Noyabrın 30-da Mərdəkan Mədəniyyət Sarayında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən keçirilən ənənəvi “Kitabla dost ol, ən fəal oxucu ol” müsabiqəsinin qaliblərinin təltifolunma mərasimi keçirildi. Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyinə həsr olunmuş tədbirin iştirakçıları ilk olaraq şairin əsərlərinə çəkilmiş rəsm və əl işləri, daha sonra kitab sərgisi ilə tanış oldular.
   Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova tədbirin əhəmiyyətini vurğuladı: “Oxucuları kitabxanalara cəlb etmək, fəal oxucuları təşviq etmək kitabxana işçilərinin mühüm vəzifələrindən biridir. Bu gün kitabxanaların fəaliyyəti köklü şəkildə yenilənir. Kitabxana işinin yaxşılaşdırılması haqqında ölkə Prezidentinin sərəncamından irəli gələn məsələlərlə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyi bu sahəyə də xüsusi diqqət ayırır”.
   Səbail rayon MKS-nin direktoru Nüşabə Ələkbərova müsabiqə barədə məlumat verdi. Qeyd olundu ki, Bakı Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin 22 ən fəal oxucusu arasından 3 qalib müəyyən edilib. Müsabiqənin qaliblərinə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin fəxri fərman və hədiyyələri təqdim olundu.
   Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları, Yazıçılar Birliyinin üzvləri Vahid Əziz, Ədalət Əsgəroğlu, Sayman Aruz, Bakı Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin direktorları və əməkdaşları iştirak edirdilər.   

   Lalə