Zöhrə Əliyeva: “Frankfurt Beynəlxalq Kitab Yarmarkasında Azərbaycan stendi xüsusilə fərqləndi”
   
   Xəbər verdiyimiz kimi, oktyabrın 10-dan 14-dək Almaniyanın Frankfurt-am-Mayn şəhərində 63-cü Beynəlxalq Kitab Sərgisi keçirilib. Tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin məsul işçiləri, Heydər Əliyev Fondunun, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının və Azərbaycan Televiziyasının əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib. Xatırladaq ki, Azərbaycan beşinci dəfədir ki, bu sərgidə iştirak edir. Sərginin gedişi, maraqlı məqamları, nəticələri və əhəmiyyəti barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva ilə söhbət etdik. Həmsöhbətim əvvəlcə sərginin tarixi barədə danışdı.
   
   Quttenberq...
   
   - Çap üsulunu ixtira edən İohan Quttenberqin vətəni - Maynts şəhəri, demək olar ki, Frankfurta bitişikdir. Sərgi günlərində bu şəhərdə qalırdıq. Məntiq deyir ki, kitabla bağlı belə möhtəşəm tədbir məhz burada - Quttenberqin vətənində olmalı imiş. Frankfurt kitab yarmarkası (Frankfurter Buchmesse) dünyanın ən böyük kitab sərgi-satış tədbiridir. Hər il oktyabr ayının ortalarında keçirilən yarmarkanın ilk üç günü xüsusi qonaqların girişinə icazə verilir, geniş ictimaiyyətin nümayəndələri isə sonrakı iki gündə sərgiyə baş çəkə bilər. Dünyanın bir çox ölkələrindən olan nəşriyyat və multimedia şirkətlərinin təmsil olunduğu yarmarka "Alman Nəşriyyatçıları və Kitab Satıcıları" qurumu tərəfindən təşkil olunur. Yarmarka günlərində çoxlu işgüzar görüşlər, təqdimatlar keçirilir, beynəlxalq nəşriyyat hüquqları və lisenziya haqları barədə danışıqlar aparılır. Builki yarmarkada dünyanın təxminən 110 ölkəsini təmsil edən 7500-dən çox stend qurulmuşdu, beynəlxalq kitab bayramına 286 mindən çox qonaq qatılmışdı.
   Beynəlxalq Frankfurt Kitab Yarmarkasının 500 ildən çox tarixi ənənəsi var. XVII əsrin sonlarına qədər bu, Avropanın ən əhəmiyyətli kitab yarmarkası idi. İntibah dövründə siyasi və mədəni inkişafın nəticəsi olaraq Leypsiq Kitab Yarmarkası onu kölgədə qoydu. II Dünya müharibəsindən sonra, 1949-cu ildə Müqəddəs Paul Kilsəsində kitab yarmarkası yenidən keçirildi. O vaxtdan Frankfurt Kitab Yarmarkası özünün qabaqcıl mövqeyini saxlayır.

   “Qız qalası” fonunda...
   
