XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri Məhəmmədhüseyn Şəhriyarın adı çəkiləndə ilk növbədə klassik ənənələrə möhkəm bağlılıq, azad və humanist duyğular yada düşür. Onun özünəməxsus deyim-duyum tərzi, xalq ruhunun, nəfəsinin ifadəsi olan əsərləri poetik mirasımızın ən kamil nümunələridir. Şəhriyarın minillik adət-ənənələrdən faydalanaraq qələmə aldığı “Heydərbabaya salam” əsəri Cənubi Azərbaycan ədəbiyyatında yeni bir mərhələnin başlanğıcı olmuş, bu poemaya saysız-hesabsız nəzirələr yazılmışdır.
   
   Məhəmmədhüseyn Şəhriyar (Seyid Məhəmmədhüseyn Behcət Təbrizi) 1907-ci ildə Təbrizin Qaraçəmən elinin Xoşginab kəndində anadan olub. Uşaqlıq illəri doğulduğu kənddə keçir. Erkən çağlardan ərəb dili və ədəbiyyatı ilə maraqlanır, poeziyaya maraq göstərir. İlk qələm təcrübəsini “Ədəb” jurnalında dərc etdirir. Mütaliəyə olan həvəsi sayəsində görkəmli sənətkarların əsərlərini mənimsəyir. 1922-ci ildə orta təhsilini başa vurur və Tehran Tibb İnstitutuna daxil olur. Şəhriyar tələbəlik illərində Sürəyya adlı bir qız sevir. Lakin yüksək çinli bir məmur onların sevgisinə mane olur, Şəhriyarı Tehrandan sürgün etdirir. Həyatı payız yarpaqları tək solur. Doğma və yaxınlarından ayrılıq ona nisgil gətirir.
   Təqib və təhdidlər Şəhriyarı çətin sınağa çəkir. Sürgün həyatı yaşayan şair ailə qurur, sonra Tehran şəhərinə qayıdır və yaradıcılığını davam etdirir. Lakin varlığı qədər sevdiyi doğma Təbrizə və Şimali Azərbaycana buraxılmır. O, uzaqdan-uzağa Azərbaycandan, Təbrizdən, Heydərbabadan, həsrətində olduğu Bakıdan ilham alır. Bununla da mənsub olduğu Azərbaycan xalqının ruhunu oxşayan əsərlər qələmə alır.
   Şəhriyar yaradıcılığı təkrarsız və həmişəyaşar ədəbi məktəb sayılır. Buna görə də ədəbi tənqiddə Şəhriyar irsi geniş yayılıb, əsərləri təhlil edilib. Xüsusilə də məşhur “Heydərbabaya salam” poeması haqqında yazılan elmi-tədqiqat işləri, ithaflar, xatirələr, publisistik məqalələr ustadın ədəbi mühitdə nüfuzunu göstərən faktlardır.
   O, yaradıcılığa farsca şeirlər yazmaqla başlayıb, bu dildə gözəl əsərlər yaradıb. Buna baxmayaraq sənətkarı xalqa sevdirən məhz ana dilində yazdığı əsərlər olur. Ona dünya şöhrəti qazandıran “Heydərbabaya salam” poeması yazıldığı gündən böyük əks-səda doğurur. Əsər Azərbaycan ədəbi ictimaiyyətində 1958-ci ildən tanınmağa başlayır. “Ədəbiyyat və incəsənət” qəzetinin 1958-ci il 14 sentyabr sayında professor Həmid Məmmədzadənin “Şəhriyar Təbrizi” adlı məqaləsi dərc olunur. Bu məqalə ilə başlanan tanışlıq daha sonra professor Qulamhüseyn Beqdeli (Bəydili) tərəfindən davam etdirilir.
   1962-ci ilin iyun ayında “Ədəbiyyat və incəsənət” qəzetində “Heydərbabaya salam” əsərinin yazılması və Təbrizdə çap olunması barədə məlumat verilir. Daha sonra “Məhəmmədhüseyn Şəhriyar” adlı ilk kitab işıq üzü görür. Akademiklər Mirzə İbrahimov və Məmməd Arifin kitab barədə fikirləri mətbuatda dərc olunur. M.Arif “Heydərbabaya salam” poeması ilə bağlı qeyd edib ki, bu poemanın özəlliyi yalnız ana dilində yazılmasında deyil. Onun əsas üstünlüyü “mövzu və ideya ilə bədii forma, bədii ifadə tərzi arasında nadir bir uyğunluq, çox müvəffəqiyyətli bir vəhdət yarada bilməsindədir”.
   Şəhriyarın əsərləri, xüsusilə də “Heydərbabaya salam” poeması çox sürətlə Şimali Azərbaycanda yayılır. Bu dövrdə Azərbaycan ədəbiyyatı mövzu və ideyaca yeni mərhələyə qədəm qoyurdu. Şair və yazıçıların yaradıcılığında milli yaddaşa, mənəvi dəyərlərə geniş yer verilirdi. Milli-mənəvi dəyərlərin poetik dillə tərənnümü və müqəddəs ənənələrimizi özündə ehtiva edən “Heydərbabaya salam” əsəri bu proseslərə təsirsiz qalmırdı. Əsər Şəhriyarı nəinki o taylı - bu taylı Azərbaycanda, eyni zamanda, dünyada tanıdır.
   Şah rejiminin devrildiyi zaman Şəhriyar doğma diyarı Qaraçəmən elinə gəlir. Amma kənd camaatından bir soyuqluq, ögeylik hiss edir. Bu da ondan irəli gəlir ki, kənddə Şəhriyarı tanıyan olmur... Qəlbində poetik bir dillə zamana qarşı üsyan çağlayır:
   
