2012-ci il Naxçıvan Muxtar Respublikasında “Milli dəyərlər ili” elan edilib. Bu çərçivədə muxtar respublikanın idarə və təşkilatlarında, o cümlədən mədəniyyət müəssisələrində tədbirlər keçirilir.
   
   A.Babayev adına Muxtar Respublika Uşaq Kitabxanası da bu ilin tədbirlər planında milli dəyərlərimizin təbliğinə geniş yer ayırıb.
   Kitabxananın direktoru Kamal Axundovun bildirdiyinə görə, milli dəyərlərimizin uşaq və gənclərin tərbiyəsində rolunu yüksəltmək, milli adət və ənənələrimizi, geyim və mətbəximizin, tikmə, toxuma və döymə kimi qədim el sənətlərimizin təbliği məqsədilə vaxtaşırı olaraq bu mövzudan bəhs edən kitab, jurnal və fotolar, qədim geyim və məişət əşyaları, milli musiqi lent yazılarının, xalçaların yer aldığı sərgilər, habelə müxtəlif kütləvi tədbirlər, konfranslar təşkil olunur.
   Belə tədbirlərdən Naxçıvan Tibb Kollecində “Milli dəyərlərimizin gənclərin tərbiyəsində rolu” mövzusunda oxucu konfransını, Naxçıvan Körpələr Evi və Ailələrə Yardım Mərkəzində “Uşaq dünyası”, 7 saylı uşaq bağçasındakı “Balaca aşpazam mən” adlı əyləncəli tədbirləri, 1 saylı uşaq bağçası və Naxçıvan şəhərindəki “Dədə-Qorqud” parkında keçirilən “Kitab bayramı”nı qeyd etmək olar.