   - Kitab yarmarkası ənənəvi olaraq Frankfurtun Messe Sərgi Şəhərciyində keçirilir. Bu dəfə Azərbaycan üçün nəhəng pavilyonların birinin ikinci mərtəbəsində yer ayrılmışdı. 40 kvadratmetr sahəni əhatə edən "Azərbaycan" stendində Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunan və Azərbaycan Milli Kitabxanasının fondlarından gətirilən 350 adda nəfis kitab və 700 nəşr məhsulu təqdim olunurdu. “Qız qalası»nın maketi formasında dizayn edilmiş stendimiz ilk baxışdan bütün stendlərdən seçilirdi. Bilirsiniz, söhbət təqdimatdan gedirsə, dizayn çox vacib məsələdir. Sərgidə bir sıra iştirakçılar dizayna o qədər də diqqət ayırmamışdılar. Yəqin ona görə ki, onlar bu sərgidə çoxdan iştirak edirlər. Biz isə hələ beşinci dəfədir bu nüfuzlu tədbirə qatılırıq, ona görə də təqdimat bizim üçün çox vacibdir. Ötənilki sərgidə də stendimiz xüsusi dizaynı ilə fərqlənib. Bunu tədbirin təşkilatçıları, ziyarətçilər də bizimlə söhbətlərində qeyd etdilər. Dedilər ki, son iki ildə Azərbaycan istər təqdim etdiyi çap məhsulları, istərsə də stendin dizaynı, nümayiş olunan kitabları ilə fərqlənir. Bundan əlavə, stendə baş çəkən ziyarətçiyə diqqət göstərilməsi, qonaqpərvərlik nümayişi çox vacibdir. Bütün qonaqlarımıza Azərbaycan çayı təklif edir, söhbətləşir, onları maraqlandıran suallara cavab verirdik. Biz insanları və dünyanı mədəniyyətimizlə qazanmalıyıq. Kitabla, mədəniyyətlə özümüzü tanıtmalıyıq. Bizim yeganə silahımız mədəniyyətimizdir ki, bu söz bir çox mətləbləri özündə ehtiva edir...
   - Zöhrə xanım, sərgidə ayrı-ayrı ölkələrin təmsil olunmasında, kitabların təqdimatında hansısa şərtlər, prinsiplər varmı?
   - Elə bir xüsusi şərtlər, prinsiplər yoxdur. Hər bir ölkə öz kitablarını müxtəlif formada təqdim edə, musiqilərini səsləndirə, monitorlarda çarxlar nümayiş etdirə bilər və s. Sərgidə bədii, elmi, müxtəlif tərtibatlı, ayrı-ayrı sahələrə aid kitablar, təbiət ensiklopediyalarından başlamış müxtəlif bədii cərəyanlara aid ədəbi əsərlərədək yeni nəşrlər vardı. Bir sözlə, bu gün dünyada nəşriyyat-poliqrafiya sahəsinə aid köhnə və yeni nə varsa, orada görmək olardı.
   - Apardığınız kitablar hansı mövzuları əhatə edirdi?
   - Sərgiyə Heydər Əliyev Fondunun nəşrlərini, Azərbaycan Milli Kitabxanasının fondundan nümunələr, Mədəniyyət və Turizm Nazirliyinin nəşr etdiyi kitablar, tariximizi, bu günümüzü, mədəniyyətimizi yüksək səviyyədə təqdim edən nəfis tərtibatlı çap məhsulları aparılmışdı. Bundan başqa, suvenir nəşrlər, CD-lər də vardı. Ümummilli lider Heydər Əliyevin həyatı və dövlətçilik fəaliyyətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi inkişafdan söz açan nəşrlər, akademik Zərifə Əliyeva haqqında, tarixi həqiqətlərimiz - Qarabağ problemi, Xocalı soyqırımı barədə kitablar, Azərbaycana, muğama həsr olunmuş albomlar, dahi şairimiz Nizaminin “Xəmsə”si təqdim olunurdu. Stendimizdə Nizaminin maraqlı dizaynlı bir kitabı vardı - bu kitabı açarkən həm də rəhili açmış olurdun. Füzulinin, Nəsiminin əsərləri çox nəfis nəşrlərdə təqdim olunmuşdu. Almanca bir neçə kitab, müasir şair və yazıçılarımızın əsərləri də stendimizdə yer almışdı. Yeri gəlmişkən, bizdə nəşr-poliqrafiya işi sürətlə inkişaf etsə də, nəşriyyatlarımız xaricdə beynəlxalq sərgilərdə iştiraka çox da maraq göstərmirlər. Nazirlik nəşriyyatlara bu əlaqələri qurmaq üçün şərait yaradır. Frankfurt sərgisi əvəzsiz bir fürsətdir və bildiyim qədərilə, bununla bağlı nazirliyin müvafiq şöbəsi nəşriyyatlara müraciət edib. Bu səfərdə yalnız «Şərq-Qərb» nəşriyyatı bu çağırışa qoşulub. Onlar öz nəşrlərini ayrıca stenddə təqdim etdilər. Sərgi çərçivəsində stendimizdə Mixail Reynxardt Hessin almancaya tərcümə etdiyi İmaməddin Nəsiminin əsərlərindən ibarət kitabın təqdimatı da keçirildi.
   
