İyulun 25-də Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovun və mərkəzin baş kulinarı Aynurə Əmiraslanovanın həmmüəllifliyi ilə hazırlanmış “Qarabağ mətbəxi” kitabının təqdimatı keçirilib.
   
   Tədbirdə çıxış edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov nəşrin əhəmiyyətindən danışıb. Baş nazirin müavini Ermənistan tərəfindən mədəni irsimizə təcavüz edildiyi şəraitdə “Qarabağ mətbəxi” kitabının ərsəyə gəlməsini yüksək qiymətləndirib. Qeyd olunub ki, bu kitabı nümunə götürərək gələcəkdə Qarabağın tarixi abidələri, görkəmli şəxsiyyətləri, ziyalıları, gəncləri, mədəni irsi, adət-ənənələri istiqamətində yeni-yeni tədqiqatlar aparılmalı və kitablar hazırlanmalıdır. O, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bu istiqamətdə hazırlanacaq nəşrlərə dəstək verməyə hazır olduğunu bildirib. Baş nazirin müavini Ə.Həsənov kitabın müəlliflərinə və ərsəyə gəlməsində əməyi olanlara təşəkkür edib.
   Milli Məclisin deputatı Qənirə Paşayeva, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev və başqaları kitabın əhəmiyyətindən, bu istiqamətdə təbliğatın gələcəkdə də davam etdirilməsinin vacibliyindən danışıblar.
   Milli Kulinariya Mərkəzinin direktoru T.Əmiraslanov Qarabağ mətbəxinin toplanmasına böyük dəstək göstərmiş Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Mədəniyyət və Turizm Nazirliyinə, Qarabağ bölgəsi rayonlarının icra hakimiyyətlərinə təşəkkürünü bildirib.
   Kitabda ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin Azərbaycanın mədəniyyətinə dair qiymətli kəlamları yer alıb.
   Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Elmi Şurasının qərarı ilə çap edilmiş kitabda adları qeyd olunan xörəklər haqqında məlumatlar artıq 20 ildən çoxdur ki, məcburi köçkün həyatı yaşayan Qarabağ əhalisindən, ayrı-ayrı şəxslərdən toplanıb. Verilən məlumatlara, reseptlərə çox müdaxilə edilməyib. Əldə olan mənbələrdən, Naxçıvan, Gəncə, Tovuz, Qazax, Şəki, Quba, Lənkəran, Borçalı və s. bölgələrdən toplanmış materiallarla, İran Azərbaycanı mətbəxi ilə qarşılıqlı tutuşdurma və təhlil nəticəsində Qarabağ bölgəsi mətbəxi Azərbaycan mətbəxinin bir parçası kimi təqdim olunub. Kitabın əvvəlində Azərbaycan, rus və ingilis dillərində Qarabağ mətbəxinin tarixi, etnoqrafiyası verilib.
   Qarabağ mətbəxinə aid məlumatlar ingilis dilində “İrs” (“Naslediye”) jurnalında, rus dilində isə MDB ərazisində yayımlanan “Pitaniye i obşestvo” jurnalının 9-10-cu nömrələrində çap ediləcək. Hazırda Qarabağın ayrı-ayrı rayonlarının və İrəvan xanlığı mətbəxinin toplanıb hər rayon üzrə ayrıca kitab şəklinə salınması üzərində işlər gedir.