Şəkidə keçirilən növbəti regional sərgidə xalq sənətkarlığı ustalarının əl işləri nümayiş olundu
   
   Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə II Respublika dekorativ-tətbiqi sənət festivalı keçirilir. Festival çərçivəsində növbəti regional sərgi mayın 25-də Şəkidə açıldı. Sərgidə 14 rayondan (Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala, Balakən, İsmayıllı, Göyçay, Ucar, Kürdəmir, Zərdab, Yevlax, Ağdaş, Ağsu) dekorativ-tətbiqi sənət ustalarının əl işləri, xalq sənətkarlığı nümunələri nümayiş olunurdu.
   
   Dağlar qoynunda yerləşən Şəkidə, açıq hava altında, milli musiqinin müşayiəti ilə təşkil edilən sərgi tarixi ruh, əsrlərdən bəri süzülüb gələn ənənəni canlandırırdı. Mis, saxsı qablar, əsrarəngiz təsvir və naxışlarında xalqın sənət ruhunu yaşadan milli xalçalarımız, toxuma, tikmə, ağac üzərində oyma, müxtəlif dekorativ sənət nümunələri sərgiyə əlvanlıq bəxş edərək insanı bir ayrı aləmə aparırdı.
   Tədbirin açılışında çıxış edən Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aydın İbrahimxəlilov bölgədə xalq tətbiqi sənətinin qədim və zəngin ənənələri olduğunu dedi: “Artıq ikinci dəfədir ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Respublika dekorativ-tətbiqi sənət festivalı keçirilir. Festivalın təşkili onu göstərir ki, bu gün ölkəmizdə qədim sənət növlərinin təbliği, inkişafı yüksək səviyyədə davam etdirilir. Sənətkarlar əl işlərini ölkədaxili və xarici festival və sərgilərdə həvəslə nümayiş etdirir, uğurlar qazanırlar”.
   Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov festival iştirakçılarını salamlayaraq onları sənət bayramı münasibətilə təbrik etdi: “Şəkidə özünəməxsus ənənələri olan xalq sənətkarlığı bu gün də uğurla inkişaf etdirilir. Sərgidə nümayiş olunan nümunələr də buna bariz sübutdur. Şəki şəhərində tarixi ənənələrə söykənən yaradıcılıq potensialı bu gün belə bir sərginin keçirilməsinə imkan verir. Eyni zamanda Qax, Zaqatala, Balakən, Kürdəmir, Qəbələ və digər rayonlardan gəlmiş sənətkarların işləri də tərtibatına görə diqqət çəkir. Burada iştirak edən bütün rayonların təmsilçilərini sənət bayramı münasibətilə təbrik edirəm. Sərginin keçirilməsinin əsas məqsədi sənətkarlarımızın işlərinin təbliğ olunmasıdır. Məqsədimiz gənc nəslə bu tarixi ənənəni ötürmək və onlarda yaradıcı stimul yaratmaqdır”.
   Qalib Qasımov bundan öncə regional sərgilərin Gəncədə və Lənkəranda keçirildiyini nəzərə çatdıraraq ilin sonunda Bakıda Respublika dekorativ-tətbiqi sənət festivalının yekun sərgisinin təşkil olunacağını bildirdi: “Regional sərgilərdə iştirak edib fərqlənən sənətkarlar yekun sərgiyə dəvət olunacaq. Bundan əlavə, sərgilərdə fərqlənən sənətkarların əl işləri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunacaq kataloqda yer alacaq”.
   Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov tədbirin əhəmiyyəti haqqında danışdı. Dekorativ-tətbiqi sənətin xalqın tarixini, ənənəsini, məişətini əks etdirdiyini vurğuladı.
   Dövlət Rəssamlıq Akademiyasının dosenti Məmmədhüseyn Yusifov mədəni irsimizi yaşadan sənət növlərinin qorunub yaşadılması və gələcək nəslə ötürülməsinin vacibliyindən danışdı.
   Daha sonra sərgidə əl işləri diqqət çəkən sənətkarlara II Respublika dekorativ-tətbiqi sənət festivalında iştiraklarına görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fəxri fərmanlar təqdim edildi. Hüseyn Hacımustafazadə, Mahir Vələdov, Sayal Salamova (Şəki), Əfqan Bayramov (Balakən), İlqar Muradov (Kürdəmir), Şahin Rəhimov (Qəbələ), Məlahət Şirinova (Ağdaş) və digər xalq sənəti ustaları təltif olundular.
   
   Sənətkarlar öz işlərindən danışdılar
   
   Sərgidə iştirak edən el sənətkarlarının bir neçəsinin ürək sözlərini dinlədik. Şəki şəhərindən Vəfa Mustafayeva on ildir ki, təkəlduz sənəti ilə məşğul olur. Ailəsinin sənət ənənələrini davam etdirərək bu sənətə gəldiyini deyir: “İşlərimdə əsasən milliliyə üstünlük verirəm. Xalça naxış və ornamentlərini parça üzərinə həkk edirik. Sərgidə “Milli geyimdə xanım”, “Leyli və Məcnun”dan səhnə”, “Çingiz Mustafayev”, “At və qadın” və s. işlərim nümayiş olunur”.
   İsmayıllı rayonunun Lahıc kəndindən sənətkar Maarif Əliyev sərgiyə həm toxuculuq, həm də misgərlik nümunələri gətirmişdi: “Stendimizdə toxuculuq nümunələri geniş yer alır. Mis qablar da gətirmişik. Qablar üzərinə həkk olunmuş naxışlara daha çox diqqət yetiririk. Bu da ayrıca bir sənətdir, həmin bölgənin tarixidir, məişətidir ki, bu naxışlarda yaşayır”.
   Şəkidən başqa bir el sənətkarı, şəbəkə ustası Hüseyn Hacımustafazadə 24 ildir ki, bu sahədə çalışır: “Respublikamızda, həmçinin Başqırdıstan, Bolqarıstan, Avstriya, Omanda sərgilərdə iştirak etmişəm. Xarici ölkələrdə bu sənət nümunələri ilə çox maraqlanırlar. Bugünkü sərgiyə də müxtəlif işlərlə qatılmışam. Şəbəkə adətən lövhəşəkilli olurdu. Lakin mən, kürəşəkilli şəbəkələr hazırlayıram. Bu da yenilikdir. Omanda bu ilin fevral ayında keçirilən “Maskad” festivalında həmin əsər birinci yer tutdu. Bu sənətin gələcəkdə yaşadılması üçün tələbələr hazırlayıram. Onu da deyim ki, gənclər arasında sənətə maraq çoxdur”.
   Qəbələdən sərgidə iştirak edən Şahin Rəhimov saxsı qablar, ağacdan hazırlanmış suvenirlər, xalçalarla bölgəsini təmsil edirdi. Futbol topu, Qobustan qaya rəsmləri maketi, güldan, leyləklər və s. diqqət çəkirdi.
   Balakən rayonundan Səxavət Cumayev sərgini sənətkarlıq üçün önəmli adlandırdı: “Festivala müxtəlif tikmələr, ağacdan işləmələr, Balakən rayonu coğrafiyasını əhatə edən ağacdan hazırlanmış albom və digər işlərlə gəlmişik. Bu regionda sənətkarlıq qədimdən inkişaf edib. Bu gün də ənənələri qorumağa çalışırıq”.
   Nəriman Məmmədov qədim el sənəti növlərindən olan sərraclıqla məşğul olur. Şəkidə bu sənəti yaşadan yeganə ustadır: “Ata-baba sənəti olan sərraclıqla 40 ildir ki, məşğulam. Oğlum da öyrənir bu sənəti. İstəyirəm ailə ənənəmiz yaşasın. Ağacdan, heyvan dərisindən yəhərlər hazırlayırıq. Həm əziyyətli, həm də məsuliyyətli işdir. Atları sevmək də gərəkdir”.
   Şəkidən Səkinəxatun Paşayeva qızı ilə birlikdə uzun illərdir ki, toxuma, tikmə sənəti ilə məşğuldur: “Anam çarpaztikmə növü ilə məşğul olub, indi isə qızım təkəlduz tikmə ilə məşğuldur. Mən də qızımla birlikdə müxtəlif əl işləri hazırlayıram. Mirzə Fətəli Axundzadənin portreti yeni işlərimdəndir. Sərgidə araxçınlar, telefon qabları, Azərbaycana aid suvenirlər də yer alır. “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı da əl işləri hazırlamışıq”.
   Hicran Səmədova kuklalar hazırlayır. Milli geyimdə kuklaların hazırlanmasına üstünlük verir. Bakıda “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı keçirilən sərgilərdə əl işlərinə marağın çox olduğunu dedi.
   30 ildir ki, milli musiqi alətləri - tar, kamança, tütək, zurna hazırlayan Mahir Vələdov bu sənətin ata-baba sənəti olduğunu dedi: “Sənətin çətinliyi olduğu qədər də şirinliyi var. Bu, sənətkara fərəh gətirir. Özüm də musiqi məktəbində tar üzrə dərs verirəm”.
   Dilarə Əzizova tədbirdə Qax rayonunu təmsil edirdi. Qaxdan xalçalar, ağac üzərində oyma və s. nümunələrin sərgiləndiyini dedi: “Qaxda sənətkarlığa diqqət və qayğı var. İnkişaf üçün gənclərin marağı önəmlidir. Hazırda Qaxda əl işlərinin satışı üçün mağaza və dükanlar açılıb. Bu da sənətkar üçün stimuldur. Gələn turistlər əl işlərinə maraq göstərirlər”.
   40 ildir ki, misgərliklə məşğul olan Kamal Mustafayev hazırladığı sənət nümunələrində naxışlara önəm verdiyini dedi: “Bura gətirdiyim şərbət qabı üzərində insan rəsmləri yer alır. Müxtəlif status və peşələri göstərən rəsmli qab 6 aya hazırlanıb. Həmçinin mis qablar üzərində dualar yazılır. Bu, qədimdən belə olub və bu gün də bu ənənəni saxlayırıq”.
   
   Reyhan İsayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar