“Azərbaycan qadını” jurnalının (baş redaktor Fatma Abdullazadə) hər nömrəsinin maraqlı mədəniyyət layihəsi ilə təqdimatı artıq bir ənənəyə çevrilib. Yanvarın 26-da jurnalın qış buraxılışının Beynəlxalq Muğam Mərkəzində keçirilən təqdimatında “Leyli və Məcnun” operasından kompozisiya nümayiş olunub.
   
   Dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ictimaiyyət və media təmsilçilərinin iştirak etdikləri mərasimdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə (dirijor - Xalq artisti Teymur Göyçayev) Leyli və Məcnun rollarını xalq artistləri Aygün Bayramova və Mənsum İbrahimov ifa ediblər.
   Kompozisiyanın nümayişindən əvvəl çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi dahi Üzeyir Hacıbəylinin 105 il əvvəl yazdığı “Leyli və Məcnun” operasının tarixi barədə məlumat verib. Jurnalın oxucuları operanın ilk dəfə olaraq yeni formatda lentə alınmış musiqi albomu ilə də yaxından tanış ola biləcəklər.
   Jurnalın yeni nömrəsində oxuculara maraqlı bədii-publisistik yazılar, ölkəmizin həyatında parlaq hadisəyə çevrilən mühüm beynəlxalq layihələri əks etdirən materiallar təqdim olunub. Nəşrdə ötən ilin oktyabrında keçirilən II Bakı Beynəlxalq Humanitar Forumu geniş işıqlandırılıb. “Elçilərin xoş məramı” adlı yazıda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın iştirak etdiyi UNESCO-nun xoşməramlı səfirlərinin toplantısından söz açılır.
   Heydər Əliyev Fondunun, Azərbaycanın Almaniyadakı səfirliyinin və “Baku” beynəlxalq jurnalının birgə təşkilatçılığı ilə Berlində keçirilən “Bakıya uçuş” müasir incəsənət sərgisi ilə bağlı təəssüratlar oxuculara təqdim edilir. Nəşrdə Aida Mahmudovanın rəhbərlik etdiyi “YARAT!” Müasir İncəsənət Məkanının yeni layihələri, Azərbaycanın müxtəlif bölgələrindən olan istedadlı uşaqların əsərlərindən ibarət sərgi barədə də maraqlı material dərc olunub. “Həyatda məni nə iləsə təəccübləndirmək artıq çətindir, incəsənətdə isə hələ mümkündür” - Xalq rəssamı Oqtay Sadıqzadə belə deyir. Bu ilin fevralında 92 yaşına qədəm qoyacaq rəssam oxuculara işıqla kölgənin biri-birini əvəzlədiyi həyatından danışır, heç vaxt tükənməyən yaradıcılıq eşqindən söz açır.
   Jurnalın səhifələrində həmçinin “Üzeyir mirası, Niyazi yadigarı” layihəsi, “Dünyanın şəklini çəkən İnqa Şmidt”, “Yeni nəsil, yeni məkan”, “Ustad irsi” və digər maraqlı materiallar yer alıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar