Dekabrın 3-də Azərbaycan Milli Kitabxanası ilə Yunanıstanın Milli Kitabxanası arasında əməkdaşlıq haqqında memorandum imzalandı. Sənədi Azərbaycan və Yunanıstan milli kitabxanalarının direktorları Kərim Tahirov və Antonia Arahova imzaladılar. 

   Mərasimdə çıxış edən Kərim Tahirov memorandumla bağlı xeyli müddətdən bəri iş aparıldığını bildirdi: “Yunanıstan milli kitabxanaları ilə əməkdaşlıq sənədi imzaladığımız 28-ci ölkədir. Məqsədimiz kitab mübadiləsini və əməkdaşlığı genişləndirməkdən ibarətdir. Bununla biz iki ölkənin mədəniyyətini qarşılıqlı şəkildə təbliğ etmiş oluruq və xalqlar bir-birini daha da yaxından tanıyacaqlar. Memorandum sayəsində qarşılıqlı sərgilər, informasiya mübadiləsi və s. nəzərdə tutulur”.
   Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli sənədin əhəmiyyətindən danışaraq qeyd etdi ki, yunan mədəniyyətinin hər zaman dünya mədəniyyətlərinə təsiri olub: “Dahi Nizaminin əsərlərində Aristotelin fikirlərinə rast gəlməyimiz də bunu sübut edir. İnanıram ki, bu memorandumun imzalanması sayəsində yunan ədəbiyyatının və mədəniyyətinin ən gözəl nümunələri Azərbaycan oxucularına təqdim olunacaq. Sənəd hər iki ölkənin dahi şəxsiyyətlərini bir-birinə tanıtmaq baxımından da əhəmiyyət kəsb edir”.
   Yunanıstan Milli Kitabxanasının direktoru Antonia Arahova Bakıya ikinci dəfə səfər etdiyini, bundan öncə Nizaminin 870 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlə bağlı ölkəmizə gəldiyini dedi. O, ümidvar olduğunu bildirdi ki, imzalanan memorandum sayəsində xalqlarımız bir-birinin mədəniyyətinə yaxından bələd olacaqlar: “Bu saziş həm də mədəniyyətlərin mübadiləsidir”.
   Yunanıstanın ölkəmizdəki səfiri İonannis Metaksas da əməkdaşlıq sənədinin əhəmiyyətindən danışdı. Mərasimdə o da qeyd olundu ki, Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi ilə dekabrın ortalarında Yunanıstan Milli Kitabxanasında Nizaminin 870 illiyi ilə əlaqədar tədbir keçiriləcək.
   
   Lalə Azəri