Jerar Depardye: “Mən Azərbaycanı çox sevirəm və hər zaman bu ölkə ilə bağlı istənilən layihədə iştirak etməyə hazıram”
   
   Sentyabrın 15-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan dünya şöhrətli fransız aktyoru Jerar Depardye ilə görüşdü. Qonağı salamlayan nazir onun ölkəmizə gəlişindən məmnun olduğunu bildirdi.
   
   Jerar Depardye Azərbaycana ikinci dəfə səfər etdiyini bildirərək ölkəmizin nadir gözəlliyinə heyran olduğunu vurğuladı: “Azərbaycan Qafqazda gözəlliyi, mədəniyyəti və qonaqpərvərliyinə görə seçilir. İnsanlar bizi əcnəbi vətəndaş kimi deyil, yaxın adamları kimi qəbul edirlər”.
   Qonaq Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə görüşdüyünü də qeyd etdi: “Mehriban xanım Əliyevanın rəhbərliyi altında Azərbaycanda keçirilmiş “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə təşkilini də xüsusi qeyd etməliyəm. Parisdə də Azərbaycan mədəniyyətinin təbliği istiqamətində mühüm işlər görülür”.
   Azərbaycanda Fransa məktəbinin yaradılmasını təqdirlə qarşılayan aktyor Fransada Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətinə kömək etdiyini və bundan zövq aldığını diqqətə çatdırdı: “Mən Azərbaycanı hədsiz dərədəcə çox sevirəm və hər zaman bu ölkə ilə bağlı istənilən layihədə iştirak etməyə hazıram”.
   Azərbaycanda incəsənətin, mədəniyyətin inkişafından danışan qonaq kino sənətinə olan diqqətin artmasından məmnunluğunu bildirdi. Aktyor ürəkdən vurulduğu ölkəmizdə bir çox layihələri həyata keçirmək istədiyini dedi.
   Sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının rekonstruksiyası ilə bağlı niyyət protokolu imzalandı. Kinostudiyanın yenidən qurulması məşhur fransız aktyoru Jerar Depardyenin “STM” kino şirkəti tərəfindən həyata keçiriləcək. Sənəd mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Jerar Depardye və “STM” şirkətinin baş direktoru Arno Frille tərəfindən imzalandı.
   Nazir Əbülfəs Qarayev bildirdi ki, razılaşmaya əsasən, “STM” şirkəti 8 ay müddətində müvafiq layihələr hazırlayacaq: “Əminəm ki, bu razılaşmanın həyata keçirilməsi Azərbaycanın kinematoqrafiya sahəsinə yeni nəfəs gətirəcək. Kinostudiya müasir standartlarla təmin olunacaq”.
   Jerar Depardye sənədin imzalanmasından məmnunluğunu ifadə edərək daima hər bir layihədə Azərbaycana yardım etməyə hazır olduğunu vurğuladı: “İnanıram ki, yenidən qurulduqdan sonra “Azərbaycanfilm” kinostudiyasında müasir və dünya bazarına çıxarılacaq filmlər istehsal olunacaq. Bu sahədə istehsal və keyfiyyət daha da artacaq”. Qonaq bu cür layihələrin Azərbaycan və Fransa arasında əlaqələrin möhkəmlənməsində önəmli rolu olduğunu bildirdi.
   Ölkəmizdə olduğu müddətdə bir çox məkanları gəzdiyini vurğulayan aktyor Bakı Caz Mərkəzində gözəl musiqilər dinlədiyini, rəssamlarla da görüşdüyünü qeyd etdi: “Bilirəm ki, Azərbaycanın çox istedadlı rəssamları vardır və onların əsərlərini Parisə aparmaq niyyətindəyəm”.
   Bir həftəyə yaxın Azərbaycanda olan aktyor ölkəmizdə çəkilən “Aleksandr Düma Qafqazda” sənədli filmindən də söz açdı. Aktyor filmin çəkilişləri üçün Şəki və Qaxda olduğunu bildirdi. Sənədli film məşhur fransız yazıçısı Aleksandr Dümanın 1858-ci ildə Qafqaza və Azərbaycana səfərindən bəhs edir.
   
   Reyhan İsayeva