Kitabxanaçıların ümumrespublika müşavirəsi çərçivəsində daha bir tədbir Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitabxanasında keçirildi.
   
   Tədbirdə çıxış edən Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov öncə kitabxana haqqında məlumat verdi. Müasir dövrdə kitabxanalarda elektron resursların, elektron informasiya imkanlarının əhəmiyyətindən danışdı. Qeyd olundu ki, Prezident Kitabxanasının saytında “Biblioqrafik göstəricilər”, “Məlumat bülletenləri”, “E-Kitabaxana”, “Yeni nəşrlər” və s. bölmələrdə oxucu üçün gərəkli informasiyalar yerləşdirilib.
   Tədbirdə kitabxanaçıların problemləri, müasir cəmiyyət və mütaliə məsələləri müzakirə olundu. Kitabxanaçıların ümumrespublika müşavirəsinin keçirilməsini yüksək qiymətləndirən M.Əhmədov ölkə kitabxanaları arasında təcrübə mübadiləsinin aparılması, kitabxanaçılarla müasir oxucu arasında əlaqələrin düzgün qurulması istiqamətində müzakirələrin əhəmiyyətini vurğuladı.
   Mədəniyyət və Turizm Nazirliyi Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova Azərbaycanda fəaliyyət göstərən kitabxanalarda son illər aparılan işlərdən söz açdı. Kitabxana işinin yaxşılaşdırılmasında kitabxanaçıların üzərinə düşən vəzifələrdən, kitabxana işi sahəsində yeniliklər, müasir texnologiyaların tətbiqi, elektron kataloq və kitabxana sistemləri haqqında iştirakçıları məlumatlandırdı.
   Tədbir müzakirələrlə davam etdi.
   
   Reyhan İsayeva