   Nizami Gəncəvi - 870
   
   - Sərgi çərçivəsində böyük şairimiz Nizaminin anadan olmasının 870 illiyinə aid tədbir də keçirilib. Bu barədə nə deyə bilərsiniz?
   - Prezident İlham Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi haqqında sərəncamına uyğun olaraq həm Gəncədə, həm də Bakıda çox möhtəşəm tədbirlər keçirildi. Təbii ki, belə bir fürsət dəyərləndirilməli və beynəlxalq səviyyədə bir daha Nizaminin adının anılması imkanından istifadə edilməliydi. Oktyabrın 13-də bu, baş verdi. Sərgi çərçivəsində böyük söz ustadına həsr olunmuş tədbir ruh yüksəkliyi, coşqu ilə keçdi. Belə mötəbər beynəlxalq kitab sərgisi çərçivəsində Azərbaycan şairinin yubileyi münasibətilə tədbir keçirilməsi əlamətdar hadisədir. Tədbiri M.F.Axundzadə adına Milli Kitabxananın direktoru Kərim Tahirov aparırdı. O, gələn qonaqlara Nizami dühası, yaradıcılığı ilə bağlı, yubiley münasibətilə Azərbaycanda keçirilən tədbirlər haqqında ətraflı məlumat verdi.
   Tədbirdə çıxış edən Almaniyadakı Azərbaycan diasporunun rəhbəri Başar Kömür böyük sevgi və hörmət hissi ilə Azərbaycana, dövlət başçımıza olan ehtiramından söz açdı, dahi şairimizin bəşəri şöhrətindən, onun poetik işığının bütün dünya xalqlarının ədəbiyyatına nur saçmasından danışdı. Demək lazımdır ki, tədbirdə Azərbaycan diasporunun nümayəndələrinin, Almaniya ictimaiyyətinin önəmlı simalarının iştirakı, əlbəttə ki, diaspor təşkilatının səyləri nəticəsində əldə olunmuşdu. Bu, dünya azərbaycanlılarının son vaxtlar nə qədər düzgün təşkilatlanmasından xəbər verir. Qonaqlara Nizami Gəncəvinin Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çox nəfis şəkildə nəşr olunan kitablarını təqdim etdik.
   Almaniyadakı Azərbaycan səfirliyinin birinci katibi Rizvan Nəbiyev həmin gün bizimlə bərabər idi və tədbirdə alman dilində məzmunlu çıxış etdi. Almaniyanın millət vəkili Rəhim Şmidt, tərcüməçi Mixail Reynxardt Hess Azərbaycan və alman dillərində gözəl çıxışlarıyla tədbirə rəng qatdılar. Mixail Hess böyük şairimiz İmadəddin Nəsiminin əsərlərini almancaya çevirib. Bir sözlə, Nizami Gəncəvinin yubileyi Azərbaycan ədəbiyyatı, mədəniyyəti haqda danışmağa gözəl bir səbəb idi. Çıxışlarda Azərbaycan-Almaniya mədəni, ədəbi əlaqələri ilə bağlı müxtəlif məqamlara toxunuldu. Stendimizin Nizaminin portreti çəkilən bannerlərlə bəzədilməsi, xüsusi monitorlarda Azərbaycanın turizm potensialını əks etdirən səhnələr, musiqimiz - bütün bunlar həm tədbirə, həm də sərgi günlərində stendimizə məxsusi şarm verirdi. Heç kəs stendimizin yanından sakit ötüb-keçmirdi, xüsusilə də Nizami tədbiri olan gün... Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin İnformasiya və reklam sektorunun müdiri Tehran Vəliyev, sektorun baş məsləhətçisi Aslan Cəfərov, Heydər Əliyev Fondunun əməkdaşı Elşad Bayramov gələnlərlə söhbət edir, onları maraqlandıran suallara cavab verirdilər.
