Xurşidbanu Natəvanın yubileyi qeyd olundu
   
   Sentyabrın 28-də Dövlət Mahnı Teatrında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın 180 illik yubileyinə həsr edilmiş tədbir keçirildi.
   
   Tədbir iştirakçıları əvvəlcə şairənin yaradıcılığına və ümumilikdə XIX əsr Qarabağ ədəbi mühitinə həsr olunmuş sənədli filmə tamaşa etdilər.
   Natəvan irsinin tədqiqatçısı, AMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Raqub Kərimov, filologiya elmləri doktoru Asif Rüstəmli və başqaları çıxış edərək ədibin həyat və yaradıcılığından söz açdılar. Qeyd olundu ki, bədii yaradıcılığa XIX əsrin 50-ci illərində başlamış Natəvan Azərbaycan ədəbiyyatında Füzuli ənənələrini davam etdirən görkəmli şairlərdən biri kimi tanınır. Klassik ədəbi ənənələrimizi yaşadan, yüksək humanizm ideyaları, dərin lirizm ifadə edən yaradıcılığı və unikal şəxsiyyəti sayəsində Natəvan dövrün ədəbi mühitinin formalaşmasına mühüm təsir göstərərək xalqımızın mədəni irsinin zənginləşməsinə töhfələr verib.
   Paytaxt ictimaiyyətinin iştirak etdiyi tədbirin sonunda incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etdilər.
   
   Ceyhun