Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə oktyabrın 1-də “Park İNN” hotelində Xalq şairi Mirvarid Dilbazinin 100 illik yubileyinə həsr edilmiş “Xalq şairi- El anası” mövzusunda dəyirmi masa keçirildi.
   
   Mərkəzin direktoru, professor Vilayət İsmayılov Mirvarid Dilbazinin həyat yolu və yaradıcılığı, Azərbaycan mədəniyyəti tarixində rolu və bədii irsi haqqında məlumat verdi.
   Millət vəkili Arif Rəhimzadə çıxışında qeyd etdi ki, Azərbaycanda incəsənətə və ədəbiyyata həmişə yüksək qiymət verilib. Mirvarid Dilbazinin layiq görüldüyü titul və mükafatları sırasında ən böyük mükafatın xalqının sevgisi olduğunu bildirən millət vəkili şairənin də xalqına hədsiz sevgisi və vurğunluğundan söz açdı. Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin Elmi-metodiki sektorunun müdiri Asif Usubəliyev şairənin əsərlərində xalqa, vətənə məhəbbətin başlıca mövzu olduğunu vurğuladı: “Biz onun yazdıqlarını vərəqlədikcə bir daha bunun şahidi oluruq. Ədəbiyyat xadimi üçün bu, ən dəyərli şərtlərdən biridir”.
   Tədbirdə S.Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymur “Mirvarid Dilbazinin həyat və yaradıcılığı”, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Safura Quliyeva “Mirvarid Dilbazinin lirikası”, “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun baş memarı Fəxrəddin Miralayev “Xatirələrdə yaşayan Mirvarid Dilbazi” mövzularında çıxış etdilər. Bildirildi ki, Mirvarid Dilbazi XX əsrin lirik şairəsi kimi sevilib. Yaradıcılığında qadının cəmiyyətdə roluna geniş yer ayrılıb, kövrək ana duyğusu, sülh, vətənə məhəbbət və doğma yurdun təbiəti bənzərsiz obrazlarla təsvir edilib.
   Çıxışlardan sonra şairənin ədəbi irsi haqqında müzakirələr aparıldı, Əməkdar artist Tünzalə Ağayeva şairənin sözlərinə bəstələnmiş mahnılar haqqında məlumat verdi. Tədbirdə Mirvarid Dilbazinin ailə üzvləri, qohumları, millət vəkilləri, elm və mədəniyyət xadimləri iştirak edirdilər.    

   L.Azəri