Dekabrın 11-də Dövlət Film Fondunda tanınmış kino və televiziya rejissoru Rüfət Şabanovun 90 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirildi. Fondun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev tədbiri açaraq yubilyarın maraqlı həyat yolundan və sənətkarlıq xüsusiyyətlərindən söz açdı.
   
   Sonra tədbirin aparıcısı kinoşünas, Prezident təqaüdçüsü Aydın Kazımzadə mərhum rejissorun həyat və sənət yolu barədə danışdı. Qeyd olundu ki, Rüfət İsmayıl oğlu Şabanov 22 iyun 1922-ci ildə Bakıda anadan olub. Əmək fəaliyyətinə Rus Dram Teatrında (1942) başlayıb, sonra Bakı kinostudiyasında (1944) çalışıb. Ali təhsil almaq məqsədilə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olsa da, ailə vəziyyəti ilə bağlı təhsilini Azərbaycan Dövlət Teatr İnstitutunda davam etdirib. İnstitutu fərqlənmə diplomu ilə (1952) başa vurduqdan sonra Rus Dram Teatrında truppa müdiri və rejissor işləyib.
   1957-ci ildə Rüfət Şabanov Bakı kinostudiyasına qayıdır. Əvvəlcə rejissor köməkçisi, sonra “Uzaq sahillərdə”, “Əsl dost”, “Mateo Falkone”, “Bizim küçə” və “Romeo mənim qonşumdur” bədii filmlərində ikinci rejissor işləyir. 1966-cı ildə kinostudiyada istehsal olunan “Liftçi qız” kinonovellasına quruluş verir. 1968-1981-ci illərdə AzTV-də televiziya kino çəkilişləri redaksiyasında baş rejissor vəzifəsində çalışır. “Azərbaycantelefilm” yaradıcılıq birliyinin təşkilatçılarından biri və baş rejissoru olur, “Sovet Azərbaycanının salnaməsi”, “Bakı”, “Şuşa”, “Talış meşələri”, “Dənizkənarı bulvar” və s. televiziya filmlərini çəkir. Rejissor daha sonra “Azərbaycanfilm” kinostudiyasında “Gəmi saatının sirri” (1983) bədii, “On yeddi yaşlı oğlan” bədii televiziya (1986) filmlərinə quruluş verib. Rüfət Şabanov 76 illik ömrünün 56 ilini Azərbaycan mədəniyyətinə və incəsənətinə həsr edib, onun adı milli kino və televiziya tarixində əbədi qalacaq.
   Xalq artisti Tariyel Qasımov çıxışında Rüfət Şabanovu gözəl ziyalı, istedadlı sənət adamı kimi xarakterizə etdi: “Kinoda ilk rolum onun quruluş verdiyi “Liftçi qız” filmində oldu. Bu filmdən sonra qarşımda yeni-yeni üfüqlər açıldı. Daha sonra “Türkmənfilm”də, “Özbəkfilm”də filmlərə çəkildim. Sağlığında ona dəfələrlə minnətdarlığımı bildirmişəm. O, mənə kino sənətində vəsiqə verib”.
   Sənətkarın həyat yoldaşı, Xalq artisti Elmira Şabanova xatirələrini bölüşdü: “O, dünyasını dəyişərkən dedi ki, çox şadam ki, sizin kimi bir ailəm var. Təəssüf ki, övladlarının uğurlarını görmədi. Həyatımdan razıyam ki, Rüfət kimi ömür-gün yoldaşım olub. Sizin kimi isə dostlarımız var. Zəhmət çəkib bu gecəyə toplaşdığınıza görə hamınıza təşəkkür edirəm”.
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar