Bakıda keçirilən beynəlxalq konfrans dünyanın bir çox ölkələrindən qonaqları bir araya gətirib
   
   Əbülfəs Qarayev: «Konfrans İpək Yolu regionunun qida, kulinariya və mədəni turizm potensialının diqqət mərkəzinə çevrilməsinə imkan yaradacaq»
   
   Sentyabrın 6-da «Jumeirah Bilgah Beach Hotel»ində Mədəniyyət və Turizm Nazirliyi, Dünya Turizm Təşkilatı (DTT) və Azərbaycan Turizm Assosiasiyasının təşkilatçılığı ilə “İpək Yolunun tamı: kulinariya, mədəniyyət və turizm” mövzusunda beynəlxalq konfrans öz işinə başladı. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, DTT-nin baş katibi Taleb Rifai, bu təşkilatın üzvü olan dövlətlərin milli turizm təşkilatlarının yüksək vəzifəli şəxsləri, ekspertlər, həmçinin yerli və xarici hökumət və qeyri-hökumət təşkilatlarının, dünyanın aparıcı KİV nümayəndələri iştirak edirlər.
   
   İştirakçılar konfransdan əvvəl hotelin foyesində təşkil edilmiş turizm və kulinariyaya aid elmi kitab, broşür və digər çap materialları ilə tanış oldular, Azərbaycan sənətkarlarının əl işlərindən ibarət sərgiyə baxdılar və ölkəmizin müxtəlif bölgələrinə aid şirniyyat növlərindən daddılar.
   Dünya Turizm Təşkilatının şöbə müdiri Alla Peresolovanın aparıcılığı ilə başlayan tədbirdə öncə qədim İpək Yolu üzərində yerləşən ölkələrin tarixi keçmişi və müasir inkişafından bəhs edən videoçarx nümayiş etdirildi.
   
   Turizm ölkəmizdə qeyri-enerji sektorunun əsas şaxələrindən biridir
   
   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, İpək Yolu üzərində yerləşən ölkələrin kulinariya, mədəniyyət və turizmini əhatə edən belə böyük konfrans Azərbaycanda ilk dəfə keçirilir: «Bu tədbirə ev sahibliyi etmək bizim üçün qürurvericidir. Azərbaycan mətbəxinin tarixi çox-çox qədimlərə söykənir. Tarixi İpək Yolu üzərində yerləşən ölkələr kifayət qədər böyük innovasiyaları, yenilikləri, mətbəx ənənələrini özündə təcəssüm etdirir. Biz də belə bir böyük ailənin - İpək Yolu ailəsinin üzvü olmaqdan qürur hissi duyuruq».
   Nazir qeyd etdi ki, konfrans Azərbaycan Prezidentinin də diqqət mərkəzindədir və ölkə başçısı tərəfindən yüksək dəyərləndirilir: «Azərbaycan turizmi çox sürətlə inkişaf edir. Hər il ölkəyə gələn turistlərin sayında 10-15 faiz artım müşahidə olunur. İl ərzində Azərbaycanda təxminən 40-a yaxın hotel açılır. İki gün əvvəl Bakıda beynəlxalq şəbəkə hotelləri qrupuna aid daha bir beşulduzlu mehmanxana - «Four Seasons Hotel Baku» kompleksi istifadəyə verildi. Bütün bunların hamısı turizmin ən mühüm istiqaməti olan xidmətin keyfiyyəti məsələsinə xüsusi yanaşma tələb edir. Biz artıq fəxr edirik ki, Azərbaycanda turizm sahəsi qeyri-enerji sektorunun əsas şaxələrindən biridir. Amma biz, eyni zamanda bu xidmətləri də təşviq etməliyik».
   Əbülfəs Qarayev ölkəmizin Dünya Turizm Təşkilatı ilə əlaqələrinə də toxunaraq bildirdi ki, qurum Azərbaycan Respublikasının irəli sürdüyü təşəbbüslərə yüksək diqqət və dəstək göstərir. Nazir buna görə təşkilata təşəkkürünü bildirdi: «Xüsusilə təhsil, maarifləndirmə və təcrübə mübadiləsi sahəsində bizim bu nüfuzlu təşkilatla əlaqələrimiz çox güclüdür. Biz şadıq ki, Azərbaycanın turizm sahəsi beynəlxalq səviyyədə Avropa və İpək Yolu ölkələri ilə yaxından əməkdaşlıq edir».
   Mədəniyyət və turizm naziri bildirdi ki, 2013-cü ildə Bakıda 2-ci Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. O zaman bugünkü konfransın nəticələri hiss ediləcək: «Çünki bu tədbirin təsiri, sadəcə, İpək Yolu ölkələrinin mütəxəssislərinin fikir mübadiləsi ilə bitməyəcək. Konfrans İpək Yolu regionunun qida, kulinariya və mədəni turizm potensialının diqqət mərkəzinə çevrilməsinə imkan yaradacaq. Konfrans iştirakçıları mətbəx turizmi ilə yaxından tanış olaraq, İpək Yolu ölkələrinin kulinariya təcrübəsinə dair fikir mübadiləsi aparmaq imkanı qazanacaqlar. Eyni zamanda, tədbir ölkəmizdə yerləşən bütün turizm obyektlərinin fəaliyyətinə təsirini göstərəcək. Burada irəli sürülən fikirlər, sadəcə, təkliflər şəklində qalmayacaq. Konfrans müddətində müxtəlif səpgili görüşlər keçiriləcək, mətbəx nümunələrinə aid maraqlı təqdimatlar olacaq. Bu tədbir iştirakçı ölkələrin bir-birini daha yaxından tanımasına rəvac verəcək. Konfransın qonaqları görəcəklər ki, azərbaycanlılar çox açıq düşüncəli və sülhpərvərdirlər. Biz son tikəmizi belə sizlərlə paylaşmağa hazır bir millətik. Hamınıza maraqlı müzakirələr və məhsuldar əlaqələr qurmağı arzu edirəm.
   Konfransdan sonra qonaqlarımızın bir qismi Azərbaycanın zəngin ənənələri ilə tanış olmaq və milli azlıqların yaşayışı, həyat tərzini görmək üçün ölkəmizin müxtəlif regionlarına səfər edəcəklər. Bir daha sizlərə “xoş gəlmişsiniz” deyirəm».
   
