Ağsuda keçirilən IV Beynəlxalq Avrasiya Arxeologiyası Konfransı bunu bir daha təsdiqlədi
   
   Oktyabrın 2-də Ağsu şəhərində Mədəniyyət və Turizm Nazirliyi, Ağsu Rayon İcra Hakimiyyəti, Türkiyənin Doqquz Eylül Universiteti, Qafqaz və Orta Asiya Araşdırmalar Mərkəzi və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə IV Beynəlxalq Avrasiya Arxeologiyası Konfransı işə başladı. Tədbirdə dövlət rəsmiləri, Türkiyə, Rusiya və Mərkəzi Asiya regionundan arxeoloji araşdırma mərkəzlərinin təmsilçiləri, elm adamları iştirak edirdilər.
   
   Konfrans iştirakçıları əvvəlcə rayon mərkəzindən 4-5 kilometr cənub-şərqdə yerləşən Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksi ilə tanış oldular. Burada qonaqlara Azərbaycanın folklor nümunələrindən ibarət konsert proqramı, milli təamlar təqdim edildi.
   Sonra AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri doktoru Qafar Cəbiyev konfrans iştirakçılarına ərazidə aparılan arxeoloji tədqiqatların nəticələri barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, hələ 1983-cü ildə Ağsu-İsmayıllı ekspedisiyası tərəfindən aparılan ilk kəşfiyyat xarakterli tədqiqatlar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələri, o cümlədən keramika məmulatları və sikkələr burada XVIII əsrdə gur şəhər həyatı olduğunu deməyə əsas verib. Son illərdə isə “Miras” İctimai Birliyinin təşəbbüsü, Ağsudan olan xeyriyyəçi insanların maliyyə dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarından ibarət birgə ekspedisiya tərəfindən geniş tədqiqatlar başlanıb. Nəticədə orta əsr Azərbaycan tarixinin, o dövr şəhər mədəniyyətinin öyrənilməsinə dair xeyli maddi-mədəniyyət nümunələri əldə olunub.
   Ekspedisiya rəisi məlumat verdi ki, 1735-ci ildə Nadir şahın əmri ilə salınmış və 70 il Şirvan xanlığının mərkəzi olan Orta əsr Ağsu şəhəri böyük inkişaf yolu keçib. Bu yaxınlarda qazıntı ərazisində aşkara çıxarılan 8 metr dərinliyində ərzaq anbarı, buradan tapılan 37 ədəd qızıl sikkə (Holland dukatları) və Şirvan xanlığına məxsus gümüş sikkələrdən ibarət dəfinələr Ağsunun vaxtilə geniş əlaqələri olduğunu göstərir.
   Ayrı-ayrı qazıntı sahələri, habelə “Azərbaycan kərpic memarlığı” rəsm sərgisi ilə tanışlıq iştirakçılarda zəngin təəssürat yaratdı.
   
