Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor əvəzi, filologiya elmləri doktoru Paşa Kərimovun “Sadiq bəy Sadiqinin türkdilli yaradıcılığı” adlı kitabı nəşr olunub.
   “Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabda XVI-XVII əsrlərdə yaşayıb-yaradan Azərbaycan şairi, ədəbiyyatşünası və rəssamı Sadiq bəy Sadiqinin türkdilli yaradıcılığı ilk dəfə olaraq bütövlükdə tədqiq edilir. Müəllif müxtəlif mənbələri, şairin əsərlərini ətraflı təhlil edərək onun poeziyasının ideya-sənətkarlıq xüsusiyyətlərini, ədəbiyyat tariximizdəki mövqeyi, şəxsi keyfiyyətləri barədə oxuculara məlumat verir. Yeni nəşrin redaktorları filologiya üzrə fəlsəfə doktorları Əkrəm Bağırov və Nailə Mustafayevadır.