Görkəmli alim, akademik Yusuf Məmmədəliyevin memorial muzeyi əsaslı təmirdən sonra istifadəyə verildi
Oktyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft-Kimya Prosesləri İnstitutunda görkəmli alim, neft-kimya elminin banilərindən biri, akademik Yusuf Məmmədəliyevin memorial muzeyinin əsaslı təmirdən sonra, yenilənmiş bədii tərtibatda açılışı keçirildi. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, AMEA-nın prezidenti, akademik Mahmud Kərimov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev, Neft-Kimya Prosesləri İnstitutunun, Bakı Ali Neft Məktəbinin, ölkənin elmi və mədəni ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov açaraq Yusuf Məmmədəliyevin həyatı və elmi fəaliyyəti barədə ətraflı məlumat verdi.
Qeyd olundu ki, məşhur alimin neft kimyası sahəsində nailiyyətləri dünya elminə böyük töhfə olmaqla bərabər, II Dünya müharibəsində faşizm üzərində qələbənin əldə edilməsində də xüsusi rol oynayıb. Y.Məmmədəliyev AMEA-nın əsasını qoyanlardan biri olub və iki dəfə bu qurumun prezidenti seçilib. Onun təşəbbüsü ilə akademiya şəhərciyi salınıb, elmi institutlar yaradılıb. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun yaradılması onun strateji təşəbbüslərindən biridir. Y.Məmmədəliyev Azərbaycanda neft kimyası elmi məktəbinin yaradıcısıdır. Məhz onun işləyib hazırladığı texnologiyalar əsasında ölkənin neft-kimya sənayesi qurulub.
M.Kərimov belə bir muzeyin Neft-Kimya Prosesləri İnstitutunda yaradılmasının təsadüfi olmadığını bildirdi və bunun institutun gələcək elmi həyatında böyük əhəmiyyət daşıyacağını qeyd etdi: “Yusuf Məmmədəliyev kimi alimlərə, şəxsiyyətlərə xalqımız həmişə yüksək qiymət verib, xatirəsini əziz tutub. Bu gün biz alimin memorial muzeyinin açılışına toplaşmışıq. Muzey əvvəllər də fəaliyyət göstərib, onun həyat və fəaliyyətini təbliğ edib. İndi isə muzey əsaslı şəkildə yenidən qurulub, müasir muzeyə çevrilib. Muzeyə gələnlər alimin elmi fəaliyyəti, həyatı, elmi kəşfləri ilə daha ətraflı və dolğun şəkildə tanış ola biləcəklər. Mən bu işə dəstək göstərən insanlara minnətdarlığımı bildirirəm”.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev memorial muzeyin açılışını Azərbaycanın elmi və mədəni həyatında əlamətdar hadisə kimi qiymətləndirdi. Qeyd olundu ki, Azərbaycan dövləti xalqımızın görkəmli şəxsiyyətlərinin xatirəsinə çox hörmətlə yanaşır, onların zəngin irsinin təbliğinə önəm verir. Prezident İlham Əliyev Azərbaycanın görkəmli xadimlərinin adlarının əbədiləşdirilməsi məqsədilə müvafiq fərman və sərəncamlar imzalamışdır. Yusuf Məmmədəliyevin memorial muzeyinin açılması Azərbaycanda elmə verilən yüksək qiymət və bu sahədə çalışan insanlara göstərilən hörmətdir.
Nazir respublikada muzey sahəsində görülən işlərdən də söz açdı: “Muzey sahəsində yeniliklərin tətbiq olunmasına xüsusi önəm verilir. Bölgələrdə yeni muzey binaları tikilir, onların maddi-texniki bazası möhkəmləndirilir. Azərbaycan muzeyləri dünyanın tanınmış muzeyləri sırasında olmaq üçün öz imkanlarını artırır, inkişaf edir, nəticə etibarilə Azərbaycan mədəniyyətini, tarixini, keçmişini, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətlərini təbliğ edirlər. Əlbəttə ki, bu sahədə həyata keçirilən uğurlu layihələr Azərbaycanın gələcəyinə hesablanmış addımlardır.
