Oktyabrın 30-da Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Emin Sabitoğlunun (1937-2000) anadan olmasının 75 illiyinə həsr edilmiş xatirə gecəsi keçirildi.
İttifaqın sədri, Xalq artisti Firəngiz Əlizadə tədbiri açaraq bəstəkarın həyat və yaradıcılığından danışdı. Qeyd olundu ki, Bakı Musiqi Akademiyasında dahi bəstəkar Q.Qarayevin sinfində təhsil almış E.Sabitoğlu sonra təhsilini P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirib. Sənətkar musiqinin müxtəlif janrlarında dəyərli əsərlər - simfoniya, simfonik poema, kantatalar, 9 musiqili komediya yazıb, 600-dən çox mahnı, 40-a yaxın filmə musiqi bəstələyib. Bəstəkarın “Dərələr”, “Bakı, sabahın xeyir”, “Ağ çiçəyim”, “Kəpənək”, “Çiçək yağışı”, “Uzaq yaşıl ada”, “Dağlar”, “Düşürsən yadıma”, “İnsaf da yaxşı şeydir” və s. mahnıları dillər əzbəri olub.
Tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri mərasimdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar və digər qonaqlar çıxış edərək bəstəkarla bağlı xatirələrini bölüşdülər.
Bəstəkarın qızı, Bakı Musiqi Akademiyasının müəlliməsi Ceyran Mahmudovanın Emin Sabitoğlu haqqında sənədli filmi nümayiş etdirildi. Xatirə gecəsində respublikanın tanınmış incəsənət ustalarının ifasında bəstəkarın “Dəniz”, ”Çox yorğunam, kapitan”, “Dəniz deyir” romansları səsləndirildi.
Qeyd edək ki, Emin Sabit oğlu (Mahmudov) 1937-ci il noyabrın 2-də anadan olub. 1961-ci ildən “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Bakı Musiqi Akademiyasında müəllim işləyib. Musiqinin müxtəlif janrlarında bir çox dəyərli əsərlərin müəllifi olan bəstəkarın yaradıcılığının əsasını mahnı janrı təşkil edib.
Bəstəkarın Musiqili Komediya Teatrı üçün yazdığı son əsər “Bankir adaxlı” tamaşası olub. Paytaxt teatrları ilə yanaşı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına da musiqi bəstələyən sənətkar özünün musiqi dünyasının rənglərini insanlara elə çalarlarla çatdırırdı ki, zaman keçdikcə bu musiqilər nəsillərin yaddaşında daima yaşayır.
E.Sabitoğlu nadir bəstəkarlardandır ki, onun mahnılarında melodiya ilə mətn arasında mütləq bir harmoniya var. Onun bəstələrini dinləyəndə istər-istəməz fikirləşirsən ki, bu insan sanki bütünlüklə melodiyadan ibarətdir. Bu gün sənətkar həyatda olmasa da, bənzərsiz, əbədiyaşar bəstələri daima qulaqlarımızda səslənir.
Lalə Azəri