   Konfrans Azərbaycanın zəngin ənənəsinin təcəssümüdür
   
   Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai belə bir konfransın Bakıda keçirilməsini yüksək qiymətləndirdi və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə turizmin inkişafına böyük diqqət və qayğı göstərildiyini xüsusi qeyd etdi. Azərbaycana üç dəfə səfər etdiyini söyləyən baş katib hər gəlişində burada bənzərsiz yeniliklər və inkişafın şahidi olduğunu vurğuladı.
   Tədbirin işinə uğurlar arzulayan qonaq turizmin inkişafına dair marketinq, təbliğat, təşviqat, potensial quruculuq və insan qaynaqları və İpək Yolu ölkələri arasında viza rejiminin sadələşdirilməsi istiqamətində təkliflərlə çıxış etdi.
   Taleb Rifainin sözlərinə görə, bu gün turizm insanların həyatında elə bir təsir gücünə malik olan sənayedir ki, artıq onlar bunu anlamağa vaxt tapa bilmirlər: «Azərbaycan və azərbaycanlılar isə bu mühüm məqamı dərk edir və anlayır. May ayında Azərbaycanda «Eurovision» kimi nüfuzlu mahnı müsabiqəsi keçirildi. Bütün dünyanın diqqəti bu ölkəyə yönəldi. Bu çox böyük uğurdur. Mən hər dəfə Azərbaycana gələndə onun uğurlarının şahidi oluram. Azərbaycan öz ənənələri və tarixi olan bir təyinat ölkəsidir. Qastronomiya da xüsusi bir əhəmiyyətə malikdir. Bu beynəlxalq konfrans da Azərbaycanın zəngin ənənəsinin təcəssümüdür».
   Turizmin inkişafında kulinariyanın mühüm rol oynadığını söyləyən DTT baş katibi dedi ki, bu sahənin ümumi çəkisində 30 faizədək inkişaf ərzaq və digər qida məhsullarının üzərinə düşür.
   
   İpək Yolu dünya turizmində yeni məkan ola bilər
   
   İran İslam Respublikasının vitse-prezidenti, İran Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvi konfransın əhəmiyyətindən danışaraq tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirdi. İran rəsmisi beynəlxalq turizmin inkişafı istiqamətində mühüm layihələrin reallaşdırılması, İpək Yolu Baş Assambleyasının yaradılması, İpək Yolu gününün təsis olunması, İpək Yolu atlasının hazırlanması və digər təkliflər səsləndirdi.
   \"Tarixi İpək Yolunun əhəmiyyəti çox mühümdür və İpək Yolunun təkmilləşdirilməsinə ehtiyac var. Biz - İpək Yolu ölkələri öz turizm potensialımızdan layiqincə istifadə etməliyik\", deyə - Musəvi bildirdi. Onun sözlərinə görə, İpək Yolu ölkələri arasında Şengen vizasının analoqu yaradılmalıdır. Musəvi bildirdi ki, İran bu atlasın yaradılmasını öz üzərinə götürməyə hazırdır.
   * * *
   Sonra konfrans işini «Qida və turizm: qlobal meyllər və imkanlar», «İpək Yolunun kulinariya məkanlarının aparıcı şəbəkəsi kimi qurulması» və «İnkişaf üçün qida» mövzularında sessiyalarla davam etdirdi.
   Gün ərzində tədbir çərçivəsində «İpək Yolu qlobal səyahət mediasında» və «Rəqəmsal dövr: sosial media və səyahət» adlı dəyirmi masalar, həmçinin Azərbaycan, Türkiyə, İtaliya və İspaniya mətbəxlərinin təqdimatı və ustad dərsləri təşkil olundu, Azərbaycanın və Gürcüstanın istehsalı olan şərabların dequstasiyası keçirildi.
   Konfransa sentyabrın 7-də yekun vurulacaq.

   Fəxriyyə Abdullayeva