Paytaxtımızın beşulduzlu hotellər şəbəkəsinə daha bir inci əlavə olundu
   
   Sentyabrın 3-də Bakıda daha bir beşulduzlu mehmanxana kompleksinin “Four Seasons Hotel Baku” hotelinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
   
   “Four Seasons” hotellər şəbəkəsi fərdi üslubu, yüksək keyfiyyəti və çoxsaylı xidmət növləri ilə fərqlənir. Belə bir beynəlxalq səviyyəli şirkətin Azərbaycanın turizm bazarına maraq göstərməsi ölkəmizdə istər yerli, istərsə də xarici sərmayədarlar üçün yaradılan əlverişli mühitdən irəli gəlir. Bu, həm də dünyanın inkişaf etmiş ölkələri sırasında yerini möhkəmləndirən Azərbaycanda hotel biznesinin genişləndirilməsinə və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına böyük imkanlar açır.
   “Four Seasons Hotels and Resorts” beynəlxalq mehmanxanalar şəbəkəsinə 30-dan çox ölkədə 90 hotel daxildir. Mənzil-qərargahı Kanadanın Toronto şəhərində yerləşən “Four Seasons” hotellər şəbəkəsinin tarixi 1960-cı ildən başlayır. O vaxt Torontoda şəbəkənin ilk hoteli açılıb. Ötən əsrin 90-cı illərində mülkiyyət bazarını daha da genişləndirən “Four Seasons” dünya liderinə çevrilmişdir. Yarım əsr ərzində “Four Seasons” öz sahəsində liderliyi qoruyub saxlamağa müvəffəq olub. Şəbəkəyə daxil olan hotellər dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. Bu gün isə “Four Seasons” özünün yeni incisini - “Four Seasons Hotel Baku”nu Xəzər dənizinin sahilində turistlərin ixtiyarına verir.
   “Four Seasons” hotellərinə xas mahir ustalıqla inşa edilən yeni memarlıq əsəri “Beaux-Arts” dəbinin parlaq nümunəsi olmaqla tarixiliklə yanaşı, müasir dəbin ahəngini əks etdirir. Əzəmətli tağların altından keçərək içəri daxil olan hər kəsi ayrı-ayrı elementləri incə zövq və zərifliklə işlənən vestibül valeh edir.
   Prezidentə və xanımına məlumat verildi ki, “Four Seasons Hotel Baku”nun orijinallığını artıran və daha çox diqqəti cəlb edən amillərdən biri də dizayn zamanı milliliyin diqqətdə saxlanılmasıdır. Təsadüfi deyil ki, hotelin bütün zallarına və toplantı otaqlarına ecazkar Azərbaycan muğamlarının adı verilib. Burada “Segah” adlı 500 nəfərlik böyük ziyafət zalı, 390 nəfərlik “Rast” zalı da istifadəyə verilib. Hotelin “Şur”, “Çahargah”, “Bayatı-Şiraz”, “Hümayun”, “Şüştər” otaqlarında müxtəlif işgüzar görüşlərin keçirilməsi üçün bütün şərait yaradılıb.
   “Four Seasons” şəbəkəsinin dünyada sayca 90-cı hoteli - “Four Seasons Hotel Baku” 27 lüks və yüksək səviyyəli qonaqlar üçün nəzərdə tutulan 2 nömrə də daxil olmaqla, ümumilikdə 171 geniş otaqdan ibarətdir. Klassik interyeri, gözoxşayan rəng çalarları və gözəl balkonları ilə diqqəti çəkən otaqlar yüksək texnologiya ilə təchiz olunub. Otaqların əksəriyyətindən Bakının və Xəzər dənizinin füsunkar mənzərəsini seyr etmək mümkündür. “Four Seasons Hotel Baku”nun istifadəyə verilməsi Şərq və Qərb koloritlərini özündə təcəssüm etdirən paytaxtımızın simasına yeni bir elementin daxil olması deməkdir.

