Kompleksin birinci mərhələsi üzrə infrastruktur obyektlərinin açılışı keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 20-də Qusar rayonuna səfər edib. Dövlət başçısı və xanımı Mehriban Əliyeva Şahdağ Qış-Yay Turizm Kompleksinə daxil olan infrastruktur obyektlərinin açılışında iştirak ediblər.
Əvvəlcə “Qusar-1” kiçik su elektrik stansiyasının açılışı olub. Stansiyada ümumi gücü 1 meqavat olan üç hidroturbin və hidrogenerator quraşdırılıb. Stansiya ildə 5 milyon kilovat/saat elektrik enerjisi istehsal etmək imkanına malikdir. Sonra Qusar-Ləzə avtomobil yolunun açılışı keçirilib.
Dövlət başçısı və xanımı Şahdağ Qış-Yay Turizm Kompleksinə daxil olan “Zirvə” hotelinin açılışında iştirak ediblər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, kompleksin tikintisinə hazırlıq işlərinə 2006-cı ildən başlanıb. 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə kompleksin təməli qoyulub. Şahdağ Milli Parkının ərazisində yerləşən kompleksin tikildiyi sahə ekoloji təmizliyi, flora və faunasının zənginliyi ilə seçilir. Turizm obyekti dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdədir. Kompleksin əsas hissəsi isə dəniz səviyyəsindən 1440-1640 metr yüksəklikdə yerləşir. 2058 hektar ərazisi olan kompleks bütün il boyu fəaliyyət göstərəcək. Bu layihənin reallaşdırılması ölkədə dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açır.
Şahdağ Qış-Yay Turizm Kompleksi Azərbaycanın tarixində ilk dağ-xizək kurortudur. Kompleksin inşası qeyri-neft sektorunun inkişafını prioritet elan edən Azərbaycanın iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edir. Bu, ölkəmizdə turizm sənayesinin inkişafına böyük töhfə verməklə yanaşı, həm də Azərbaycanın tanıdılması, tariximizin, mədəniyyətimizin və bənzərsiz təbiətimizin təbliği istiqamətində mühüm addımdır. Bütün bu amillər Şahdağ qış-yay turizm kompleksinin dünya turizm sənayesində əhəmiyyətini daha da artırır.
Kompleksin tikintisi çərçivəsində ərazidə yeni hotellər şəbəkəsinin yaradılmasına xüsusi önəm verilib. İkimərtəbəli “Zirvə” hoteli kompleksin əsas lift bazasında yerləşir. Burada üçü VİP olmaqla, 40 nömrə var. Turistlərin istirahətinin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb. Hoteldə ofis otaqları ilə yanaşı, kafe, restoranlar, konfrans zalı, xizək məktəbi, tibb məntəqəsi, avtomobil dayanacağı və digər əyləncə obyektləri var.
Hazırda hoteldə kompleksdə çalışacaq heyətin hazırlanması üçün treninqlər aparılır. İndiyədək 160 yerli mütəxəssis kurslara cəlb olunub. Dövlət başçısı treninq iştirakçıları ilə görüşərək onlara peşələrini dərindən mənimsəməyi, yaxşı mütəxəssis olmağı tövsiyə edib.
Prezidentə kompleksin lift bazası barədə məlumat verilib. Bildirilib ki, baza kompleksə 2-3 günlük istirahətə gələn turistlər üçün nəzərdə tutulub. Bazada uşaqların dağ-xizək idmanı ilə məşğul olmaları və əylənmələri üçün hərtərəfli şərait yaradılıb. Turistlərin xizək enişinə çatdırılmaları üçün kanat yolları inşa olunub. Kompleksdə süni qaryağdırma sistemi də qurulub. Diqqətə çatdırılıb ki, kompleksə daxil olan 2 nömrəli kanat yolu və xizək enişi 2011-ci ilin yanvarında istifadəyə verilib.
* * *
Sonra kompleksə daxil olan “Qaya” hotelinin açılışı keçirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısı İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verib ki, üçmərtəbəli hoteldə turistlərin istifadəsinə 26 nömrə veriləcək. Hoteldə restoran və fitnes mərkəzi də fəaliyyət göstərəcək.
Diqqətə çatdırılıb ki, layihənin növbəti mərhələləri çərçivəsində yeni kanat yolları salınacaq, qolf meydançası, müxtəlif klublar, kiçik mehmanxanalar, pansionat, Şahdağ Gənclər Mərkəzi, digər otellər inşa olunacaq, ərazidə at ferması fəaliyyət göstərəcək.
Bildirilib ki, kompleksin birinci mərhələsi üzrə tikinti dövlət tərəfindən maliyyələşdirilir. Tikintiyə nəzarəti Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Şahdağ Qış-Yay Turizm Kompleksinin müdiriyyəti həyata keçirir. Kompleksin inşasının növbəti mərhələlərində özəl sektorun da yaxından iştirakı nəzərdə tutulub.
Prezident İlham Əliyev xizəklə sürüşüb, xanımı Mehriban Əliyeva isə motorlu xizəkdə gəzib.
* * *
Dövlət başçısı və xanımı “Şahdağ Resort SPA” hotelində aparılan tikinti işlərinin gedişi ilə də tanış olublar. Hoteldə ümumilikdə 173 otaq, 1825 kvadratmetrlik SPA mərkəzi, 8 restoran, üç iclas zalı olacaq. Tikinti işlərinin 70 faizi artıq başa çatdırılıb.
Prezident növbəti mərhələdə həyata keçiriləcək tədbirlərlə bağlı tapşırıq və tövsiyələrini verib.