Avstriya ilə Azərbaycan arasında turizm sahəsində əlaqələr müzakirə edilib, əməkdaşlıq sazişinin imzalanması barədə razılıq əldə olunub
   
   Sentyabrın 26-da Avstriyanın paytaxtı Vyanada “Qafqaz və Mərkəzi Asiya - Qlobal iqtisadi çağırışlar şəraitində davamlı inkişafın təşviqi” mövzusunda Nazirlər Konfransı keçirilmişdir. Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirdə iştirak etmişdir.
   
   Konfransda çıxış edən nazir ölkəmizdə turizm sahəsində aparılan islahatlar, həyata keçirilən tədbirlər barədə danışmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin turizm sektorunun inkişafına xüsusi diqqət göstərdiyini iclas iştirakçılarının diqqətinə çatdıran Əbülfəs Qarayev qeyd etmişdir ki, ölkənin turizm potensialının beynəlxalq aləmdə tanıdılması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, normativ-hüquqi aktların qəbulu, bu sahədə kiçik və orta sahibkarlığın təşviqi, müasir turizm infrastrukturunun yaradılması və ixtisaslı kadrların hazırlanması sahəsində bir çox mühüm tədbirlər həyata keçirilmişdir.
   Ölkəmiz Birləşmiş Millətlər Təşkilatı (BMT), Dünya Turizm Təşkilatı (DTT), Avropa Şurası, İslam Konfransı Təşkilatı (İKT), Müstəqil Dövlətlər Birliyi (MDB), GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və s. beynəlxalq təşkilatlarla turizm sahəsində səmərəli əməkdaşlıq əlaqələri qurmuş, bu istiqamətdə həyata keçirilən beynəlxalq proqramlara fəal surətdə qoşulmuşdur. Bunun nəticəsi olaraq, Azərbaycan 30-a yaxın ölkə ilə turizm sahəsində əməkdaşlığa aid saziş bağlamış, ölkəmizin turizm potensialının beynəlxalq arenada tanınmasında mühüm irəliləyişə nail olmuş, iştirak etdiyimiz beynəlxalq turizm sərgilərinin sayı artmış və coğrafiyası genişlənmişdir. Son 5 il ərzində Azərbaycan London, Paris, Nyu-York, Moskva, Berlin, Pekin, Milan, Madrid, Dehli, Vyana, Mumbay, İstanbul, Tokio, Əl-Küveyt, Dubay, Kiyev, Tbilisi, Bəhreyn, Daşkənd və digər şəhərlərdə keçirilən beynəlxalq turizm sərgilərində iştirak etmiş, respublikamızın turizm potensialı 70-ə yaxın beynəlxalq sərgidə nümayiş etdirilmişdir. 2006-cı ildən başlayaraq dünyanın məşhur televiziya kanallarında respublikanın turizm potensialını əks etdirən reklam çarxları yayımlanır. Bunların sırasına “CNN”, “National Geographic”, “Travel Channel”, “Euronews”, “BBC” və “CNBC” kimi nüfuzlu televiziya kanalları daxildir.
   Nazir hər il Bakı şəhərində ənənəvi “AİTF” beynəlxalq turizm və səyahətlər sərgisinin keçirildiyini də diqqətə çatdırmışdır. Bildirilmişdir ki, sərgidə iştirak edən xarici ölkələrin coğrafiyası genişlənir, turizm şirkətlərinin sayı ildən - ilə artır. 2012-ci ildə iştirakçı ölkələrin sayı 32-yə, şirkətlərin sayı isə 120-yə çatmışdır.
   Əbülfəs Qarayev çıxışında ölkəmizdə turizm və xidmət sahəsində fəaliyyət göstərən qurumlar barədə də söz açmışdır. Qeyd olunmuşdur ki, mehmanxana biznesində çalışan sahibkarların maraqlarının müdafiə edilməsi və səmərəli idarəetmə sisteminin təşkili məqsədilə 2006-cı ildə Azərbaycan Mehmanxanalar Assosiasiyası, 2008-ci ildə isə turizm şirkətlərinin fəaliyyətinin inkişaf etdirilməsi, onların işindən mövcud olan problemlərin aradan qaldırılması, turizm şirkətlərinin mənafeyinin qorunması, vahid şəkildə yerli və beynəlxalq tədbirlərdə iştirakının təmin olunması məqsədilə Azərbaycan Turizm Assosiasiyası yaradılmışdır. 2010-cu ildən turizm sahəsində özəl sektorun işinin səmərəli təşkil olunması məqsədilə sözügedən iki qurum birləşərək AZTA adı altında fəaliyyət göstərməkdədir.