 “Bu hotel Azərbaycana yaraşır”
   
   Hotel kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşdü.
   Dövlət başçısı Azərbaycanda “Four Seasons” hotelinin açılışının böyük hadisə olduğunu vurğuladı: “Four Seasons” dünya şöhrətli hotellər şəbəkəsidir və bir keyfiyyət rəmzidir. Hotel həm xarici görünüşü, həm daxili dizaynı baxımından ən yüksək standartlara cavab verir. Deyə bilərəm ki, Azərbaycanın ən gözəl hoteli hazırda məhz “Four Seasons” hotelidir. Hotel bir sənət, memarlıq əsəridir. Daxili dizayn zövq oxşayır. Biz bir çox hallarda Azərbaycanda gedən quruculuq işlərinə Avropa, yaxud da ki, dünya standartları anlayışı ilə yanaşırıq. Amma hazırda Azərbaycanda yaradılan binalar, əsərlər artıq Azərbaycan standartlarını da formalaşdırır. “Four Seasons Baku” hoteli dünya standartları, Azərbaycan standartları səviyyəsindədir. Hotelin yeri də çox gözəldir. Bir tərəfdə qədim İçərişəhər yerləşir. İçərişəhər bizim tarixi sərvətimizdir. O biri tərəfdə müasir bulvar yerləşir. Yəni, burada qalan qonaqların istirahət etmələri, şəhərimizlə tanış olmaları üçün bütün şərait var. Hotelin memarlığı da qədim Bakı memarlığına uyğundur. Bu hotel Azərbaycana yaraşır, Azərbaycan isə “Four Seasons” hotellər şəbəkəsinə qucaq açır. Mən çox şadam ki, belə möhtəşəm memarlıq və sənət əsəri Bakıdadır, Azərbaycandadır. Azərbaycan buna layiqdir”.
   Ölkəmizdə turizmlə yanaşı, hotel biznesinin də inkişaf etdiyini deyən dövlət başçısı təkcə son il yarım ərzində Bakıda bir neçə dünya şöhrətli hotellər şəbəkəsinin fəaliyyətə başladığını nəzərə çatdırıb: “Kempinski”, “Hilton”, “Sheraton”, “Marriott”, “Jumeirah” və nəhayət, “Four Seasons” hotellərinin açılması, növbəti aylarda “Fairmont” hotelinin açılışı Azərbaycanın nəinki turizm potensialını, ümumiyyətlə, potensialını göstərir. Çünki mən başqa belə bir şəhər tanımıram ki, orada belə qısa müddət ərzində dünyanın aparıcı hotelləri açılsın. Bu, investorların Azərbaycanın bu gününə, gələcəyinə olan inamının təzahürüdür. Şəhərimizin sürətlə inkişaf etməsinin təzahürüdür.
   Bakı, doğrudan da, yaşamaq üçün çox gözəl şəhərə çevrilir. Biz qədim tarixi simasını saxlamaqla şəhərimizi müasirləşdiririk. Belə gözəl hotellərin yaradılması Bakıya turistlərin, qonaqların cəlb edilməsi üçün də çox vacibdir. Çünki burada qonaqları ən yüksək səviyyədə qəbul etmək üçün bütün şərait vardır. Nəzərə alsaq ki, xarici əlaqələrimiz genişlənir, bizim tərəfdaş ölkələrin sayı artır və demək olar Bakıda hər həftə müxtəlif beynəlxalq tədbirlər keçirilir, əminəm ki, hotelin fəaliyyəti çox uğurlu olacaq. Bir daha demək istəyirəm ki, Azərbaycanda “Four Seasons” hotelinin açılması adi hadisə deyildir. Bu, doğrudan da, ölkəmizin uğurlu inkişafının təzahürüdür. Əgər ölkəmiz bu sürətlə inkişaf etməsəydi, - siz də bunu bilirsiniz, mən də bilirəm, - “Four Seasons” heç vaxt burada öz hotelini açmazdı. Ona görə bu hadisənin çox böyük rəmzi mənası və böyük əhəmiyyəti vardır”.