Nəşrdə Azərbaycanın görkəmli xanımları barədə dəyərli bilgilər toplanıb
Noyabrın 30-da Azərbaycan Mətbuat Şurasında yazıçı-jurnalist Saminə Hidayətqızının «Yüz türk qadını» kitabının təqdimatı keçirildi.
Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbiri açaraq müəllifin jurnalistlik fəaliyyəti barədə danışdı. Qeyd olundu ki, uzun illər müxtəlif mətbuat orqanlarında çalışmış S.Hidayətqızı özünəməxsus yaradıcılıq yolu ilə tanınan qələm sahiblərindəndir. Bu cəhəti və hədsiz təvazökarlığı ona media ictimaiyyəti içərisində böyük hörmət qazandırıb. Xanım jurnalist də özünün yazıları, kitabları ilə həmkarlarının ona bəslədikləri etimadı doğrultmaqdadır: “Yüz türk qadını» kitabı da bu etimaddan, inamdan qaynaqlanmış dəyərli bir topludur. Kitab müəllifin «Sarı sim» rubrikası altında hazırladığı növbəti nəşrdir. Məndə olan məlumata görə, Saminə xanım türk dünyasında misilsiz xidmətləri olmuş qadınlarla bağlı daha geniş layihələr reallaşdırmaq niyyətindədir. Bu baxımdan kitabda ayrı-ayrı sahələrdə fərqlənmiş türk xanımlarının həyat və fəaliyyəti, özəl ştrixlərlə zəngin ömür yolundan bəhs edən məqamları qələmə alması xüsusilə əlamətdardır”.
Sonra Ə.Amaşov Mətbuat Şurasının fəxri diplomunu müəllifə təqdim etdi.
Mədəniyyət və İncəsənət Universitetinin dosenti, dramaturq Əli Əmirli çıxışında «Yüz türk qadını» kitabındakı faktlardan söhbət açdı və bildirdi ki, onlar xüsusiyyətinə görə nadir, eyni zamanda ensiklopedik səciyyə daşıyırlar. O, nəşrin yüksək zövqlü tərtibatını da xüsusi qeyd etdi.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva “Yüz türk qadını” kitabını qadına dəyər mənasında mühüm ədəbiyyat nümunəsi kimi dəyərləndirdi. O, belə əsərlər yaradan müəllifin gələcəkdə daha böyük uğurlara imza atacağına əminliyini bildirdi.
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli kitabın nəfis tərtibatla çap olunduğunu, bunun müasir dövr üçün önəmli məqam olduğunu vurğuladı: “İkinci dəyərli xüsusiyyət kimi onun üz qabığında verilmiş azad qadın heykəlinin təsviridir. Xurafatın, cəhalətin hələ də cəmiyyətdə qaldığı bir dövrdə bu rəmz gözəl məna daşıyır. Daha bir məqam isə orada ensiklopedik materialların yer alması, ümumən türk dünyasının tədqiqat predmeti kimi götürülməsidir”.
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor İradə Hüseynova, Teatr Xadimləri İttifaqının əməkdaşı Kəmalə Cəfərzadə, Ombudsman aparatının mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli, Üzeyir Hacıbəyli irsinin tədqiqatçısı Səadət Qarabağlı, «Elm və həyat» jurnalının redaktor müavini Ülkər Hüseynova, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu, şair, publisist Mirkazım Seyidov, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli və başqaları kitab haqqında öz fikirlərini bölüşdülər.
Çıxış edənlər yazıçı-jurnalistin uzun illərin zəhməti bahasına ərsəyə gətirdiyi ensiklopedik toplunu yüksək qiymətləndirdilər. Qeyd olundu ki, müəllif türk qadınının xidmətlərini zamanın burulğanında itməkdən qorumağa, işıqlı əməllərini üzə çıxarmağa, xatirələrini qələmə alıb gələcək nəsillərə çatdırmağa çalışıb. Tədbirdə o da vurğulandı ki, kitabın motivləri əsasında TRT kanalı sənədli film hazırlamaq niyyətindədir.
Tədbirin sonunda Saminə Hidayətqızı iştirakçılara təşəkkürünü bildirərək qeyd etdi ki, onu bu kitabı yazmağa, araşdırmalar aparmağa sövq edən, yol göstərən türk dünyasının hünərli qadın yazarı, görkəmli alim, professor Əzizə Cəfərzadə olmuşdur: “Adı bu kitaba düşə biləcək hünərli qadınlarımızın sayı yüz deyil, yüzlərlədir. Mən yalnız tarixin yaddaşında iz qoyan, bu gün isə görüb-görüşdüyüm yüz qəhrəmanımı təqdim etdim. Gələcəkdə “Alaqurşak” adlanan layihəmdə digər görkəmli xanımlar da öz layiqli yerlərini tapacaqlar”.
Qeyd edək ki, “Apostroff” nəşriyyatında işıq üzü görən kitabın məsləhətçisi AMEA-nın müxbir üzvü, millət vəkili, professor Nizami Cəfərov, redaktoru Əməkdar jurnalist Zakir Abbas, naşiri Akif Dənzizadədir.
Ceyhun