İyunun 18-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Macarıstan Milli Kitabxanası ilə ikitərəfli əməkdaşlıq haqqında memorandumun imzalanma mərasimi keçirilib.
   
   Mərasimdə çıxış edən Milli kitabxananın direktoru Kərim Tahirov bu yaxınlarda Macarıstana səfər etdiyini, orada qiymətli Azərbaycan əlyazmalarının da yer aldığı Milli Kitabxananın işi ilə tanış olduğunu bildirib. Direktor qeyd edib ki, Azərbaycan Milli Kitabxanası bu günə qədər dünyanın 27 ölkəsi ilə ikitərəfli əməkdaşlıq haqqında müqavilələr imzalayıb.
   Macarıstan Milli Kitabxanasının direktoru Andrea Sajo Azərbaycana ilk dəfə gəldiyini bildirərək, Milli Kitabxana və onun əməkdaşları ilə tanışlıqdan məmnunluğunu ifadə edib. O, Budapeştin ən gözəl tarixi binalarından birində - Kral Matias Sarayında yerləşən Milli Kitabxananın strukturu və fəaliyyəti barədə söhbət açıb, kitabxana haqqında videoçarxı şərh edib.
   Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli qonağı salamlayaraq Azərbaycan-Macarıstan ədəbi əlaqələrindən söz açıb, macar xalqı ilə böyük türk dünyası arasında oxşar cəhətlərin çox olduğunu bildirib. Şöbə müdiri xalqlar arasında qarşılıqlı anlaşma və dostluq münasibətlərinin yaranmasında kitabın rolu haqqında danışıb.
   Sonra Azərbaycan və Macarıstan milli kitabxanaları arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və onun macar həmkarı xanım Andrea Sajo imzalayıb. Memorandumda kitab, mətbu nəşrlər, biblioqrafik siyahılar və digər çap məhsullarının mübadiləsi, müştərək tədris kursları və seminarların keçirilməsi, fondların qorunub saxlanması və kitabxanaların rəqəmsal formata çevrilməsi sahəsində əməkdaşlıq məsələləri əksini tapıb.