Bakıda beynəlxalq elmi konfrans keçirilib
   
   Sentyabrın 27-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Nizami irsinin təbliği” mövzusunda beynəlxalq elmi konfrans keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin, Milli Kitabxananın və TÜRKSOY-un təşkilatçılığı ilə gerçəkləşən tədbirin iştirakçıları əvvəlcə Nizami Gəncəviyə həsr olunmuş kitab sərgisi ilə tanış oldular.
   
   Tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin geniş şəkildə qeyd olunduğunu, müxtəlif elm, təhsil və mədəniyyət ocaqlarında olduğu kimi, Milli Kitabxanada da bir sıra tədbirlərin, kitab və disk təqdimatlarının keçirildiyini diqqətə çatdırdı: “Bu gün yenə Nizami işığına toplaşmışıq. Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planına uyğuna olaraq keçirilən elmi konfrans Nizami irsinə həsr olunub. Nizami elə bir dühadır ki, onun irsi hər zaman aktualdır”.
   Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev böyük şairin dünya söz xəzinəsinə əvəzsiz nümunələr bəxş etdiyini vurğuladı. Qeyd olundu ki, bəşər bədii fikrinin nadir siması olan Nizaminin yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilib. Böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyəti həmin dövrdə təkcə Azərbaycanın və Qafqazın deyil, Yaxın Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınan Gəncə ilə bağlıdır. Şair ömrü boyu burada yaşayıb-yaratmış və dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş etmişdir: “Azərbaycan Prezidentinin 23 dekabr 2011-ci il tarixli sərəncamına əsasən qüdrətli söz ustadının 870 illik yubileyi həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə geniş qeyd olunur. Yubiley tədbirlərinin keçirilməsində Mədəniyyət və Turizm, Təhsil, Xarici İşlər nazirlikləri, Yazıçılar İttifaqı, Milli Elmlər Akademiyası, Gəncə Şəhər İcra Hakimiyyəti iştirak edir. Sentyabrın 29-30-da Gəncədə, oktyabrın 1-də Bakıda keçiriləcək yubiley tədbirlərində dünyanın bir sıra ölkəsindən qonaqlar iştirak edəcək”.
   AMEA-nın müxbir üzvü, professor Teymur Kərimli Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında geniş məruzə etdi. Alim bildirdi ki, şairin mükəmməl divanı olsa da, tam halda deyil, yalnız bəzi nümunələri bu günə gəlib çatıb: “Nizami yaradıcılığından danışmaq həm asan, həm də çətindir. O təkcə öz xalqının deyil, bütün bəşəriyyətin dirçəlməsi, maariflənməsi uğrunda yazıb, yaradıb. Ədibin 20 min beytdən ibarət divanı olub. Ölkə başçısının sərəncamına uyğun olaraq alimlərimiz yəqin ki, müxtəlif ölkələrin kitabxanalarında, kitab fondlarında, şəxsi kolleksiyalarda tədqiqatlar aparacaqlar. Bizdə çox böyük inam var ki, onun divanı tapılacaq. Çünki Nizaminin “Xəmsə”sinin əlyazmaları bu günümüzə gəlib çatıbsa, onun divanının da nüsxələri olmalıdır”.
   TÜRKSOY təmsilçisi Liliya Səttarova bütün dünyada böyük mütəfəkkir kimi qəbul edilən Nizami yaradıcılığının təbliğinə xüsusi diqqət göstərildiyini dedi, konfransın əhəmiyyətindən söz açdı. Qeyd olundu ki, Mədəniyyət və Turizm Nazirliyi ilə TÜRKSOY arasında sıx əlaqələr mövcuddur. Qurum tərəfindən türkdilli ölkələrin, o cümlədən Azərbaycanın mütəfəkkir insanlarının, görkəmli şəxsiyyətlərinin yubileyləri qeyd olunur. Sonra o, TÜRKSOY-un yeni nəşrlərini Azərbaycan Milli Kitabxanasına hədiyyə etdi.
   Çexiya Milli Kitabxanasının nümayəndəsi Jindrich Marek “Nizami əlyazmalarının Çexiya Milli Kitabxanasında qorunması” mövzusunda məruzə etdi. Çexiya Milli Kitabxanasında Nizami ilə bağlı 400-dən artıq əlyazmanın olduğunu, onların bəzilərinin orijinal və üzü köçürülməklə surətinin Azərbaycan Milli Kitabxanasına hədiyyə ediləcəyini bildirdi. Qeyd olundu ki, çexiyalı alimlər bu əlyazmaların üzərində araşdırmalar aparıblar, həmin tədqiqatlar da ölkəmizin Milli Kitabxanasına təqdim olunacaq.
   Sonra Türkiyə Milli Kitabxanasının direktoru Tüncel Acar “Nizami Gəncəvinin türk ədəbiyyatı tarixində yeri və önəmi”, Qırğızıstan Milli Kitabxanasının nümayəndəsi Çolpon Şabdanova “Qırğızıstanda Nizami irsinin təbliği” mövzusunda məruzə ilə çıxış etdilər.
   * * *
   Beynəlxalq konfrans çərçivəsində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası ilə Türkiyə Cümhuriyyəti Milli Kitabxanası arasında əməkdaşlıq haqqında memorandum imzalandı, Türkiyə, Çexiya, Qırğızıstan və digər ölkələrin milli kitabxanalarında saxlanılan Nizami əlyazmalarının nüsxələri Azərbaycan Milli Kitabxanasına hədiyyə edildi.
   Tədbirin sonunda “Nizami Gəncəvi: biblioqrafiya” kitabının və “Nizami Gəncəvi-870” elektron məlumat bazasının təqdimatı keçirildi.
   
   Ceyhun Zərbəliyev