Bakıda iki musiqi məktəbinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı keçirilib
Yanvarın 25-də paytaxtın Səbail rayonunun Bayıl qəsəbəsindəki Cövdət Hacıyev adına 3 nömrəli uşaq musiqi məktəbinin əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimi keçirildi.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva məktəbin kollektivinə təbriklərini çatdırdı. Dövlətin yaradıcı uşaq və gənclərə daim diqqət və qayğı göstərdiyini qeyd edən nazir müavini musiqi məktəbində tədrisin müasir tələblər səviyyəsində qurulması, uşaqların peşəkar musiqiçi kimi yetişməsi üçün hər cür şərait yaradıldığını vurğuladı. 2012-ci ildə bir neçə musiqi məktəbinin əsaslı təmir olunduğunu xatırladan Sevda Məmmədəliyeva bu prosesin davam edəcəyini bildirdi.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkəmizin gələcəyi olan gənclərlə bağlı həyata keçirilən dövlət siyasətindən danışdı, Azərbaycan Respublikası Prezidentinin bu məsələni hər zaman diqqətdə saxladığını dedi. O, tədris ocağında yaradılan şəraiti yüksək qiymətləndirərək müəllim və şagird heyətinə musiqimizin inkişafı naminə daha səylə çalışmağı arzuladı.
Məktəbin direktoru Məhin Orucova təhsil müəssisəsinin fəaliyyəti, tədris olunan ixtisaslar barədə mərasim iştirakçılarına məlumat verdi.
Sonra rəsmi nümayəndələr binada aparılan yenidənqurma işləri ilə tanış oldular, tədris otaqlarına baş çəkdilər. Üç korpusdan ibarət məktəbin iki korpusu əsaslı təmir edilib, üçüncü əsas korpus isə yenidən tikilib. Məktəbin yenidən qurulmuş 29 tədris otağı, kitabxana, akt zalları zəruri avadanlıqla, lazımi musiqi alətləri və dərsliklərlə təmin olunub. Nəticədə musiqi məktəbi ən müasir tələblər səviyyəsində kollektivin ixtiyarına verilib.
Açılış mərasimi məktəbin akt zalında keçirilən konsert proqramı ilə yekunlaşdı. Məktəbin şagirdləri müxtəlif alətlərdə maraqlı musiqi nömrələri ilə çıxış etdilər.
* * *
Yanvarın 25-də Bakıda əsaslı təmir olunaraq yenidən qurulan daha bir tədris ocağının - Binəqədi rayonundakı 11 saylı uşaq musiqi məktəbinin də açılış mərasimi keçirildi.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva mədəniyyətimizə, xüsusən musiqimizə dövlət səviyyəsində böyük diqqət göstərildiyini bildirdi. Qeyd olundu ki, bu diqqət sayəsində muğam sənətimiz dünya miqyasında tanınır və rəğbətlə qarşılanır, Azərbaycan musiqisi ən məşhur konsert salonlarında səslənir.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov məktəbin kollektivini təbrik etdi. Prezident İlham Əliyevin təhsilə göstərdiyi qayğıdan söz açan V.İsmayılov təhsil ocaqlarının, o cümlədən musiqi məktəblərinin əsaslı təmir və yenidən qurulması, yeni tədris müəssisələrinin inşa edilməsi sahəsində geniş işlər görüldüyünü vurğuladı.
Musiqi məktəbinin direktoru Rövşən Məmmədov məktəbin təmirinin 2012-ci ilin fevralında başlandığını və tədris ocağının yüksək səviyyədə yenidən qurulduğunu bildirdi.
Daha sonra qırmızı lent kəsildi və qonaqlar məktəblə tanış oldular. Bina 80 nəfərlik geniş konsert zalından və yeni avadanlıqla təmin olunmuş sinif otaqlarından ibarətdir. Məktəbin şagirdləri maraqlı musiqi nömrələri ilə çıxış etdilər.
Reyhan İsayeva