Noyabrın 26-da Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə “Park İnn” hotelində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin 130 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirildi. “Hüseyn Cavid - əbədiyaşar sənətkar” mövzusunda tədbiri Elmi-Metodiki Mərkəzin direktoru, fəlsəfə elmləri doktoru Vilayət İsmayılov açaraq ədibin yaradıcılığından danışdı.
Qeyd olundu ki, Hüseyn Cavid dərin fəlsəfi-estetik məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoyub. Onun dünya romantizm ənənələri zəminində bəşəriyyətin mənəvi həyatı ilə bağlı axtarışlarının ifadəsi olan lirik əsərləri, mənzum faciə və tarixi dramları qiymətli söz inciləri kimi xalqımızın zəngin bədii fikir xəzinəsində layiqli yer tutur. Ölkəmizdə teatr sənətinin yüksək nailiyyətlər qazanmasında da Cavid dramaturgiyası mühüm rol oynayıb. Görkəmli şairin 130 illik yubileyinin keçirilməsi ilə bağlı ölkə başçısı tərəfindən 16 fevral 2012-ci il tarixli sərəncam imzalanıb. Sənədə əsasən ölkəmizin müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.
Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti Arif Həşimov qeyd etdi ki, Hüseyn Cavidin irsinin öyrənilməsinə həmişə ehtiyac var: “Çünki Cavid şəxsiyyəti və yaradıcılığı həmişəyaşardır. O, heç vaxt unudulmur, zaman keçdikcə yenidən doğulur. Hesab edirəm ki, onun ideyaları hər zaman təbliğ olunmalıdır”.
Tədbirdə Hüseyn Cavidin ev-muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı “Heydər Əliyev və Hüseyn Cavid”, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu “Hüseyn Cavid və Azərbaycan mədəniyyəti” mövzularında məruzələrlə çıxış etdilər.
Çıxışlarda ümummilli lider Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən Hüseyn Cavid irsinə, ədibin xatirəsinə dərin ehtiram göstərildiyi vurğulandı, bu istiqamətdə həyata keçirilən işlərdən söz açıldı.
Ceyhun