. Qeyd edim ki, müsabiqənin münsiflər heyətində MDB-yə üzv ölkələrin tanınmış naşir və kitab çapı ilə məşğul olan nüfuzlu qurumlarının nümayəndələri təmsil olunurlar. Bu il də müsabiqəyə təqdim olunmuş 200-ə yaxın kitabdan 7 nominasiya üzrə lonq-list (uzun siyahı) tərtib edildi. İkinci mərhələyə keçən kitablar isə şort-listdə (qısa siyahı) cəmləşdi. İkinci siyahıya daxil olan kitablar arasında bizim təqdim etdiyimiz nümunələr də vardı və onlar müsabiqənin 7 nominasiyasından 6-da yarışırdılar».
   Sektor müdirinin sözlərinə görə, müsabiqəyə “Birlik”, “Mənim ölkəm”, uşaq və gənclər üçün kitablar, mədəniyyət, elm, təhsil, art kitab və “Qran-pri” nominasiyaları üzrə 14 kitab göndərilmişdi: “Lakin müsabiqənin işə başlamasından bir gün öncə bizim iki nəşrimiz - M.Ə.Sabirin «Hophopnamə»si işıq üzü gördü və bu nəşrin sadəliyi, eyni zamanda gözəlliyi və mürəkkəbliyi diqqətimi çəkdi. Müsabiqədən bir az öncə «Şərq-Qərb» nəşriyyatında nəşr edilmiş Yusifin «Anama məktublar» kitabı da orijinal poliqrafik həlli ilə məni cəlb etdi və bu iki kitabı özümlə apararaq müsabiqəyə təqdim etmək qərarına gəldim. İki kitabdan ibarət «Anama məktublar»ın nəfis tərtibatı və maraqlı layihəsinin münsiflər heyətinin diqqətini cəlb edəcəyinə əmin idim. Vaxtilə belə bir təcrübəmiz olmuşdu. Müsabiqədə ilk iştirak etdiyimiz vaxtlarda göndərdiyimiz kitablar vaxtında gedib çatmamışdı və mənim özümlə apardığım «Qarabağ» kitabı ilə müsabiqədə iştirak etməli olduq. Kitab nəşrlərin hamısından yüksək bal toplayaraq qalib gəlmişdi”. 

   Bu dəfə də çap nümunələrimiz müsabiqədə layiqli qiymətini alıb: “Müsabiqənin «Mənim ölkəm» nominasiyasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə «Təhsil» nəşriyyatında nəfis şəkildə çap olunmuş «Novruz» kitabı (müəlliflər Ədalət Vəliyev və Vaqif Bəhmənli) ilə iştirak etdik. Kitab digər nominasiyalarda yarışan bütün nümunələrin hamısından çox, 42,05 bal toplayaraq qalib gəldi. Onu da deyim ki, bu kitabı həm də “Qran-pri” nominasiyasına da təqdim etmişdik. Nəticədə «Novruz» kitabı, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunan digər bir nəşrimiz - «Nobel» kitabı “Qran-pri” nominasiyasında xüsusi diploma layiq görüldü. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Təhsil” nəşriyyatında çap olunmuş daha bir kitabımız - M.Ə.Sabirin «Hophopnamə»si də müsabiqənin mükafatına layiq görüldü. Nəhayət, Yusifin «Anama məktublar» kitabı uşaq və gənclər üçün kitablar nominasiyasında 41,05 bal toplayaraq qalib gəldi. Beləliklə, bu müsabiqədə 6 nominasiyada iştirak edən Azərbaycan kitabları beş mükafat qazandı”.
   Sektor müdiri qalib olan bu kitabların mükafatlandırma mərasiminin bu ilin sentyabrında Moskva şəhərində baş tutacağını bildirdi: «Mükafatlandırma Moskva şəhərində keçirilən ənənəvi beynəlxalq kitab satış-yarmarkası çərçivəsində olacaq. Sonra bu kitablar həmin sərgidə xüsusi bir ekspozisiyada nümayiş etdiriləcək və tədbir başa çatdıqdan sonra daimi sərgilənmək üçün Minskdəki MDB Ölkələri İcraiyyə Komitəsinin “Kitab muzeyi”nə təhvil veriləcək. Sevindirici haldır ki, o muzeydə sərgilənən kitablar arasında Azərbaycan çap nümunələrinin sayı ildən-ilə artır. Mən bu münasibətlə Azərbaycan naşirlərini təbrik edirəm, xüsusən bu müsabiqələrdə öz fəaliyyəti ilə fərqlənən «Təhsil» nəşriyyatının adını vurğulamaq istəyirəm. Onu da qeyd edim ki, bu qalib kitabların xeyli hissəsi məhz Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunub. Hesab edirəm ki, kitablarımızın bu uğuru həm də Azərbaycanda kitab nəşri işinin böyük irəliləyişindən xəbər verir».
   
   Həmidə Nizamiqızı