Bu bir həqiqətdir ki, narkomaniyanın yayılması təkcə konkret insanların deyil, bütövlükdə cəmiyyətin, millətin sağlam həyat tərzi üçün təhlükə törədir.
   
   Ölkəmizdə, o cümlədən Astara rayonunda xüsusilə gəncləri bu təhlükədən, “ağ ölüm”dən çəkindirmək məqsədilə aparılan mübarizə ildən-ilə gücləndirilir.
   Prezident İlham Əliyevin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına müvafiq olaraq, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının birgə həyata keçirdiyi “Cənub gəncliyi sağlam həyat tərzini seçir” layihəsi çərçivəsində avqustun 31-də Astara Rayon Mərkəzi Kitabxanasında seminar keçirilib.
   Rayonun mədəniyyət, təhsil, səhiyyə və idman sahəsində çalışan gənclərinin iştirak etdiyi tədbirdən əvvəl iştirakçılar uşaq, yeniyetmə və gənclərin narkomaniyaya qarşı mübarizə mövzusuna həsr olunmuş rəsm əsərlərinə baxıblar.
   Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev bildirib ki, gəncləri sağlam həyat tərzinə cəlb etmək, onların asudə vaxtlarının təşkili məqsədilə müxtəlif idman və mədəniyyət tədbirləri keçirilir. Astara Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şadoğlan Bayramov, şöbənin inspektoru Əfqan Şəfiyev, kitabxanaçı-şairə Sakitə Əliyeva, tarix-diyarşünaslıq muzeyinin direktoru Gülzar İsmayılova və başqaları çıxış edərək narkomaniyanın cəmiyyət üçün ağır bəla olduğunu, bu bəlaya qarşı birgə mübarizə aparmağın vacibliyini vurğulayıblar.