   * * *
   Konfransın rəsmi açılışı Ağsu Rayon Mədəniyyət Sarayında keçirildi. Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev açaraq Avrasiya regionundan tanınmış elm adamlarının qatıldığı konfransın əhəmiyyətini qeyd etdi: “Hesab edirəm ki, konfrans Ağsu rayonunun arxeoloji turizm potensialının təbliğinə də töhfə verəcək”.
   Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev ölkəmizdə maddi-mədəni irs nümunələrinin qorunması ilə bağlı görülən işlərdən danışdı: “Azərbaycanda maddi-mədəni irsə dövlət tərəfindən böyük diqqət göstərilir. Tariximiz elmi əsaslarla öyrənilir. Tarixi abidələr bərpa edilir, arxeoloji tədqiqatların həcmi artırılır. Müsbət haldır ki, dövlət təşkilatları ilə yanaşı, xeyriyyəçi insanlarda bu işə dəstək verirlər. İndi Ağsuda gözəl arxeoloji turizm kompleksi yaradılıb. Hesab edirəm ki, bu kompleksin turizm baxımından səmərəsi daha da artacaq və ərazi arxeoloji şəhərciyə çevriləcək”.
   Nazir müavini regionun turizm potensialından da söz açdı. Qeyd olundu ki, bölgədə arxeoloji turizmin inkişafı üçün böyük potensial var. Bu imkanlardan faydalanmaq lazımdır. Genişmiqyaslı arxeoloji düşərgələrdə və qədim şəhər yerlərində turizm kompleksləri, zəruri infrastruktur yaradılmalıdır: “Ərazi arxeoloji abidələrlə zəngindir. Tapılan maddi-mədəniyyət nümunələri isə muzeylərimizin fondunu zənginləşdirir. Əcnəbi turistlər də bu yerlərə maraq göstərirlər. Ona görə də arxeoloji, tarixi abidələri biz layiqli şəkildə təqdim etməliyik. Üç il bundan qabaq kompleks ərazisində heç bir abidə yox idi. Amma indi burada möhtəşəm kompleks yaradılıb. Artıq qədim şəhər turizm məhsuluna çevrilib. Hesab edirəm ki, növbəti illərdə belə abidələrin sayı artacaq. Azərbaycanda arxeologiya elminə həmişə maraq olub. Təqdir olunası haldır ki, gənclər də bu tədbirlərdə fəal iştirak edirlər. Düşünürəm ki, beynəlxalq konfrans Avrasiya regionunda arxeologiya elmi üçün həm nəzəri, həm də praktik nöqteyi-nəzərindən faydalı olacaq”.
   Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova Avrasiya regionu arxeoloji irsinin dünyanın ən qədim və zəngin nümunələrini əhatə etdiyini bildirdi: “Bu region bəşər tarixində bir çox başlanğıcların əsasının qoyulduğu və kəşf edildiyi ərazidir. Bura incəsənətin, erkən sivilizasiyanın, ilk insan yaşayış məskənlərinin təşəkkül tapdığı regiondur. Avrasiya Quruçay, Kür-Araz, Xocalı-Gədəbəy və bu kimi onlarla mədəniyyətin formalaşdığı və inkişaf etdiyi arealdır. Azərbaycanın əksər bölgələrində bu gün arxeoloji tədqiqatlar davam etdirilir. ABŞ, Fransa, Türkiyə, Yaponiya, Almaniya, Gürcüstan alimləri ilə birgə tədqiqatlar aparılır. Bu da Azərbaycan arxeologiyasının dünya miqyasında tanınmasına şərait yaradır”.
   “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli mədəniyyətlərarası dialoq, Avropa-Şərq əlaqələri mövzularının araşdırılmasının müasir Azərbaycan elminin prioritet sahələrindən biri olduğunu bildirdi, o cümlədən arxeologiya elmi sahəsində əldə olunan nailiyyətlərdən danışdı: “Milan Politexnik Universitetinin iki magistri Orta əsr Ağsu şəhəri haqqında dissertasiya yazır. Azərbaycanla bağlı bir arxeoloji abidə haqqında elmi əsərlərin ortaya qoyulması Azərbaycan elmi ictimaiyyətinin uğurudur. Mən bizim işimizə dəstək verən insanlara, Mədəniyyət və Turizm Nazirliyinə öz minnətdarlığımı bildirirəm”.
   Türkiyədə fəaliyyət göstərən Türk İslam Əsərləri Muzeyinin direktoru Siracəddin Şahin Orta əsr Ağsu şəhərində aparılan tədqiqatların digər ölkələrdə arxeoloji çalışmalar üçün örnək ola biləcəyini vurğuladı.
   İtaliyanın Ali Restavrasiya Mərkəzinin nümayəndəsi Ernesto Borrelli, Türkiyənin Doqquz Eylül Universitetinin dekanı Bayram Bayraktar, Qafqaz və Orta Asiya Araşdırmalar Mərkəzinin direktoru Semih Güner, Rusiya Elmlər Akademiyası Maddi Mədəniyyət Tarixi İnstitutunun direktor müavini Ludmila Sakalova gənclərin tədqiqatlarda yaxından iştirakını yüksək qiymətləndirdilər. Bildirildi ki, Ağsu bir mədəniyyət şəhəridir. Burada görülən işlər mədəni irsin təbliğinə xidmət edir. Avrasiya bölgəsində zəngin və qədim mədəniyyət mərkəzlərinin kəşf edilməsi davam etdirilməlidir.
   Tədbirdən sonra iştirakçılar Şamaxı Tarix-Diyarşünsalıq Muzeyi, İsmayıllı rayonunun Basqal qəsəbəsində “Kəlağayı” İpək Muzeyinin fəaliyyəti ilə tanış oldular.
   
   * * *
   Sentyabrın 3-də beynəlxalq tədbir işini İsmayıllı rayonundakı “Qaya” istirahət kompleksinin konfrans zalında davam etdirdi. AMEA-nın müxbir üzvü Vəli Əliyev “Azərbaycanda arxeoloji tədqiqatlar” mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi ki, Avrasiya məkanında arxeoloji abidlərin zənginliyi ilə seçilən Azərbaycan qədim insan yaşayış məskənləri, qədim şəhərlər, bir çox xalqların qədim mədəniyyətlərinin kəsişdiyi bölgə olub.
   Qarabağ ekspedisiyasının rəhbəri, professor Hidayət Cəfərov “Palıdlı” nekropolunda arxeoloji tədqiqatların ilkin nəticələri haqqında məlumat verdi. Qeyd olundu ki, Qarabağın işğal altında olmayan ərazilərində tədqiqatlar davam etdirilir. Son illərdə aşkar olunaraq arxeoloji xəritəyə əlavə olunmuş yeni abidələr sırasında Ağdamın Yuxarı Yüzbaşlı və Mirəşelli kəndləri arasında yerləşən son tunc və ilk dəmir dövrünə aid “Palıdlı” nekropolu xüsusilə seçilir. Nekropol Qarabağın çoxillik arxeoloji tədqiqatlar tarixində aşkar edilən ilk bu tip abidədir.
   Azov Tarixi, Arxeoloji və Paleontoloji Muzey-Qoruğunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru İrina Qusaç “Türk qalası Azov qazıntılarından yeni tapıntılar”, “Miras” İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli “Ağsu təcrübəsi - mədəni irs nümunələrinin tədqiqi, konservasiyası, mühafizəsi və təbliği”, İçərişəhər Tarix-Memarlıq Qoruğu Elmi-Mədəni Mərkəzinin arxeologiya üzrə baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Qənirə Pirquliyeva “Türk dilindən rus dilinə keçən bəzi numizmatik terminlər haqqında”, Novosibirsk Universitetinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Alisa Borisenko “XVIII əsrdə avropalı alimlər tərəfindən Cənubi Sibirdə qədim türk əşyalarının öyrənilməsi” mövzularında çıxış etdilər.
   
   * * *
   Oktyabrın 4-də konfrans arxeologiya, etnoqrafiya, qayaüstü təsvirlər və mədəni və arxeoloji turizmin inkişaf perspektivləri mövzusunda sessiyalarda işini davam etdirdi. İştirakçılar Ağsu, Şamaxı, İsmayıllı rayonlarının ərazilərində mədəniyyət və irs nümunələri ilə yaxından tanış oldular. Beynəlxalq konfrans oktyabrın 5-də başa çatacaq.
   
   Ceyhun Zərbəliyev