Beynəlxalq festival çərçivəsində “Azərbaycan musiqi tarixi” kitabı təqdim edildi
Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən IV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı davam edir.
Sentyabrın 20-də festival çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli: sələfləri və xələfləri” adı altında tədbir keçirildi. Tədbirdə “Azərbaycanın musiqi tarixi”nin I cildi (qədim dövrlərdən XX əsrə qədər; müəlliflər Z.Səfərova, L.Kazımova, R.Rzaquliyeva, G.Vəzirova, U.Talıbzadə, K.Dadaşzadə, M.Kərimli, S.Ağayeva) və musiqişünas-alim, AMEA-nın müxbir üzvü Zemfira Səfərovanın “Dedim, dedilər...” məqalələr toplusu təqdim olundu.
Tədbiri Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə açaraq “Azərbaycanın musiqi tarixi” kitabının hazırlanmasında böyük bir kollektivin zəhməti olduğunu vurğuladı: “Burada musiqi tariximizə aid tərcümeyi-hallar, əlyazmalar, bilgilər toplanaraq geniş oxucu kütləsinə təqdim edilir. Zövqlə, həvəslə yazılan kitabda Azərbaycan musiqi tarixi gözəl şəkildə əks olunub. Bu, musiqi tariximizin öyrənilməsinə mühüm töhfədir”.
Kitabın rəyçilərindən biri, akademik Teymur Bünyadov qeyd etdi ki, musiqi təkcə bu sahə ilə məşğul olanların deyil, bütün xalqın sərvətidir: “Ümid edirəm ki, Üzeyir bəy dühası ilə başlanan ilk cildin davamı daha da maraqlı olacaq. Azərbaycan xalqı böyük tarixə və mədəniyyətə malikdir. Üçcildlik “Azərbaycan etnoqrafiyası”, yeddicildlik “Azərbaycan tarixi” və s. nəşrlərlə yanaşı, sazlı-sözlü Azərbaycan musiqisi haqqında kitabın hazırlanması mədəniyyət tariximizdə mühüm hadisədir”.
Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva beynəlxalq festival çərçivəsində təqdimatı gerçəkləşən kitabı uğurlu layihə kimi qiymətləndirdi: “Kitabda qədim tariximiz, musiqiçilərimiz haqqında materiallar həm də xalqımızın soy-kökünün nə qədər qədim olduğunu bir daha sübuta yetirir. Kitabda Qobustan qayalarındakı musiqi izləri, qədim musiqi alətlərimiz və rəqslərimiz haqqında məlumatlar çox əhatəli şəkildə təqdim olunur. Yaradıcı heyəti belə bir nəşrin ərsəyə gəlməsi münasibətilə təbrik edirəm”.
“Musiqi dünyası” jurnalının baş redaktoru Tariyel Məmmədov və digər musiqişünas alimlər kitabın eyni zamanda dəyərli dərs vəsaiti olduğunu vurğuladılar.
Sonda müəlliflər adından çıxış edən Zemfira Səfərova kitabın hazırlanmasında əməyi keçənlərə təşəkkürünü bildirdi. Qeyd etdi ki, nəşrdə qədim dövrlərdən başlayaraq şifahi, ənənəvi, peşəkar xalq musiqimiz, aşıq sənətimiz, muğam və rəqslərimiz təhlil edilir. Nizami dövründə musiqimizin inkişafı, XII-XV əsrlərdə yaşamış musiqi elmimizin korifeyləri S.Urməvi, Ə.Marağayi, F.Şirvani haqqında geniş məlumat verilir. Azərbaycan muğam sənətinin inkişafında Şuşa, Şamaxı və Bakı məktəblərinin böyük rolu da bu əsərdə öz yerini tapıb. Z.Səfərova “Dedim, dedilər...” toplusunun da kollektiv əməyin nəticəsində ərsəyə gəldiyini vurğuladı.
Lalə Azəri