Sentyabrın 6-da Bakıda keçirilən “İpək yolunun tamı: kulinariya, mədəniyyət və turizm” mövzusunda beynəlxalq konfrans çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İran İslam Respublikasının vitse-prezidenti, İran Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
   
   Qonaqları salamlayan nazir onlara bu mühüm tədbirdə iştirak etdiklərinə görə təşəkkürünü bildirdi. İkitərəfli münasibətlərimizin inkişafında mədəni əlaqələrin mühüm əhəmiyyət daşıdığını bildirən Əbülfəs Qarayev “İpək Yolunun tamı: kulinariya, mədəniyyət və turizm” konfransının əhəmiyyətindən danışdı. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin gələcəkdə də uğurla inkişaf edəcəyinə ümidvar olduğunu deyən nazir mədəniyyət və turizm sahəsində də yeni layihələrin həyata keçiriləcəyini bildirdi.
   Seyid Həsən Musəvi Azərbaycana səfərindən və Prezident İlham Əliyevlə görüşündən məmnun olduğunu, bu görüşün ona olduqca xoş təsir bağışladığını bildirdi. Xalqımızın qonaqpərvərliyindən danışan qonaq tədbirdən də məmnun olduğunu qeyd etdi. O, ölkələrimiz arasında yeni əlaqələrin qurulması istiqamətində çalışacağını bildirdi. İranın qədim tarixi və zəngin turizm imkanlarının da gələcək əlaqələr üçün müsbət təsiri olacağını vurğuladı.
   Qonaq Bakıda keçirilən “İpək Yolunun tamı: kulinariya, mədəniyyət və turizm” mövzusunda beynəlxalq konfransda İran nümayəndə heyətinin də layiqli iştirak etməsi üçün səylə çalışdıqlarını, İranın mətbəxi, şirniyyatı və turizmi haqqında məlumatları əks etdirən sərgi masasının da maraqla qarşılandığını dedi. Seyid Həsən Musəvi gələcəkdə də Azərbaycanda keçirilən tədbirlərdə iştirak etməsindən məmnun olacağını bildirdi. 

   Reyhan