Yazıçı Şəmil Sadiqin “OdƏrlər” tarixi-fəlsəfi romanı “Hədəf Nəşrləri”ndə çapdan çıxıb.
   “Hədəf Nəşrləri”nin mətbuat xidmətindən bildiriblər ki, “XAN” (“Xalqımız, Azərbaycanımız Naminə”) çağdaş ədəbiyyat layihəsi çərçivəsində işıq üzü görən əsər müəllifin sayca dördüncü yaradıcılıq məhsuludur. Bundan öncə müəllifin “Qana qan qarışdı”, “Bu türk daha o türk deyil” dram və şeirlər kitabı, Müşfiq XAN ilə birgə qələmə aldıqları “Ümidlərin izi ilə” romanı oxuculara təqdim olunub.
   Kitaba görkəmli Xalq yazıçısı İsa Muğanna “Ön söz” yazıb. “Ön söz”də romanın orijinallığından söz açılır və əminlik ifadə olunur ki, ziyalı oxucu istedadlı müəllifin yeni əsərini rəğbətlə qarşılayacaq.
   “OdƏrlər” romanI Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun və “İgidliyə görə” medalı ilə təltif edilmiş şəhid baş leytenant Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunub. Kitabın redaktorları Yusif Alı Afşar və Cəlil Cavanşir, naşiri Müşfiq XAN, dizayneri Teymur Fərzidir.