Yanvarın 12-də “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin yaranmasının üç illiyi ilə bağlı tədbir keçirilib. Tədbirdə İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli qurumun yaranması, fəaliyyəti, Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi layihələr və görüləcək işlərdən danışıb. 
   
   Bildirib ki, təşkilat mədəni irs abidələrimizin öyrənilməsi, mühafizəsi və təbliği sahəsində ictimai fəallığı artırmaq məqsədilə 2010-cu ilin yanvarında təsis edilib, həmin ilin martında Ədliyyə Nazirliyində qeydiyyata alınıb.
   Üç il ərzində İctimai Birlik tərəfindən bir sıra layihələr, o cümlədən Azərbaycanın mədəni həyatında və elm aləmində ciddi rezonans doğuran orta əsr Ağsu şəhərinin arxeoloji tədqiqi və konservasiyası layihəsi həyata keçirilib. Ağsu arxeoloji ekspedisiyası üç il ərzində təxminən 10 min kvadratmetrlik ərazidəki qazıntı sahələrində qədim şəhərin qalıqlarını və minlərlə eksponatı üzə çıxarıb.
   Layihə çərçivəsində Azərbaycan və ingilis dillərində üçcildlik “Ağsu şəhəri orta əsrlərdə” kitab-albomu nəşr olunub, agsuexpedition.org internet səhifəsi istifadəyə verilib, minlərlə eksponatın elektron pasportlaşdırılması, üçüncü və dördüncü qazıntı sahələrinin 3D formatında vizuallaşdırılması, sənədli filmlər istehsalı, KİV nümayəndələrinin qazıntı yerinə infoturu həyata keçirilib. Bundan başqa, ölkəmizdə və Türkiyənin Muğla, Uşak, Bayburt şəhərlərində “Ağsu möcüzəsi” mövzusunda sərgilər, müxtəlif mədəniyyət, təhsil müəssisələrində seminarlar təşkil olunub.
   Ötən il Ağsuda “Miras”ın təşəbbüsü ilə keçirilmiş “Avrasiya regionunda arxeoloji turizmin perspektivləri (Qədim dövrdən son orta əsrlərə qədər tarixi-mədəni irs əsasında)” mövzusunda IV Beynəlxalq Avrasiya arxeologiyası konfransı bölgənin arxeoloji abidələrinin turizm məhsuluna çevrilməsində əhəmiyyətli rol oynayıb.
   F.Xəlilli bu il təşkilatın beynəlxalq əlaqələrinin daha da genişlənəcəyini, bir sıra layihələrin nəzərdə tutulduğunu deyib.
   “Miras”ın üç yaşını təbrik edən Azərbaycan Turizm İnstitutunun rektoru, professor Cəfər Cəfərov İctimai Birliyin turizm sahəsinə də yeniliklər gətirdiyini, ictimaiyyəti arxeoloji turizmin inkişafına təşviq etmək üçün layihələr həyata keçirdiyini xatırladıb.
   AMEA-nın müxbir üzvü Vəli Əliyev tələbəsi Fariz Xəlillinin rəhbərlik etdiyi qurumun fəaliyyətini təqdir edib, Türkiyənin Bayburt şəhərində, Dədə Qorqudun yurdunda arxeoloji qazıntılar aparmaq təşəbbüsünün yaranmasında birliyin rolunu xüsusi vurğulayıb.
   Digər çıxış edənlər İctimai Birliyin üçillik fəaliyyətini yüksək qiymətləndirib, tariximizin qaranlıq səhifələrinin üzə çıxarılması və mədəni irsimizin təbliği işində kollektivə uğurlar arzulayıblar.
   Sonra “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. “Miras” musiqi qrupu xalq mahnıları və təsniflərdən ibarət maraqlı konsert proqramı ilə çıxış edib.