Müqəddəs ayın fəzilətinə, yüksək dəyərlərinə həsr olunmuş film təqdim edildi
   
   İyulun 18-də Gənc Tamaşaçılar Teatrında on bir ayın sultanı, müqəddəs Ramazan ayının başlanması münasibətilə “Ramazan dalğası” adlı elmi-kütləvi filmin təqdimatı oldu.
   
   “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin təşəbbüsü və layihəsi əsasında çəkilmiş filmin təqdimatında mədəniyyət və elm xadimləri, xarici ölkələrin diplomatları, ictimaiyyətin nümayəndələri iştirak etdilər. Filmin ideya müəllifi və layihənin rəhbəri “Aydınlığa doğru” İctimai Birliyinin sədri Solmaz Əmirli, ssenari müəllifi sənətşünas Aydın Talıbzadə, rejissoru Elçin Musaoğludur.
   Təqdimatdan əvvəl iştirakçılar ictimai birliyin teatrın foyesində təşkil etdiyi “Tanış və sirli Ramazanı kəşf et!” adlı sərgi ilə tanış oldular. Sərginin təşkilində məqsəd Ramazan ayının mahiyyəti, sirləri barədə iştirakçılara məlumat vermək, müqəddəs ayın hikməti, sağlamlığa xidməti ilə yanaşı, sosioloji, psixoloji, əxlaqi dəyərlərini təbliğ etməkdir.
   Bu arada biz də filmin yaradıcı qrupu ilə görüşüb təəssüratlarını bizimlə bölüşmələrini xahiş etdik.
   “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin sədri Solmaz Əmirli:
   - Təşkilatımız beş ildir ki, fəaliyyət göstərir. Bu müddətdə bir çox layihələrimiz olub. Fəaliyyətimizin ilk ilində milli toy mədəniyyətimizi bərpa etmək məqsədilə böyük bir layihə həyata keçirdik. Etnoqrafların, mütəxəssislərin iştirakı ilə cəmiyyətə bir toy nümunəsi təqdim etdik. Sonrakı illərdə də milli-mənəvi dəyərlərimizin təbliğində uğurlu layihələr həyata keçirmişik. Mübarək Ramazan ayı ərəfəsində isə çəkilişinə çoxdan başladığımız və böyük istəklə gerçəkləşməsini arzuladığımız film ərsəyə gəldi.
   Ramazan ayının mahiyyəti, dəyəri çox böyükdür. Bütün səmavi kitablar Ramazan ayında nazil olub. İbrahim peyğəmbərin (ə.s.) “Səhifələr”i Ramazanın ilk gecəsi nazil olub, “Tövrat” Ramazan ayında Musa peyğəmbərə (ə.s.) göndərilib, “İncil” İsa peyğəmbərə (ə.s.), “Zəbur” Davud peyğəmbərə (ə.s.) bu ayda nazil edilib. Nəhayət, müqəddəs “Qurani-Kərim” Məhəmməd peyğəmbər (s.a.s.) vasitəsilə bəşəriyyətə bu ayda göndərilib. Bu ayın insanın mənəviyyatına, varlığına təsiri barədə ictimaiyyətə daha geniş və əhatəli məlumat verməyi özümüzə borc bildik. Ramazan ayı, oruc ibadəti haqqında insanlara mümkün qədər elmi dəlillərə söykənmiş faktlar təqdim etmək istədik. Bunun üçün müxtəlif mənbələrə müraciət etdik. Bu işdə ziyalılar, mütəxəssislər öz köməklərini bizdən əsirgəmədilər.
   Bütün səmavi dinlər bir mənbədən qidalanır. Dövr, zaman dinlərin üzərinə öz möhürünü vurur. Amma kökdə eyni dəyərlərdir.
   Filmi Azərbaycan, Rusiya, Türkiyə və Misirdə çəkdik. Müxtəlif dinin daşıyıcılarının, din və elm xadimlərinin müqəddəs Ramazan ayı, orucluq barədə dəyərli fikirlərini bir filmdə cəmlədik. 55 dəqiqəlik film Azərbaycanda Ramazanın mahiyyəti barədə ilk filmdir. Mümkün qədər çalışmışıq ki, kodların, işarələrin dili ilə mətləbləri tamaşaçılara çatdıraq. Allah-Təalanın lütfüdür ki, bu istəyi mənim qəlbimə saldı və istədim ki, bu dəyərləri ətrafımdakı insanlarla bölüşüm. Belə güman edirəm ki, o gün gəlib çatdı.
   
   Filmin ssenari müəllifi Aydın Talıbzadə:
   - Filmin əsas ideyası o deyil ki, insanları Ramazanda oruc tutmağa dəvət edək. Filmin əsas ideyası, məramı ondan ibarətdir ki, Ramazan ayı təkcə oruc tutmaq ayı deyil, bu, sonsuz, hüdudsuz mərhəmət, məsuliyyət, səmimiyyət, sevinci insanlarla bölüşmək ayıdır. Biz bu filmi düşünərkən Ramazanı dalğa kimi düşündük. Orucluq bir aydır, amma Ramazanın mənəvi dəyərləri sonsuzdur. Bu fikri, bu duyğuları, bu yaşantını dünyaya dalğa-dalğa yayıb, paylaşmaq lazımdır. Bu filmin ideyası da məhz bu fikri insanlara çatdırmaqdan ibarətdir.
   
   Rejissor Elçin Musaoğlu:
   - Biz bu filmin hazırlığına üç il əvvəl başlamışıq. Film bir neçə xarici ölkədə çəkilib. İstədik ki, filmdə bir neçə ölkədə insanların Ramazan ayında yaşantılarını, həyat tərzini tamaşaçılara təqdim edək. Eyni zamanda Ramazanın mahiyyəti, elmi tərəfləri barədə insanlara daha ətraflı məlumat verək. Filmdə tanınmış elm, din xadimləri çıxış etdilər. İnsan da bir dalğadır. Biz insan olaraq özümüzü tanımalıyıq. Filmdə bizi narahat edən suallara: biz haradan gəlmişik, niyə gəlmişik və hansı missiyanı yerinə yetirməliyik suallarına cavab axtarılır.
   
   Ekran əsərinin nümayişindən əvvəl Solmaz Əmirli, Aydın Talıbzadə və Elçin Musaoğlu ürək sözlərini iştirakçılarla bölüşdülər. Sonra film təqdim olundu. “Ramazan dalğası” Allahın böyüklüyü, Ramazan ayının müqəddəsliyi, əvəzsizliyi və paklığı barədə insanlara müsbət dalğalar ötürdü. Film həm də xeyirxahlıq, mərhəmət, bərabərlik dalğası kimi yadda qaldı. Sonda Solmaz Əmirli təqdimata gələn hər kəsə öz təşəkkürünü bildirdi və iştirakçılara “Ramazan dalğası” filminin diskləri hədiyyə olundu.
   
   Təranə Vahid