   Onu deyim ki, sərginin «qonaq ölkə» ənənəsi var. Qonaq ölkə sərgi günlərində öz mədəniyyətinin müxtəlif sahələrini nümayiş etdirə bilir. Bu mədəniyyət günləri kimi bir təqdimatdır. Builki sərgidə qonaq ölkə Yeni Zelandiya idi və təqdimata “Siz uyuyarkən” devizini seçmişdilər. Bu, dünyaya çox maraqlı mesajdır. Yəni, zaman su kimi axıb gedir, dünya dəyişir, biz isə bəzən, necə deyərlər, fil qulağında uyumuş oluruq. Biz qocalırıq, dünya gəncləşir. Buna istədiyiniz fəlsəfi anlamları əlavə edə bilərsiniz. Zatən hər şeyin müəllifi fantaziyamızın gücüdür...
   Yeri gəlmişkən, biz də “qonaq ölkə” olmaq təklifini aldıq. Doğrudur, bu hələ yalnız ideyadır, amma gerçəkləşəcəyi mümkün bir ideyadır. Odur ki, gərək bu hadisəyə hazır olaq - tərcümə nəşrlərimizlə, yeni kitablarımızla, elektron kitab məhsullarımızla və sair...
   Bir daha vurğulamaq istəyirəm ki, Almaniyada Azərbaycan diasporu, Cənubi Azərbaycandan olan soydaşlarımız və türklər çoxdur. Təbii ki, həm onlar, həm də almanlar stendimizə böyük maraq göstərirdi. Qonaqlarımız arasında Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat-yayım işləri üzrə məsul şəxsləri də vardı. Almaniyadakı Azərbaycan diasporunun rəhbəri Başar Kömür və təşkilatın bir çox təmsilçiləri, səfirliyimizin nümayəndələri bizə dəstək verirdilər.
   Frankfurt Kitab Yarmarkasının direktoru Yurgen Boss mediaya açıqlamasında qeyd etdi ki, bu il biz həm Avropanın, həm də beynəlxalq nəşriyyat sənayesinin cəsarətinə və innovativ qüvvəsinə şahid olduq. İqtisadi böhrana baxmayaraq, Avropa və dünya nəşriyyatlarının nümayəndələri burada idi. Gün ərzində 1300-ə qədər görüş keçirilirdi. Bu nə deməkdir? Bu o deməkdir ki, sərgidə çoxlu yeni ideyalar vardı. Olduqca maraqlı dizaynda nəşrlər, nəşriyyat və poliqrafiyada mümkünsüz hesab etdiyimiz nümunələr gördük. Sərgidə çap-poliqrafiya sahəsinə aid maşın və avadanlıqlar, yeni texnologiyalar da nümayiş olunurdu. Bütün sahələrdə edilən kəşflər xəyal etmə gücünə, bu cəsarətə bağlıdır. Yenilikçilik, innovativlik bunun nəticəsidir. Bizim də məqsədimiz sərgi günlərində belə yenilikçi düşüncələri özündə ehtiva edə biləcək ideyalar, təkliflər dolu görüşlər keçirməkdi. Təcrübə mübadiləsi, əlaqələr yaratmaq bu görüşlərin əsas məqsədlərindən idi. Bu baxımdan Frankfurt yarmarkası kitab mədəniyyətimizi dünyaya tanıtmaq üçün böyük fürsət oldu.

   Romantik şəhər...
   
