Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və təbliği Mədəniyyət və Turizm Nazirliyinin qarşısında duran prioritet vəzifələrdən biridir.
   
   Bu məqsədlə müxtəlif təşəbbüslər, tədbirlər həyata keçirilir. Noyabrın 5-7-də ölkəmizin Polşadakı səfirliyinin dəstəyi ilə Varşava şəhərində təşkil olunan "Azərbaycan mədəniyyətinin elmi təqdimatı" adlı tədbir də bu qəbildən idi.
   Tədbirlərin keçirilməsi üçün Nazirliyin Elm və təhsil şöbəsinin Elmi-metodiki sektorunun müdiri Asif Usubəliyev, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə və Azərbaycan Milli Konservatoriyasının dosenti İlham Nəcəfovdan ibarət nümayəndə heyəti Varşava şəhərində ezamiyyətdə olub.
   Tədbirlər zamanı müxtəlif universitetlərin və elmi araşdırmalar mərkəzlərinin əməkdaşları, müəllim-professor və tələbə heyətindən ibarət olan dinləyicilərə "Azərbaycanda həyata keçirilən mədəniyyət siyasətinin xüsusiyyətləri", "Mədəniyyətlərarası dialoq və multikulturalizm ideyaların təbliği - Azərbaycanın xarici siyasətinin və mədəniyyət siyasətinin strateji prioriteti kimi", "Beynəlxalq elmi əməkdaşlıq və Azərbaycanda ictimai elmlərin inkişafı" və "Azərbaycan nəfəsli alətlərin antologiyası" mövzularda mühazirələr oxunub, mövzular ətrafında geniş müzakirələr aparılıb.
   Səfər çərçivəsində Varşava Universitetinin, habelə Qafqaz Araşdırmalar Mərkəzi və Strateji Araşdırmalar İnstitutunun rəhbərliyi ilə təşkil olunmuş görüşlər zamanı sözügedən müəssisələrilə Mədəniyyət və Turizm Nazirliyi arasında perspektiv əməkdaşlıq istiqamətləri müzakirə olunub.
   Tədbirlərdə Azərbaycan mədəniyyətinin təbliğində nazirliyin respublikanın elmi potensiallarından geniş istifadə etməsi faktı yüksək qiymətləndirilib və multikulturalizm kimi ideyaların təbliğində birgə səylərin göstərilməsi kimi məsələlərin vacibliyi vurğulanıb.