Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda sərgi açılıb
Azərbaycan ilə Vatikan arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə noyabrın 14-də Vatikanda “Azərbaycanın zəngin incilərinə tarixi baxış” adlı sərgi açılıb.
Azərbaycan ilk müsəlman ölkəsidir ki, Vatikanda mədəni dəyərlərinin nümayiş olunduğu sərgi təşkil edir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə gerçəkləşən sərginin əhəmiyyətini artıran ən mühüm cəhət də məhz bu amillə bağlıdır.
Sərginin açılışından əvvəl Azərbaycan tərəfdən mərasimdə iştirak edən Baş nazirin müavini Elçin Əfəndiyev ilə Vatikanın mədəniyyət naziri, Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri kardinal Canfranko Ravazinin görüşü olub. Görüşdə Azərbaycan ilə Vatikan arasında əlaqələrin inkişafı, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahədə mühüm xidmətlər göstərdiyi bildirilib. Son dövrlərdə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Vatikanda keçirilən tədbirlərin xoş ənənəyə çevrildiyi vurğulanıb. Görüşdə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından ötən 20 il ərzində mühüm əməkdaşlıq əlaqələrinin yaradıldığı diqqətə çatdırılıb.
“Azərbaycanın zəngin incilərinə tarixi baxış” adlı sərginin açılışı münasibətilə təşkil olunan mərasimdə çıxış edən Vatikanın mədəniyyət naziri, Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri kardinal Canfranko Ravazi ölkələrimiz arasında yaranan əlaqələrin mədəniyyət və humanitar sahədə daha çox inkişaf etdiyini bildirib. “Biz Azərbaycan ilə əlaqələrimizi uğurlu hesab edirik”, - deyən kardinal Ravazi vurğulayıb ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr bu əməkdaşlığın inkişafında müstəsna xidmətləri ilə seçilir. Müqəddəs Roma katakombalarının bərpası ilə bağlı Heydər Əliyev Fondunun yardımını xatırladan kardinal Ravazi bunu mədəniyyətlərarası və sivilizasiyalararası dialoq platformasının mühüm nümunəsi kimi qiymətləndirib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın salamlarını mərasim iştirakçılarına çatdıran Baş nazirin müavini Elçin Əfəndiyev ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və keçdiyi inkişaf yolu barədə məlumat verib. Baş nazirin müavini bildirib ki, Azərbaycan əsrlər boyu dini dözümlülüyün, tolerantlığın əsas məkanlarından biri kimi tanınıb və bu proses indi də davam edir. Qeyd edilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib.
“Bu gün açılan sərgi Vatikanda Azərbaycana verilən dəyərin təzahürüdür”, - deyən Elçin Əfəndiyev Roma Papası II İohan Pavelin ölkəmizə səfərini xatırladıb. O, qarşılıqlı səfərlərin ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin güclənməsinə mühüm təkan verdiyini bildirib.
Sonra “Azərbaycanın zəngin incilərinə tarixi baxış” sərgisi açılıb. Azərbaycan tarixinin və mədəniyyətinin bütün dövrlərinin yüksək səviyyədə təmsil olunduğu sərginin əsas cəhətlərindən biri də ölkəmizin mədəniyyətlərin və sivilizasiyaların kəsişmə nöqtəsi kimi təqdim olunmasıdır. Altı bölmədən ibarət sərgidə təqdim olunan eksponatlar Azərbaycanın mədəniyyətini və həyat tərzini layiqincə əks etdirir. Müxtəlif sənətkarlıq nümunələrinin - silahların, zinət əşyalarının və qədim misgərlik məmulatlarının nümayiş olunduğu sərgidə UNESCO-nun mədəni irs siyahısına daxil edilmiş Azərbaycan muğam sənətinə və musiqi alətlərimizə də geniş yer ayrılıb. Qədim əlyazmalar, müxtəlif dinlərə aid müqəddəs kitablar isə ölkəmizdə tolerantlıq ənənələrinin nə qədər güclü dayaqlara söykəndiyini göstərir.
Azərbaycan xalçaları sərginin ən qiymətli inciləri sırasındadır. Coğrafi mövqeyinə, naxış kompozisiyasına, rənglərin ahənginə və texniki xüsusiyyətlərinə görə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətlərinin nümunələri qonaqlara təqdim edilir.
Tədbir çərçivəsində Heydər Əliyev Fondunun müxtəlif layihələrini əks etdirən kitablar, bukletlər və digər nəşrlərlə yanaşı, “Azərbaycan” nəşrinin italyan dilində versiyası təqdim olunub. Sərgi dekabrın 5-dək davam edəcək.