   - Zöhrə xanım, şəhər barədə təəssüratlarınız maraqlıdır...
   - Beynəlxalq Frankfurt kitab yarmarkası Frankfurtun özündə idi. Amma biz, qeyd etdiyim kimi, Maynts şəhərində, yəni lap yaxınlıqda yaşayırdıq. Frankfurt özü bir iqtisadı mərkəzdir. Qədim, gözəl alman memarlıq üslubunda tikilən binalarla yanaşı, çoxlu yeni banklar, idarələr var. Amma Messe sərgi şəhərciyinin möhtəşəmliyi sözlə ifadə ediləsi deyil. O qədər böyük ərazini əhatə edir ki... Bizim yaşadığımız Mayntsda Quttenberqin muzeyi var. Onlar Quttenberqi bir simvol kimi hər yerdə, hər kiçik imkanda təbliğ edirlər...
   Frankfurt küləksiz, amma soyuq və yağışlı, qaymaq kimi havası olan təmiz şəhərdir. Biz şahid olduq ki, küçədə, şəhərdə, metroda, trolleybusda, kafedə rastlaşdığımız hər kəsin əlində kitab, qəzet və ya jurnal var. Avtobus dayanacaqları arasında məsafə çox olduğu üçün sərnişinlərin vaxtı olur və onlar bu vaxtı kitab oxumağa sərf edirlər. Və bu, şəhərə o qədər gözəl, romantik, bədii, intellektual bir görkəm verir ki... Mən bunu Parisdə də, Londonda da, Türkiyədə də görmüşəm. Arzulayıram ki, Bakı bulvarında belə mənzərə görüm. Kitab kübarlıq, mənəviyyat, insana özgüvən gətirən bir mənbədir. Kitab millətin təfəkkürüdür, yüksəliş aynasıdır, kitab mənəviyyatdır. Kitab hər şeydir. Əgər o elektron vasitələr kitabı əvəz etsəydi onda möhtəşəm Beynəlxalq Frankfurt Kitab Sərgisinə ehtiyac qalmazdı. Sərgi ərazisində o qədər əli kitablı, maraqlı geyimli tələbələr vardı ki... Sanki bu bir sərgi deyil, festival, karnaval idi.
   
   «Vurğun qəlb»...
   
   - Yeri gəlmişkən, Sizi ən çox təsirləndirən kitab hansıdır?
   - Dünya ədəbiyyatı o qədər geniş, intəhasız bir anlayışdır ki, hansısa konkret misal gətirmək mümkün deyil. Əksər kitablarda oxucuya toxunan, ONUN ÖZÜNÜ ÖZÜNƏ ANLADAN, tanıdan məqamlar olur. Amma Folknerin, Markesin, Dostoyevskinin əsərlərini hər oxuyanda təsirlənirəm. Mən onları dəbdə olduğu üçün oxumuram, onlar, həqiqətən, insana güclü təsir göstərən müəlliflərdir. Hər kitab mənim üçün kəşfdir. Amma mənə ən çox təsir edən, sarsıdan, ruhlandıran bir əsər var: bu, Romen Rollanın «Vurğun qəlb» romanıdır. O əsər mübarizlik ruhu aşılayır. Çox çətin günlərimdə o əsərdən fraqmentlər məni yenidən yaşamağa sövq edib... Qaldı Almaniyaya, bu ölkəyə ilk “səyahətim” Feyxtvangerdən, Hötedən başlayıb. Feyxtvangerin «İspan balladası» mənim ən sevdiyim əsərlərdəndir. Hötenin «Şərq-Qərb divanı» Şərqi də, Avropanı da sevmək və anlamaq üçün böyük mənbədir. Mən, ümumiyyətlə, kitabı sevən, qədrini bilən, hörmətlə davranan adamam. Məni tanıyanlar bilir ki, yeni kitabın qarşısından laqeyd keçə bilmirəm. Frankfurtdakı kitab sərgisində olmaq, bu nəhayətsiz kitab mənbəyini görmək, müasir dünyanın kitab təsəvvürləri ilə yaxından tanış olmaq çoxdankı arzum idi...İnşallah, Mədəniyyət və Turizm Nazirliyi olaraq gələcəkdə bu sərgidə daha da mükəmməl şəkildə iştirak edəcəyik...
   
   Söhbətləşdi: Aliyə