   Çıxışda həmçinin vurğulanmışdır ki, Azərbaycanın turizmin inkişafı sahəsində əldə etdiyi ən böyük nailiyyətlərdən biri də qış turizm növlərinin inkişaf etdirilməsi məqsədilə Qusar rayonunda dağlıq ərazidə, dəniz səviyyəsindən 1400-2500 metr yüksəklikdə ən müasir standartlara cavab verən “Şahdağ” Qış-Yay İdman-Turizm Kompleksinin inşa olunmasıdır. Kompleksin tikintisi başa çatdıqdan sonra hər gün 10000 turistin qəbulu təmin ediləcək, 5000-ə yaxın iş yerinin təşkilinə imkan yaranacaqdır. Ölkə başçısının bölgəyə mütəmadi baş çəkərək kompleksin tikinti prosesi ilə yaxından maraqlanması bu layihəyə dövlət qayğısının bariz sübutu kimi qiymətləndirilməlidir.
   Nazir ölkə rəhbərliyinin turizmə göstərdiyi xüsusi diqqətin başqa bir məntiqi nəticəsi kimi 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsini də diqqətə çatdırmışdır. İl ərzində həyata keçirilən tədbirlər respublikada turizmin daha da inkişaf etdirilməsinə mühüm töhfə olmuş, turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasında böyük rol oynamışdır.
   Qeyd olunmuşdur ki, turizm sektorunda görülən işlər ölkəyə turist axınına da müsbət təsir edir. Ötən il Azərbaycana gələn əcnəbilərin sayı ilk dəfə 2 milyon rəqəmini aşmış, ölkəmiz 2 milyon 239 min nəfər qonaq qəbul etmişdir. Bu, 2010-cu ilə nisbətən 14% çoxdur. Ölkədə 508 mehmanxana fəaliyyət göstərir, orada yerləşdirilmiş şəxslərin sayı 2010-cu illə müqayisədə 16,3% artmışdır ki, onların da 50%-dən çoxu xarici ölkə vətəndaşlarıdır. 5 il öncə ölkədə fəaliyyət göstərən mehmanxanaların sayı 300-dən az idisə, təkcə ötən il Azərbaycanda 30 mehmanxana və mehmanxana tipli obyekt istifadəyə verilib. Hazırda ölkə ərazisində 45 mehmanxana inşa edilir, 178 turizm şirkəti fəaliyyət göstərir.
   Digər ölkələrin nümayəndələrinin çıxışlarından sonra konfrans debatlar şəklində davam etdirilmişdir.
   * * *
   Vyanaya səfəri çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avstriyanın iqtisadiyyat, ailə və gənclər üzrə federal naziri Reinhold Miterlenerlə görüşmüşdür. Görüşdə ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və perspektivləri müzakirə edilmişdir. Əbülfəs Qarayev bildirmişdir ki, Avstriya ilə Azərbaycan arasında turizm sahəsində əlaqələrin inkişafı üçün böyük imkanlar mövcuddur və Avstriyanın bir çox şirkətləri ölkəmizdə turizm infrastrukturunun qurulmasında yaxından iştirak edir. Qusar rayonunda qış-yay dağ-idman turist kompleksinin inşasında Avstriya şirkətlərinin iştirakını xüsusilə vurğulayan nazir Azərbaycan Turizm İnstitutu və Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti arasında turizm və asudə vaxt menecmenti üzrə bakalavr proqramına dair əməkdaşlıq sazişinin imzalandığını və bu istiqamətdə əlaqələrin inkişaf etdirildiyini nəzərə çatdırmışdır. Avstriyalı nazir isə öz növbəsində Azərbaycanla turizm sahəsində əlaqələrin inkişafının vacibliyini qeyd edərək bu istiqamətdə intensiv görüşlərin əhəmiyyətini vurğulamışdır.
   Görüşdə iki ölkə arasında turizm sahəsində sazişin imzalanması və işçi qrupun yaradılması barədə razılıq əldə olunmuşdur.
   Mədəniyyət və turizm naziri səfər çərçivəsində həmçinin “Atlantis” şirkəti və Krems Universitetinin nümayəndələri ilə görüşlər keçirmiş, “Circle Diplomacy” jurnalına müsahibə vermişdir.