Zəngin türk tarixinə işıq salan, rəngli görüntülərlə yadda qalan tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblı da çıxış edib
   
   Avqustun 10-dan 12-dək Macar Turan Cəmiyyətinin təşkilatçılığı ilə Macarıstanın Buqats bölgəsindəki Kişkemets milli parkında IV hun-türk qurultayı keçirilib.
   Azərbaycanın Macarıstandakı səfirliyindən verilən məlumata görə, tədbirə dünyanın müxtəlif guşələrində yaşayan 22 türk xalqının təmsilçiləri, habelə bir sıra ölkələrdən gəlmiş nümayəndələr qatılıblar. Qurultayı Macarıstan parlamentinin vitse-spikeri Şandor Layoş və Macar Turan Cəmiyyətinin sədri Andraş Biro açıblar.
   Macarların türk dünyası ilə genetik-mədəni əlaqələrini əks etdirən böyük tarixi və mədəni şou kimi düşünülmüş qurultayı üç gün ərzində 150 mindən çox adam izləyib. Qurultay 1100 il əvvəl Volqaboyundan Karpat ovalığına köç edən türk əsilli macar tayfalarının keçdiyi yolu, bu xalqın öz qədim tarixinə və ənənələrinə sadiqliyini əks etdirib.
   Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev IV hun-türk qurultayının açılış təntənələrində iştirak edib. Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri, türk dünyası tarixi ilə bağlı araşdırmaların müəllifi Kamran İmanov qurultay çərçivəsində keçirilən elmi forumda qədim dövr Azərbaycan-macar əlaqələrinə dair məruzə edib.
   Qurultay günlərində türk dünyasının sənət adamları açıq havada 30-dan çox konsert veriblər. Xalq artisti, professor Məcnun Kərimin rəhbərliyi ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının çıxışı xüsusi rəğbətlə qarşılanıb.
   Macarıstanda növbəti hun-türk qurultayının 2014-cü ildə keçirilməsi qərara alınıb.