1982-ci ildə Şuşada keçirilmiş “Molla Pənah Vaqif Poeziya Günləri”nin həzin xatirəsi
   
   30 il əvvəl, 1982-ci il iyulun 29-da Şuşada böyük şair Molla Pənah Vaqifə həsr olunmuş poeziya günləri keçirilmişdi. O dövrün mühüm mədəniyyət hadisəsi kimi yadda qalan tədbirdə ulu öndər Heydər Əliyev iştirak etmişdi. Həzin xatirə dolu hadisənin 30-cu ildönümü münasibətilə iyulun 25-də “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyində dəyirmi masa keçirilib.
   
   Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, İctimai Birliyin sədri Bayram Səfərov ümummilli lider Heydər Əliyevin hər zaman Şuşaya böyük diqqət və qayğı göstərdiyini vurğulayıb. O, 1970-ci illərin ikinci yarısında ümummilli lider tərəfindən Şuşanın tərəqqisi ilə bağlı qəbul olunan qərarlar, burada kurort kompleksinin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Dahi rəhbər 1982-ci il yanvarın 14-də Molla Pənah Vaqifin məqbərəsinin açılışında iştirak etmişdi. Həmin il iyulun 29-da isə ulu öndər tanınmış Azərbaycan şair və yazıçıları ilə birlikdə Şuşada keçirilən Molla Pənah Vaqif Poeziya Günlərində iştirak etmiş, bu tədbir çərçivəsində Xurşidbanu Natəvanın abidəsinin açılışı olmuşdu.
   İcra Hakimiyyətinin başçısı ümummilli lider Heydər Əliyevin göstərişi ilə Dağlıq Qarabağda həyata keçirilən irimiqyaslı quruculuq işlərindən danışıb. Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gördüyü işlərdən danışan B.Səfərov çıxışının sonunda ulu öndər Heydər Əliyevin “Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir” fikrini səsləndirib.
   Digər çıxış edənlər də ulu öndərin Şuşaya səfərləri ilə bağlı xatirələrini bölüşüblər.
   Sonda ümummilli lider Heydər Əliyevin Şuşaya səfərlərini əks etdirən videoçarx nümayiş etdirilib.