Noyabrın 12-də Moldovada Azərbaycan Mədəniyyəti Günləri başlandı. Zəngin proqramı olan tədbirlərdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə 50 nəfərdən ibarət nümayəndə heyəti iştirak edir. Heyətə Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov, Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi, Əfqan Rəsulov, Ruslan Hüseynov və Elvin Bəşirovdan ibarət caz qrupu daxildir.
   
   Moldova Mədəniyyət Nazirliyində görüş
   
   Noyabrın 12-də rəsmi nümayəndə heyəti ilə Moldova Respublikasının Mədəniyyət Nazirliyində görüş keçirildi. Azərbaycan Mədəniyyəti Günlərinin ölkələrimiz arasında mədəni əməkdaşlığa yeni təkan verəcəyini bildirən Moldovanın mədəniyyət naziri Boris Fokşa tədbirin əhəmiyyətindən danışdı. Xalqlarımız arasında tarixi dostluq əlaqələrinin olduğunu deyən nazir belə görüşlərin mədəniyyətin müxtəlif sahələrində əməkdaşlıq məsələlərinin, ümumi problemlərin həlli yollarının müzakirəsi baxımdan önəmini vurğuladı.
   Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev nümayəndə heyəti adından səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edərək Azərbaycanla Moldova arasında mədəni əlaqələrdən söz açdı. Nazir müavini 2007-ci ildə Moldovada, 2008-ci ildə isə Azərbaycanda qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsini xatırlatdı. Son illər ölkəmizin mədəni həyatında baş verən yeniliklər barədə məlumat verən Ədalət Vəliyev Azərbaycanın beynəlxalq mədəniyyət tədbirlərinin məkanına çevrildiyini bildirdi. Ölkəmizdə mədəniyyətin müxtəlif sahələrinə aid qanunların, Dövlət proqramlarının qəbulu və icrası, müasir tələblərə cavab verən yeni mədəniyyət mərkəzlərinin inşası, mədəniyyət ocaqlarında bərpa-yenidənqurma işlərinin aparılması, mədəniyyət xadimlərinə göstərilən dövlət qayğısı və həyata keçirilən uğurlu islahatlar barədə ətraflı məlumat verildi.
   Ölkə Prezidenti cənab İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi və qayğısı sayəsində gerçəkləşən, ölkəmizin mədəni həyatını zənginləşdirən böyük layihələrin əhəmiyyəti vurğulandı. Yaradıcı gənclərin fəaliyyətinin dəstəklənməsi naminə təşkil edilən müsabiqə və festivallar, ölkədə fəaliyyət göstərən yaradıcılıq ittifaqlarının müasir tələblər səviyyəsində çalışması üçün görülən işlər və digər məlumatlar görüş iştirakçılarının diqqətinə çatdırıldı.
   Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan nazir müavini Azərbaycanın əzəli torpaqlarının işğal edilməsi nəticəsində mədəni sərvətlərimizin talan olunduğunu bildirdi.
   Sonda Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin adından Moldovanın mədəniyyət nazirinə hədiyyə təqdim edildi.
   Görüşdən sonra mətbuat konfransı keçirildi. Konfransda Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev Mədəniyyət Günlərinin proqramı və əhəmiyyəti barədə məlumat verdi. Jurnalistlərin ölkəmizin mədəni həyatının müxtəlif sahələri barədə sualları ətraflı cavablandırıldı.
   
   Filmlərimiz moldovalı tamaşaçılara təqdim olunur
   
   Həmin gün Moldovada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində paytaxt Kişineu şəhərinin "Odeon" Mədəniyyət Mərkəzində Azərbaycan kinosu günlərinə start verildi. İki ölkənin rəsmi nümayəndə heyətinin iştirakı ilə başlanan tədbirdə Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək ölkəmizdə kinonun tarixi, inkişafı, bugünkü vəziyyəti barədə geniş məlumat verdi. Azərbaycanla Moldova kinematoqrafçılarının birgə əməkdaşlığı barədə maraqlı faktlar diqqətə çatdırıldı. Sonra rejissor Şamil Əliyevin "Çölçü" bədii filmi nümayiş olundu. Film maraqla qarşılandı.
   Kino günlərində moldovalı tamaşaçılara Azərbaycan kinematoqrafçılarının son illər istehsal etdiyi daha iki ekran əsəri - "Girov" və "Vəkil haradadır?" bədii filmləri də təqdim olunacaq.

   Mədəniyyət Günlərinin açılış mərasimi
   
   Noyabrın 12-də axşam Çexov adına Moldova Dövlət Rus Dram Teatrında Azərbaycan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirildi. Teatrın foyesində isə "Azərbaycan ənənələrin və müasirliyin qovşağında" adlı foto və turizm sərgisinin təqdimatı oldu. Ölkəmizin zəngin turizm imkanlarına aid çap materialları, Azərbaycanın qədim tarixini, mədəni irs nümunələrini və müasir görkəmini əks etdirən fotolar tamaşaçılarda böyük təəssürat yaratdı.
   Mədəniyyət Günlərinin rəsmi açılış mərasimində Moldovanın mədəniyyət naziri Boris Fokşa və Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış etdilər. Çıxışlarda ölkələr arasında qarşılıqlı mədəniyyət mübadiləsinin əhəmiyyəti qeyd edildi və bu ənənənin xalqlarımızın daha da yaxınlaşmasına səbəb olacağı bildirildi.
   Mərasim Azərbaycan Dövlət Rus Dram Teatrının quruluşunda "Müsyö Jordan və dərviş Məstəli şah" tamaşasının nümayişi ilə davam etdi. Böyük mütəfəkkirin yubileyi münasibətilə hazırlanan ikihissəli səhnə əsəri tamaşaçıların böyük marağına, gurultulu alqışlara səbəb oldu. Tədbirdə Moldovanın keçmiş Prezidenti Petru Luçinski, xarici ölkələrin Moldovada akkreditə olunmuş səfirləri, deputatlar, Azərbaycan diasporunun nümayəndələri iştirak edirdilər.
   
   Dahi Nizamiyə böyük ehtiram
   
   Noyabrın 13-də Moldovada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Kişineu şəhərinin mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan parkda əsaslı yenidənqurma və bərpadan sonra, yenilənmiş görkəmdə şairin büstünün açılışı oldu. Mərasimdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Moldovanın mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, heykəltəraşlar, dövlət və hökumət nümayəndələri, səfirlər iştirak edirdilər.
   Moldova-Azərbaycan Konqresinin prezidenti Vüqar Novruzov çıxış edərək dahi Azərbaycan şairinin yaradıcılığından, onun dünya mədəniyyətinə töhfəsindən söz açdı, Moldovanın paytaxtının mənzərəli guşəsində Nizami Gəncəvi adına parkın açılışını əlamətdar hadisə kimi qiymətləndirdi. Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə şairin 870 illiyinin qeyd olunduğu ildə belə bir parkın yenidən istifadəyə verilməsi yubiley tədbirlərinə töhfədir.
   Tədbirdə Moldovanın mədəniyyət naziri Boris Fokşa, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, ölkəmizin Moldovadakı səfiri Namiq Əliyev, Moldovanın tanınmış ziyalıları çıxış etdilər. Natiqlər dahi Azərbaycan şairinin ümumbəşəri yaradıcılığına bir daha nəzər salaraq onun dünya mədəniyyətində silinməz iz qoyduğunu qeyd etdilər. Bildirildi ki, Nizami Gəncəvinin xatirəsi bütün dünyada ehtiramla yad edilir və bunun nəticəsidir ki, Moskva, Sankt-Peterburq, Roma kimi zəngin mədəniyyət nümunələri olan şəhərlərdə şairin abidəsi ucaldılıb. Əminliklə vurğulandı ki, Nizaminin büstünün ucaldığı park Kişineu sakinlərinin sevimli yeri olacaq.
   Tədbirin sonunda şairin büstü önünə tər çiçəklər, əklillər düzüldü.
   Moldovada Azərbaycan Mədəniyyəti Günləri davam edir.
   
   İntiqam Hümbətov,
   Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi,
   Kişineu