Oktyabrın 15-də Türkiyənin Trabzon şəhərində V Türk Dünyası Mühəndislik, Memarlıq və Şəhərsalma Qurultayı işə başladı.
   
   Oktyabrın 18-dək davam edəcək tədbir Türk Dünyası Mühəndislər və Memarlar Birliyi tərəfindən Türkiyə Cümhuriyyəti Ətraf Mühit və Şəhərsalma Nazirliyinin himayəsi və TÜRKSOY-un dəstəyi ilə gerçəkləşir. Qurultay çərçivəsində bu il ilk dəfə olaraq Memar Sinan adına beynəlxalq layihə olimpiadası da keçirilir. Qurultayda türkdilli ölkələrdən, o cümlədən Azərbaycandan nümayəndə heyəti iştirak edir.
   Bütün türk dünyası üçün sənət və sənətkarlıq bayramı adlandırılan tədbiri çoxlu sayda yerli və xarici media təmsilçisi işıqlandırır. Türkdilli xalqların mədəniyyətlərini bir araya gətirən qurultay mərasim iştirakçıları və qonaqların musiqi sədaları altında Maraş küçəsindən Meydan parkına qədər yürüşü ilə başlandı. Türkiyə dövlətinin qurucusu Atatürkün heykəli önündə sayğı duruşu və “İstiqlal marşı”nın səslənməsindən sonra xalq oyunları nümayiş olundu. Sonra türk tarixinin qədim çağlarından gələn, birlik və həmrəylik rəmzi olan qurşaq bağlama və dəmir döymə mərasimi keçirildi.
   Hamamizadə İhsanbəy Mədəniyyət Mərkəzində qurultayın açılışı Türkiyənin ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayraqdar, nəqliyyat və kommunikasiya naziri Binəli Yıldırım, Şimali Kipr Türk Cümhuriyyətinin daxili işlər naziri Nazim Çavuşoğlu, Trabzon valisi Rəcəb Kızılcıq, Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş katibi İlyas Dəmirçi, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, millət vəkilləri, rektorlar, mühəndislər və şəhərsalma üzrə 50 ölkədən dəvət alan qonaqların iştirakı ilə baş tutdu.
   Nazir Binəli Yıldırım uzun illər ərzində bir-birindən ayrı salınmış türk xalqlarının bir araya gəlməsinə xidmət edən belə tədbirlərin əhəmiyyətini vurğuladı. Türkdilli xalqların yaşadığı geniş coğrafiyanı əhatə edən layihələrdən söz açan nazir bu xüsusda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin önəmini qeyd etdi. Bildirdi ki, 2013-cü ildə başa çatması gözlənilən “Dəmir İpək Yolu layihəsi” Azərbaycan və Türkiyə vasitəsilə Avropanı Asiyaya bağlayacaq: “Yol isə həm də mədəniyyət deməkdir”.
   TÜRKSOY-un baş katibi Düsen Kaseinov da tədbirin türkdilli ölkələrin mədəniyyətini bir araya gətirmək baxımından önəmli olduğunu bildirdi, qurumun son illər həyata keçirdiyi layihələrdən bəhs etdi.
   Türkiyənin ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayraqdar türk dünyasında memarlıq sahəsində ortaq təcrübəni bölüşmək, fikir mübadiləsi aparmaq baxımdan qurultayın əhəmiyyətini qeyd etdi: «Türk mədəniyyətlərinin, düşüncələrinin yanaşması olan şəhərlər, memarlıq nümunələrinin bir qismi günümüzə qədər qorunub saxlanılıb. Öz mədəniyyətimiz ilə həyat tərzimizi, memarlıq və mühəndislik düşüncələrimizi sabaha daşımaq üçün daha çox çalışmaq lazımdır. Qurultayda Memar Sinan layihə olimpiadalarına yekun vurulacaq. İnanıram ki, burada ortaya çıxan layihələr Türk-İslam mədəniyyət və memarlığına töhfə olacaq”.
   Tədbirin ikinci günü türk dünyası memarlıq tarixindən, eləcə də çağdaş memarlıq və şəhərsalma ilə bağlı məruzələr təqdim olundu. Ankara Qazi Universitetinin professoru, Azərbaycanın Əməkdar incəsənət xadimi Əflatun Nemətzadə “Dildə, fikirdə, işdə birlik” məruzəsi ilə çıxış etdi.
   Qeyd edək ki, qurultay çərçivəsində Türk dünyası yaşayış məskənləri və şəhərsalma sərgisi, Türk-İslam əl sənətləri, Osmanlı padşahları fərmanlarının sərgisi və s. tədbirlər, konsert proqramları nəzərdə tutulub.
   
   Mehparə Sultanova
   Trabzon