Yusuf Məmmədəliyevin adı Azərbaycan elminə qızıl hərflərlə yazılıb. Hesab edirəm ki, tarixi ənənələri olan bu elm ocağında fəaliyyət göstərən memorial muzeydə yaradılan şərait Azərbaycan neft sənayesinin adını, elmini ucaldan dahi alimin - Yusuf Məmmədəliyevin zəngin irsini layiqincə təbliğ etməyə imkan verəcək”.
Akademikin qızı, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva memorial muzeyin açılışını Azərbaycan elminə, mədəniyyətinə dövlət qayğısının növbəti təzahürü olduğunu bildirdi: “Bu gün Yusuf Məmmədəliyevin memorial muzeyi yeni tərtibatda, müasir formada istifadəyə verilir. Akademikin xatirəsinin əbədiləşdirilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev tərəfindən imzalanan “Yusuf Məmmədəliyevin 100 illik yubileyi haqqında” sərəncam əsasında alimin yubileyi geniş qeyd olunub. Ailəmiz adından muzeyin qurulmasında əməyi keçən insanlara - Mədəniyyət və Turizm Nazirliyinin, Mili Elmlər Akademiyasının, Dövlət Neft Şirkətinin rəhbərliyinə minnətdarlığımı bildirirəm”.
Sonra memorial muzeyin açılışını bildirən rəmzi lent kəsildi. Tədbir iştirakçıları muzeydə müasir tərtibatda aparılan əsaslı yenidənqurma işləri ilə yaxından tanış oldular.
Qeyd edək ki, muzey AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda 1985-ci ildən fəaliyyət göstərir. 2012-ci il iyun-sentyabr aylarında təmirə bağlanan muzeyin bədii tərtibatını ARDNŞ tərəfindən dəvət olunmuş Latviyanın “Digital Design” studiyası həyata keçirib. Muzey müasir texnologiyalarla tam təmin olunub. Yeni dizayn ən müasir standartlara cavab verir.
Memorial muzey iki bölmədən ibarətdir. Birinci bölmədə alimin həyat və yaradıcılığını əks etdirən çoxsaylı fotolar, akademikin yazı masası, kitab şkafı yer alıb. Müasir texnologiyalara əsaslanan yeni dizaynda alimin həyatı, fəaliyyəti və elmi yaradıcılığı haqqında hazırlanmış video materiallar xüsusi telelövhələrdə təqdim olunur.
Xüsusi texnologiyalarla hazırlanmış ayrı bir stenddə akademikin şəxsi fotoaparatı ilə çəkilmiş şəkillərdən hazırlanmış elektron fotoalbom nümayiş olunur. Akademikin qızı Sevda Məmmədəliyevanın görkəmli alim haqqında səsləndirdiyi lent yazısı, nəvəsinin dilindən səslənən şeirləri Y.Məmmədəliyevi həm də poeziyaya böyük maraq göstərmiş yaradıcı insan kimi səciyyələndirir. Birinci bölmədə həmçinin Y.Məmmədəliyevə 1946-cı ildə hədiyyə edilmiş dekorativ qab, alimin qol saatı, “Kiyev” markalı fotoaparatı, gündəliyi və çoxsaylı elmi jurnallar yer alıb.
Memorial muzeyin ikinci bölməsində alimin neft-kimya sahəsində qazandığı uğurları əks etdirən stendlər var. Akademikin raket yanacağının ixtira hüququnu təsdiqləyən patentləşdirmə sənədi, Qaqarinin kosmosa uçuşunun rəsmi qeydetmə mərasiminə buraxılış vərəqəsi, təltif olunduğu Dövlət Stalin Mükafatı nişanı və “Lenin” ordeni də memorial muzeyin bu bölməsində nümayiş olunur.
Ceyhun Zərbəliyev