Gələn il təşkilatın 20 illik yubileyi yüksək səviyyədə qeyd olunacaq
   
   Türkdilli xalqların mədəniyyətinin tanıdılmasında və təbliğində müxtəlif layihələr gerçəkləşdirən TÜRKSOY bu yaxınlarda Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafında medianın rolu” mövzusunda beynəlxalq seminar keçirdi. İSESCO, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında KİV-nin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə təşkil edilən tədbir maraqlı müzakirələrlə yadda qaldı.
   
   Seminarla bağlı Bakıya gələn Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı bizimlə söhbət əsnasında təşkilatın gələcək layihələrindən də söz açdı. Onun sözlərinə görə, beynəlxalq seminar 2011-ci ildə Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində İSESKO ilə TÜRKSOY arasında imzalanan əməkdaşlıq sazişinə əsasən reallaşıb: “Bu sənədə əsasən 2012-ci il üçün tədbirlər planı hazırladıq. «Mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu» adlı beynəlxalq seminar İSESKO ilə TÜRKSOY-un ilk birgə tədbiri oldu. Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Forumunun iki ildən bir keçirilməsi nəzərdə tutulub. Gələn il paytaxtımız yenidən mədəniyyətlərarası dialoq mərkəzinə çevriləcək. TÜRKSOY və İSESKO olaraq biz də region ölkələrində medianın bu sahəyə gücü, təsiri ilə bağlı müzakirələr apardıq. Seminarda Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstandan media nümayəndələri təmsil olunurdu”.
   Müzakirələrin yekunu olaraq tövsiyələrin qəbul olunduğunu deyən TÜRKSOY təmsilçisi sənəddə gələcəkdə bu sahədə görüləcək işlərin nəzərə alındığını diqqətə çatdırdı: «Gələcək toplantılarda biz işimizi bu tövsiyələrdən çıxış edərək quracağıq. Bu tədbirin keçirilməsində bizə Mədəniyyət və Turizm Nazirliyi böyük dəstək verdi. TÜRKSOY-un qərargahının Ankarada, İSESCO-nun ofisinin Mərakeşdə olduğu halda üçüncü bir ölkədə tədbir keçirilməsinə, sözsüz ki, yerli qurumların mütləq dəstəyi lazım idi. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında KİV-nin İnkişafına Dövlət Dəstəyi Fondu da tədbirə hərtərəfli dəstək göstərdi».   

   20 illik fəaliyyət
   
   TÜRKSOY-un ilin sonunadək gerçəkləşdirəcəyi layihələrə də toxunan Elçin Qafarlı yaxın günlərdə - sentyabrın 6-8-də Başqırdıstanın (Rusiya) Ufa şəhərində təşkilata üzv ölkələrin Mədəniyyət Nazirləri Şurasının toplantısının keçiriləcəyini dedi: “Gələn il isə TÜRKSOY-un yaranmasının 20 illiyi qeyd olunacaq. Bununla bağlı da xüsusi tədbirlər nəzərdə tutulub. Qurumun yubileyini həm Türkiyənin müxtəlif şəhərlərində, həm də üzv ölkələrdə müxtəlif tədbirlərlə keçirməyi nəzərdə tutmuşuq. TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Şurasının toplantısında bununla bağlı qərar qəbul ediləcək. Ondan sonra biz fəaliyyət planımızı müəyyənləşdirəcəyik”.

