Dilçiliyin inkişafına dair Dövlət Proqramının hazırlanması üzrə işçi qrup media təmsilçiləri ilə bir araya gəldi
   
   Bugünkü qloballaşma şəraitində ana dilimizin inkişafı, o cümlədən kütləvi informasiya vasitələrində Azərbaycan dilinin xüsusiyyətlərinin qorunub saxlanması əsas məsələlərdən biridir. Çünki qlobal informasiya məkanında özünü təqdim etmə imkanı, qarşılıqlı inteqrasiya və mədəni mübadilə dilə də təsir edir.
   
   İyulun 27-də AMEA Rəyasət Heyətinin binasında «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın hazırlanması üzrə işçi qrupun kütləvi informasiya vasitələrinin nümayəndələri ilə birgə iclasında da bu məsələlər diqqətə alındı.
   Tədbiri AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, Akademiyanın müxbir üzvü Kamal Abdullayev açaraq Dövlət Proqramı layihəsinin hazırlanması üzrə işçi qrupun bu günə kimi gördüyü işlər haqqında məlumat verdi, bundan öncə alimlər, ali təhsil müəssisələrinin əməkdaşları və aidiyyəti nazirliklərin nümayəndələri ilə görüşlər keçirildiyini nəzərə çatdırdı. Dilin böyük ictimai-siyasi hadisə və mənəvi həyatımızın mühüm amili olduğunu vurğulayan alimin sözlərinə görə, bunu diqqətə almayan mətbuat orqanlarında, radio və televiziya kanallarında ədəbi dil normalarının pozulması halları baş verir, dublyaj edilən filmlərin, xarici dillərdən çevrilən elmi, bədii və publisistik əsərlərin tərcüməsi yüksək estetik tələblərə cavab vermir.
   Mövzu ilə bağlı müzakirələrdə AzərTAc-ın baş direktoru Aslan Aslanov, “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və başqaları çıxış edərək rəy və təkliflərini səsləndirdilər.
   BDU-nun jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev, professor Nəsir Əhmədli, media ekspertləri Qulu Məhərrəmli, Zeynal Məmmədli və digər çıxış edənlər KİV-də dilin orfoqrafiya və orfoepiya qaydalarının pozulması, yazı normalarına ciddi riayət olunmaması, dialekt sözlərin mətbuat səhifələrində yer alması faktlarına diqqət çəkdilər. Çıxışlarda reklam və təşviqat materiallarında dilin qayda-qanunlarının pozulması faktları da önə çəkildi, bu məsələnin tənzimlənməsi ilə bağlı təkliflər irəli sürüldü.
   Müzakirələrdə orta məktəblərdə Azərbaycan dili dərslərinin tədris saatlarının artırılması, ali məktəblərin bütün fakültələrində nitq mədəniyyəti fənninin tədrisi, respublika üzrə vahid nüfuzlu Dil Qurumunun yaradılması, televiziyalarda bədii şuraların bərpa olunması, sosial şəbəkələrə yönəldilmiş xüsusi şuraların yaradılması, orfoqrafiya, orfoepiya lüğətlərinin vaxtaşırı çap olunması, Dilçilik İnstitutunda KİV-lərin dili ilə məşğul olan şöbənin açılması və s. təkliflər də səsləndirildi.
   
   Həmidə Nizamiqızı