Noyabrın 29-da Azərbaycanda Küveyt Mədəniyyəti Günləri çərçivəsində Yazıçılar Birliyinin Natəvan klubunda dost ölkənin Mədəniyyət, İncəsənət və Ədəbiyyat Milli Şurasının baş katibi Əli Hüseyn Əl-Yuha ilə görüş və Küveytin hakim Əl-Sabah ailəsinin tanınmış nümayəndəsi, ictimai xadim xanım Şeyxə Suad Məhəmməd Əl-Sabahın “Məni günəşə apar” şeirlər kitabının təqdimatı oldu. Kitab Azərbaycanın Küveyt Dövlətindəki səfirliyinin təşəbbüsü və dəstəyi ilə tərcümə olunaraq Bakıda nəşr edilib.
Yazıçılar Birliyinin katibi, Xalq şairi Fikrət Qoca nümayəndə heyətini salamlayaraq görüşün əhəmiyyətini vurğuladı. O, kitabın müəllifi Şeyxə Suad Məhəmməd Əl-Sabahın yaradıcılığı haqqında ətraflı məlumat verərək qeyd etdi ki, şairə Böyük Britaniya Surrey Gelford Universitetində iqtisadiyyat və siyasi elmlər üzrə ingilis dilində doktorluq dissertasiyasını müdafiə edən ilk küveytli qadındır. O, 60-cı illərdə ədəbi fəaliyyətə başlayaraq Küveyt poeziyasında yeni bir ənənə yaradıb, bu poeziyanı modern Avropa şeiri ilə qovuşdurub.
Azərbaycanın Küveytdəki səfiri Tural Rzayev tədbirin hər iki dövlət arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə zəmin yaradacağını bildirdi.
Səfir qeyd etdi ki, “Məni günəşə apar” kitabı 30-dan çox ölkədə 15 dilə tərcümə olunub. Kitabı Azərbaycan dilinə Yazıçılar Birliyinin üzvləri Bəsti Əlibəyli və Babək Əhmədov tərcümə edib.
Tədbirdə Küveyt Mədəniyyət, İncəsənət və Ədəbiyyat Milli Şurasının baş katibi Əli Hüseyn Əl-Yuha iki ölkə xalqlarının oxşar cəhətlərini əks etdirən filmin çəkilməsi təklifini irəli sürdü.
Lalə Azəri