Xəbər verildiyi kimi, İranda həbsdə olan gənc azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə azad olunublar.
    Sentyabrın 6-da bununla bağlı Yazıçılar Birliyində mətbuat konfransı keçirən qurumun katibi, Xalq yazıçısı, Azərbaycan Pen-klubunun rəhbəri Çingiz Abdullayev şairlərin azadlığa çıxmasını yüksək qiymətləndirib: “Bu, Azərbaycan dövlətinin uğurudur.
   Gənclər azad olunmalı idilər və olundular. Görünür, İran dövləti onların günahsız olduğunu anladı”. “Bu həbs bizi çox narahat edirdi. Şairlərin həbsindən dərhal sonra Pen-klub etiraz bəyanatı yaydı, gənclərin müdafiəsini qurdu. Bəzi şəxslər bu işləri mənasız adlandırır, heç bir nəticə verməyəcəyini söyləyirdi. Amma onlar deyən olmadı. Düzü, heç bir nəticəsi olmadığını bilsəydik belə, müdafiə işindən geri durmayacaqdıq. Azərbaycan yazıçısı günahsız həbs edilirsə, Pen-klub buna reaksiya verməlidir”.
   Xatırladaq ki, gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə aprelin 29-da poeziya festivalında iştirak etmək üçün İrana gediblər. Onlar mayın 2-də Təbrizdə həbs olunublar. İyul ayının 3-də İranın “Press TV” kanalı məhbus şairlərlə bağlı video yayıb. Videoda şairlərin casusluqda ittiham olunduğu deyilib. Avqust ayında Şəhriyar Hacızadə və Fərid Hüseynin Təbriz Şəhər Məhkəməsində mühakiməsi başlayıb. Onların təbliğata cəhd göstərmədə ittiham olunduğu bildirilib. Sentyabrın 4-də yazarlar azadlığa buraxılıblar.