   «Axundzadə ili» ilə bağlı tədbirlər davam edir
   
   Bildiyimiz kimi, 2012-ci il TÜRKSOY tərəfindən «Mirzə Fətəli Axundzadə ili» elan edib. Bununla bağlı müxtəlif tədbirlər keçirilməkdədir. Bu tədbirlərdən söz açan E.Qafalrlı bildirdi: «2012-ci ili qurumun ən fəal üzvlərindən olan Azərbaycan Respublikasının ili kimi qeyd etmək olar. Çünki bizim böyük mütəfəkkir, dramaturq, filosof Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi TÜRKSOY səviyyəsində qeyd olunur. Bu münasibətlə 2012-ci ilin yanvarında Ankarada “Mirzə Fətəli Axundzadə ili” açılış mərasimi keçirildi. Bundan sonra silsilə tədbirləri davam etdiririk. Türkiyədə Adana Çukurova Universitetinin teatr şöbəsinin rəhbəri, Azərbaycanın tanınmış rejissoru və aktyoru Cahangir Novruzov TÜRKSOY-un xahişi ilə o öz tələbələri ilə «Müsyö Jordan və Dərviş Məstəli şah» pyesini tamaşaya qoydu. ARDNŞ-in Ankara nümayəndəsi də bu işdə bizə dəstək verdi. Mayın 18-də Adanada tamaşanın premyerası oldu. Tamaşa böyük rəğbətlə qarşılandı. Qarşıdakı aylarda Ankarada və Türkiyənin başqa şəhərlərində bu tamaşanı göstərməyi düşünürük».
   «Axundzadə ili» çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Ağdəniz Universiteti ilə birlikdə beynəlxalq konfrans keçirəcəklərini də diqqətə çatdıran E.Qafarlı, tədbirlər planının Azərbaycanda davam etdiriləcəyini bildirdi: “Sentyabrın 20-23-də Axundzadənin vətəni Şəkidə bayram tədbirləri keçiriləcək. TÜRKSOY-la əməkdaşlıq edərək türk dünyasından adamları, ədəbiyyatçılar, musiqi, teatr kollektivləri bu tədbirlərə dəvət ediləcək».
   
   Türk dünyası fotoqraflarının görüşü
   
   Bildiyimiz kimi, Qazaxıstanın Astana şəhəri TÜRKSOY tərəfindən 2012-ci il üzrə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilib. Bu münasibətlə Astanada silsilə tədbirlər keçirilir.
   Bu günlərdə orada türkdilli ölkələrin fotoqraflarının görüşü keçirilib. E.Qafarlı belə bir tədbirin yaxın gələcəkdə Azərbaycanda da keçiriləcəyini dedi: «TÜRKSOY-un 20 illik yubileyi ərəfəsində sözügedən layihənin Azərbaycanda gerçəkləşdirməyi planlaşdırırıq. Bu tədbirin üstünlüyü ondadır ki, fotoqraflar tədbir keçirilən ölkənin bütün nailiyyətlərini, tarixi abidələrinin şəkillərini əks etdirirlər. Sonda biz TÜRKSOY olaraq bu fotoşəkillərin kataloqunu hazırlayırıq. Əlbəttə, bu, ölkənin təbliği üçün böyük materialdır. Çünki TÜRKSOY təşkilat olaraq etdiyi bütün ölkələrdə bu kataloqları da yayımlayır”.
   
   Gələcək planlar
   
   TÜRKSOY öz fəaliyyətində hər zaman yeniliklərə imza atır. Qurum bu yaxınlarda Ankaraya yaxın Çankırda bölgəsində duz heykəllərin hazırlanması ilə bağlı maraqlı layihə həyata keçirəcək: “Çankırı böyük duz mağaraları var. Dünyanın duz ehtiyatının demək olar ki, beşdə biri Çankırıdadır. 5 min ildir ki, orada duz çıxarılır. Şəhərin bələdiyyəsi ilə duzdan heykəllər hazırlamaqla bağlı razılıq əldə olunub. Sentyabrın 22-də başlayacaq bu tədbirə hər ölkədən heykəltəraşlar dəvət olunub”.
   Bu ilin oktyabrında isə TÜRKSOY-un Amerikada «İpək yolu» adı altında böyük tədbirə qatılacağını deyən E.Qafarlı bildirdi ki, layihə Amerikadakı türk diasporu ilə birgə keçirilir: «TÜRKSOY-a üzv ölkələrin sənətkarları dəvət ediləcək. Orda həm ölkələr öz stendlərində konsert verəcək, həm də milli mətbəx nümunələrini nümayiş etdirəcəklər. Bir sözlə, Amerikanın Çikaqo şəhərində böyük bir kompleksdə hər bir üzv ölkə öz mədəniyyətini nümayiş etdirəcək».
   
   Mehparə