Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliyanın Romualdo del Bianko Fondu arasında memorandum imzalanıb
   
   Xəbər verdiyimiz kimi, Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Romualdo del Bianko Fondunun dəvətinə əsasən İtaliya Respublikasının Florensiya əyalətinə səfər edib. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib.
   
   Dekabrın 4-də Mədəniyyət və Turizm Nazirliyi ilə Romualdo del Bianko Fondu arasında gələcək əməkdaşlıqla bağlı anlaşma memorandumu imzalanıb.
   Tədbirdə İtaliyanın Florensiya əyalətini təmsil edən rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
   Mərasimdə çıxış edən Vaqif Əliyev iştirakçılara ölkəmiz barəsində ətraflı məlumat verib. Qeyd olunub ki, Azərbaycanın zəngin irsinin və milli-mədəni kimliyinin tanıdılması dövlətin əsas prioritetlərindəndir. Bu sahədə bir çox beynəlxalq təşkilatlarla, eləcə də qeyri-hökumət təşkilatları ilə qarşılıqlı faydalı əməkdaşlıq üzrə layihələr həyata keçirilir. Bu mənada Romualdo del Bianko Fondu ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.
   Diqqətə çatdırılıb ki, ötən müddət ərzində fondun iştirakı və dəstəyi ilə Bakıda beynəlxalq konfrans keçirilib, Florensiyada azərbaycanlı rəssamların sərgisi açılıb və ölkəmiz “Dərəcə və sənət” regional festivalına qoşulub.
   İmzalanan memorandumun münasibətlərimizin daha da genişlənməsinə və inkişafına təkan verəcəyinə, eləcə də Life Beyond Turizm portalının Azərbaycanın mədəniyyətinin, incəsənətinin və irsinin daha geniş coğrafiyada tanıdılması üçün mühüm vasitəyə çevriləcəyinə inam ifadə olunub.
   
   Florensiyada \"Azərbaycan irsi həftəsi” keçiriləcək

   
   Dekabrın 5-də mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Florensiya əyalətinin prezidenti Andrea Barduçi ilə görüşüb. Görüşdə qarşılıqlı anlaşma və dostluq prinsiplərinə əsaslanan hazırkı Azərbaycan-İtaliya əlaqələrinin böyük perspektivlərə malik olduğu vurğulanıb və gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib. Bildirilib ki, 2013-cü ildə Florensiyada Azərbaycan mədəni irsinin təbliğinə yönəldilmiş \"Azərbaycan irsi həftəsi\" adlı tədbirin keçirilməsi nəzərdə tutulub. Tədbir milli mədəniyyətimizin Florensiya əyalətində tanıdılması baxımından müstəsna əhəmiyyətə malik olacaq.