Dekabrın 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsi mətbuat nümayəndələrinin iştirakı ilə “Tələbələrin yaradıcılığı” adlı tədbir keçirdi.
   
   Təhsil ocağının 90 illik yubileyinə həsr olunan tədbirin məqsədi istedadlı tələbələri tanıtmaq və yaradıcılıqları üçün yeni imkanlar yaratmaq idi.
   Tədbirin aparıcısı filologiya üzrə elmlər doktoru, professor Gülşən Əliyeva-Kəngərli giriş nitqindən sonra sözü “Ədəbi yaradıcılıq və ekran dramaturgiyası” kafedrasının müəllimi, Əməkdar jurnalist Zakir Abbasa verdi. O, universitetin tarixinə qısa ekskurs edərək bildirdi ki, 1923-cü ildə Bakı Teatr Texnikumunun bazası əsasında yaradılan təhsil ocağı əvvəlcə Teatr İnstitutu kimi fəaliyyət göstərmişdir. Təhsil ocağının ilk rəhbəri görkəmli mədəniyyət xadimi Şövkət Məmmədova olmuş, ilk tələbə qəbulu teatrşünaslıq, aktyor sənəti və rejissorluq ixtisasları üzrə aparılmışdır. 1923-cü ildə məktəbə aktyorluq ixtisası üzrə qəbul olunan 40 nəfərdən 12-si azərbaycanlı qızlar idi. Böyük dramaturq Cəfər Cabbarlı bu faktı böyük mədəni hadisə kimi təqdir etmişdi. Məktəbdə ilk illərdən etibarən dərs demiş tanınmış ziyalıların içərisində Ə.Haqverdiyev (ədəbiyyat), M.S.Kirmanşahlı (səhnə danışığı), N.Boqolyubov (teatr tarixi), V.İvanov (antik ədəbiyyat), A.Mudrov (Qərb ədəbiyyatı), V.Zummer (incəsənət tarixi), V.Karagiçev (musiqi təlimi), məşhur rejissor A.Tuqanov və başqaları olmuşdur. 1954-cü ildə Teatr İnstitutuna Xalq artisti Mirzağa Əliyevin adı verilmişdir. 1959-cu ildən “Mədəni maarif”, 1963-cü ildə isə “Dekorativ-tətbiqi sənət” ixtisasları üzrə mütəxəssis hazırlığına başlanmışdır.
   1968-ci ildə ali məktəb Azərbaycan Dövlət İncəsənət İnstitutuna çevrilmişdir. 1981-1991-ci illərdə burada rəngkarlıq, qrafika, heykəltəraşlıq, sənətşünaslıq ixtisasları, habelə teatr, kino, kulturologiya və bədii sənaye incəsənəti üzrə yeni ixtisaslar açılmışdır. 1991-ci ildə tədris müəssisəsi Azərbaycan Dövlət İncəsənət Universitetinə, 1993-cü ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə çevrilmişdir.
   Sonra “Ədəbi yaradıcılıq və ekran dramaturgiyası” kafedrasının müdiri, professor Aqşin Babayev çıxış edərək universitetin 90 illik yubileyi ərəfəsində silsilə tədbirlər keçirildiyini nəzərə çatdırdı: “Fikirləşdik ki, silsilə tədbirlərdən birini də tələbələrimizin yaradıcılığına həsr edək. Sənətşünaslıq fakültəsi tələbələrinin hekayə, esse , şeir, ssenariləri var. Bu gün I və II kurs tələbələri ilk qələm nümunələrini bizlərə təqdim edəcəklər. Mətbuat orqanlarını bu tədbirə dəvət etməkdə məqsədimiz budur ki, istedadlı gəncləri öz qəzet və jurnallarının səhifələrində işıqlandırsınlar”.
   Daha sonra söz tələbələrə verildi. Ülkər Süleymanova, Nicat Əfəndizadə, Lalə Rəhmanova, Minəxanım Əliyarlı, Ayaz Kazımov və digərləri şeir və hekayələrini, ssenari mətnlərini oxudular.
   Sənətşünaslıq fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Vəfa Əliyev tələbələrə uğurlar arzuladı: “İnanıram ki, burada yaradıcılıq nümunələrini təqdim edən tələbələr gələcəyin tanınmış imzalarına çevriləcəklər. Çünki bu gənclər Azərbaycan mədəniyyətinin sabahıdır. İnanıram ki, onlar bizim etimadımızı doğruldacaqlar”.
   Tədbirin sonunda tələbələr universitetin fəxri fərmanları ilə təltif edildilər.
   
   Lalə Azəri