Gəncədə Prezident İlham Əliyevin böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illik yubileyi ilə bağlı sərəncamından irəli gələn vəzifələrə həsr edilmiş müşavirə keçirilib. Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev yubileyin yüksək səviyyədə keçirilməsi üçün qarşıda duran vəzifələrdən danışıb, ziyalılar, alimlər yubileylə bağlı fikirlərini söyləyiblər. Şərqdə ilk şairə, qadın şahmatçı, musiqiçi kimi tanınmış Məhsəti Gəncəvinin məzarının tədqiqi, irsinin öyrənilməsi, şeir və rübailərinin nəşri, internetdə Məhsəti Gəncəvi saytının yaradılması kimi təkliflər səsləndirilib. Şairin vətəni Gəncədə keçiriləcək yubiley tədbirlərinə hazırlıqla bağlı işçi qrup və yubiley komissiyası yaradılıb.
   Müşavirədə Gəncənin sonuncu hakimi Cavad xanın doğma şəhərində ucaldılacaq əzəmətli abidəsinin foto layihəsi də müzakirə olunub. Postamentlə birlikdə hündürlüyü 13,3 metr olacaq abidə şəhərə qərb istiqamətdən girişdə, vaxtilə Cavad xanın çar ordusuna qarşı döyüşlər apardığı ərazidə qoyulacaq. At belində olacaq Cavad xanın abidəsi şəhərin bir neçə kilometrliyindən görünəcək. Heykəlin ətrafında isə geniş istirahət parkının salınması nəzərdə tutulub.