Sentyabrın 7-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən “İpək Yolunun tamı: kulinariya, mədəniyyət və turizm” konfransında iştirak etmək üçün ölkəmizə gəlmiş Pakistanın milli irs və inteqrasiya naziri xanım Samina Xalidhurki ilə görüşdü. “Jumeirah Bilgah Beach Hotel”də keçirilən görüşdə turizm və mədəni irs sahələrində əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıldı.
   
   İki ölkənin mövcud siyasi, iqtisadi və mədəni əlaqələrindən danışan Əbülfəs Qarayev bildirdi ki, xalqlarımız arasındakı tarixi dostluq əlaqələri son illərdə daha da genişlənib: “Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra Azərbaycanla Pakistan arasında qardaş və dost münasibəti olub və bu ən yüksək səviyyədə - həm dövlət başçıları səviyyəsində, həm də hökumət qurumları, nazirliklər arasında özünü göstərib. İnanıram ki, sizin bu səfəriniz ölkələrimiz arasında turizm və mədəniyyət sahəsində əlaqələrin inkişafına öz töhfəsini verəcək».
   Son illərdə Pakistandan Azərbaycana gələn turistlərin sayının xeyli artdığını bildirən nazir bu görüşdən sonra hər iki ölkəni ziyarət edəcək turistlərin sayında daha böyük artımın müşahidə olunacağına inandığını dedi.
   Pakistanın milli irs və inteqrasiya naziri öz növbəsində ölkəmizə səfərindən məmnunluğunu qeyd edərək belə bir mötəbər konfransa dəvət olunduğuna görə Azərbaycan hökumətinə təşəkkürünü bildirdi.
   Ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu söyləyən qonaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində rəsmi Bakının ədalətli mövqeyini daim dəstəklədiklərini vurğuladı. Xanım Samina Xalidhurki 2012-ci ilin fevralında Pakistan parlamentinin dünyada ilk dəfə olaraq Xocalı faciəsini soyqırımı kimi tanıdığını diqqətə çatdırdı.
   Görüş zamanı Azərbaycanla Pakistan arasında imzalanmış turizm sahəsində əməkdaşlığa dair saziş əsasında Fəaliyyət Planının hazırlanmasının və mədəni irs sahəsində təcrübə mübadiləsinin zəruriliyi də vurğulandı.