   Heydərbaba, gəldim səni yoxlayam,
   Bir də yatam, qucağında yuxlayam,
   Ömrü qovam, bəlkə burda haxlıyam,
   Uşaqlığa deyəm: bizə gəlsən bir,
   Aydın günlər, ağlar üzə gülsən bir!
   
   
Onun poetik vüsəti, lirizmi, ürəyəyatan şeirləri ilə tanış olan xalqda sənətkara qarşı böyük məhəbbət yaranır. Şəhriyar bənzərsiz yaradıcılığı ilə hər bir azərbaycanlının qəlbində yaşamaq haqqı qazanır.
   Şəhriyar vətənpərvər, milli duyğuların tərənnümçüsü olmaqla yanaşı, dövrün haqsızlıqlarına da səssiz qalmayıb. Poetik eyhamlarla mühitin eybəcərliklərini ifadə etməyə çalışıb:
   
   Bir uçaydım bu çırpınan yelinən,
   Bağlaşaydım dağdan aşan selinən,
   Ağlaşaydım uzaq düşən elinən,
   Bir görəydim ayrılığı kim saldı?
   Ölkəmizdə kim qırıldı, kim qaldı?
   

   O, klassik şeirin bir çox janrlarında əsərlər yazıb. Ədəbiyyatı yüksək məzmunlu, mükəmməl qəzəl, qəsidə, məsnəvi, qitə və rübailərlə zənginləşdirib. Hafiz Şirazidən sonra Şəhriyarın şeirləri İranda lirikanın ən yüksək pilləsi hesab olunur. Şairin dərin fikirlər, incə duyğular tərənnüm edən qəzəlləri xalq arasında geniş yayılıb, Tehran, Təbriz, Ərdəbil, Marağa, Məşhəd, Astara, Xoy, Mərənd və başqa şəhərlərdə keçirilən elmi-ədəbi məclislərdə təhlil edilib.
   Görkəmli sənətkar 1988-ci il sentyabrın 18-də azadlıq və birlik nisgili ilə haqq dünyasına qovuşur. Şairin vəfatı şimallı-cənublu Azərbaycanın böyük kədərinə səbəb olur. Nisgilli şairin ölümünə kədərlənən Əli Tudə yazır:
   
   Nə etmək, hər zaman təmtəraq olmur,
   Sən vüsal gəzirsən, bir soraq olmur...
   Nisgilli ürəklə bacarmaq olmur,
   Yol çəkən gözlərim sulandı, şair!
   

   Məhəmmədhüseyn Şəhriyar bu gün də Azərbaycan ədəbiyyatında sönməyən bir məşəl kimi parlayır. Onun yaradıcılıq işığı, arzuları və ideyaları Şəhriyarsevərlərin yolunu daim işıqlandırır. Onları həqiqət uğrunda mübarizəyə səsləyir.
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar