Avqustun 16-da Qazax Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə rayon Mərkəzi Kitabxanasında “İdman ili - 2012”yə həsr olunmuş “Sağlam bədəndə sağlam ruh olar” adlı tədbir keçirilib.
   
   Veteran idmançıların və gənc pəhləvanların iştirak etdiyi tədbiri rayon MKS-nin direktoru Solmaz Babanlı açaraq Prezident İlham Əliyevin 16 yanvar 2012-ci il sərəncamı ilə 2012-ci ilin Azərbaycan Respublikasında “İdman ili” elan edildiyini bildirib. Respublikamızın hər yerində olduğu kimi, mədəniyyət sahəsində də idmana aid silsilə tədbirlər keçirilir. Bu işdə təbliğatçı kimi kitabxana işçilərinin də üzərinə böyük vəzifələr düşür.
   Qazax Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Valeh Vəliyev, Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev və başqa çıxış edənlər Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə idmanın da böyük inkişaf yolu keçdiyini vurğulayıblar. Bu gün Azərbaycan idmanın qarşısında geniş imkanlar açılıb. İdmançılarımız Avropa, dünya və olimpiya oyunlarında müstəqil Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə layiqli töhfələr verir.
   London Yay Olimpiadasında atletlərimizin qazandığı böyük uğur da bunun göstəricisidir.
   “Qırmızı əmək bayrağı” ordenli, SSRİ İdman ustası, respublikanın Əməkdar məşqçisi, Prezident təqaüdçüsü Kamal Əhmədov çıxışında qeyd edib ki, idmançılarımızın bu uğurları ölkə rəhbərliyinin idmanın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir. Məhz bunlara görə Azərbaycan London Olimpiadasında 10 medal qazanıb.